Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaqif məqbərəsi Şuşada milli varlığımızın pozulmaz möhürüdür

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Ali Baş Komandan kimi erməni vandalizminin 28 illik tapdağından azad edilmiş və müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyi Şuşa şəhərinə səfəri zamanı klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət etdi.

Azərbaycanın dövlət başçısı keçirdiyi qeyri-adi duyğuları ifadə edərək bildirdi ki, düz 39 il əvvəl – 1982-ci il yanvarın 14-də o zamankı Azərbaycan rəhbəri Heydər Əliyevin iştirakı ilə bu əzəmətli abidənin açılış mərasimində atası ilə birlikdə iştirak etmək ona da nəsib olub və indi əlində tutduğu şəkil də həmin anların yadigarıdır. Prezident daha sonra bildirdi ki, sovet zamanında keçmişin yüksək vəzifəli, titullu adamları xalqın düşmənləri sayılırdı və onlara ehtiram göstərmək yasaq idi. Lakin ulu öndər bu qadağaya  baxmayaraq, Azərbaycan mədəniyyətində seçilən yeri olan, Qarabağ xanının vəziri Molla Pənah Vaqifə möhtəşəm bir məqbərə ucaltmağa nail olmuşdu. 
Bu gözəl abidə milli-mənəvi dəyərlərimizin böyük hamisi Heydər Əliyev üçün olduqca əziz və dəyərli idi və buna görə də 39 il əvvəl güclü qar yağmasına, çətin aşılan dağ yollarının son dərəcə təhlükəli olmasına  baxmayaraq, o, Şuşaya gəlmiş, onun üçün önəmli olan açılış mərasimini təxirə salmamışdı. Respublika rəhbəri həmin ilin yayında da Şuşaya gəlmiş, Vaqifin məqbərəsi önündə keçirilən ənənəvi poeziya günündə də iştirak etmişdi. 
Hər iki mərasimdə atası ilə bir yerdə olmuş Prezident İlham Əliyev həmin unudulmaz anları xoş duyğularla xatırlamaqla yanaşı, vəhşicəsinə dağıdılmış məqbərənin timsalında erməni vandalizminin iyrəncliyini də dərin ağrı hissi ilə bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan rəhbəri xalqımızın yurd sevgisinin dəmir yumruğa çevrilərək işğalçının belini qırdığını, hədsiz itkilərimizin intiqamını aldığını da iftixarla yenidən vurğuladı.
Doğrudan da, cənnət Qarabağ, onun tacı sayılan Şuşa kimi, bu şəhərin hər daşı da ümummilli lider Heydər Əliyev üçün son dərəcə əziz və qiymətli idi. Ona görə də ulu öndər bu sevgini dillər əzbərinə çevrilən aforizm şəklində ifadə etmişdi: “Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur!”. Ulu öndərin böyük yolunun sadiq  və qadir davamçısı İlham Əliyev isə işğalçı Ermənistanın ali idarəçilikdə naşı və məsuliyyətsiz baş naziri Nikol Paşinyanın Şuşanın böyük dünyaya eyvanı olan Cıdır düzündə sərxoş halda,  siyasi təlxək səviyyəsində  dediyi: “Qarabağ Ermənistandır, nöqtə.”-- sayıqlamasına beynəlxalq auditoriya qarşısında yumruğunu düyünləyərək: “Qarabağ Azərbaycandır, nida işarəsi!”-- hökmü ilə cavab vermişdi. 
Çox keçmədi ki, bu yumruq xalqımızın, dövlətimizin və ordumuzun misilsiz birliyi ilə nəhəng dəmir yumruğa çevrilib işğalçı Ermənistanı düz çökdürdi. Prezident İlham Əliyev bu qələbədən 2 ay sonra Şuşaya gəlib Qarabağı, Şuşanı, Vaqifin məqbərəsini, digər müqəddəs yerlərimizi xarabaya çevirmiş vandalların başında durmuş mənfur və məğlub Koçaryan – Sarkisyan cütlüyünü bəşəri canilər kimi bir daha ittiham etdi: “Erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də ­yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb”.
Erməni vəhşiliyinə şahidlik edən məqbərənin önündə 39 il əvvəlki ehtişamı xatırlayan dövlət başçısı İlham Əliyev bildirdi ki,  bu məqbərənin açılışı tarixi hadisə idi: “Mən o günü çox yaxşı xatırlayıram. Mən, təxminən, orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi”.
Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşa ziyarəti zamanı Vaqifin indiki halında erməni vandalizmini ittiham abidəsi təsiri bağışlayan abidəsi önündə söylədikləri bu yaxınlarda Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi ilə bağlı mediada açıqladığı maraqlı bir faktı yada saldı. Diplomatın dedikləri  Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin ümummilli lider Heydər Əliyev üçün Şuşanın özü qədər qiymətli və unudulmaz olduğunu bir daha təsdiqləyir. 
Vilayət Quliyev bildirib ki, erməni işğalına qədərki Şuşanın rəmzlərindən biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı, yanvarda respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Diplomat daha sonra qeyd edib ki, 2001-ci ildə – o xarici işlər naziri olduğu dövrdə  Strasburqda ulu öndər Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub:
– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?
– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.
– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...
– Nə danışırsınız, Heydər Əliyeviç...
Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra mərhum prezident heç kəsə müraciət etmədən, sanki, öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, – dedi.
Vaqifin Şuşadakı möhtəşəm məqbərəsinin tarixi hadisə olmuş açılışından 39, səfirin xatırladığı epizoddan isə 20 il keçir. Bu tarixçəni Prezident İlham Əliyevin bugünlərdə Vaqifin məqbərəsi önündə dedikləri təntənə ilə tamamlayır: “Ulu öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi... Biz artıq Şuşanın bərpasına başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

19 Yanvar 2021 00:42 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə