Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlığın iyirmi ili

Azərbaycan Respublikasının Avropa Şurasının (AŞ) həqiqi üzvü olmasından 20 il ötür. Ötən müddət ərzində Avropa Şurası ilə sıx əməkdaşlıq münasibətlərinin yaradılması Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təkan vermişdir. Ən əsası, son 20 il ərzində Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti aparması barədə mühüm qətnamələrin qəbul edilməsinə imkan yaratmış mühüm beynəlxalq platforma kimi yadda qalmışdır. Azərbaycanın AŞ ilə münasibətlərinin yüksək səviyyədə olması və əlaqələrin gələcək inkişafı hər iki tərəfin maraqlarına tam cavab verir.

Xatırladaq ki, 1949-cu ildə təsis olunan Avropa Şurası özündə 47 üzv dövləti birləşdirən və insan hüquqlarının əsas prinsiplərini təmin edən Avropanın ən qədim təşkilatlarından biridir. Təşkilat 72 ildə öz fəaliyyət sahəsini daha da genişləndirmiş və bütün qitəyə yayılmışdır. 1949-cu il mayın 5-də Londonun Müqəddəs Ceyms Sarayında Avropa Şurasının nizamnaməsinin əsasını qoyan müqavilə 10 dövlət tərəfindən imzalanmışdı. Təşkilatın ilk sessiyaları da Strasburqda keçirilmişdi. Sonradan təşkilatın mənzil-qərargahı da məhz bu şəhərdə yerləşdirilmişdi. Qeyd etmək yerinə düşər ki, Avropa Şurasının təsis olunmasından bir neçə il keçdikdən sonra ilk mühüm konvensiya hazırlanmışdı. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyası 1950-ci il noyabrın 4-də Romada imzalanmış, 1953-cü il sentyabrın 3-dən isə qüvvəyə minmişdi. Geniş ictimaiyyət bu təşkilatı Avropa xalqlarının müxtəlif siyasi yanaşmalarını və zəruri niyyətlərini ifadə etmək üçün bir məkan kimi qəbul etmişdi. Buna görə də, 1949-1970-ci illər arasında 8 yeni dövlət Avropa Şurasına üzv olmuşdu. Bundan sonra təşkilat öz strukturunu və əsas institutlarını genişləndirmişdi. 
Heç kimə sirr deyil ki, müstəqilliyinin ilk illərində ciddi daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilatın tam hüquqlu üzvü olmaq üçün çətin bir yol qət etmişdi. Xatırladaq ki, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərin tarixi 1992-ci ildə başlamışdı. İki sonra, daha dəqiq desək, 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə edildiyi qətnamə qəbul olunmuşdu. 1995-ci il fevralın 3-də AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan tövsiyəyə uyğun olaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərarını 28 iyun 1996-cı il tarixində açıqlamışdı. 26-28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyasında Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdi. Ölkəmizin Avropa Şurasının tamhüquqlu üzv qəbul olunmasına dair qərar isə 17 yanvar 2001-ci ildə qəbul olunmuşdu. 2001-ci il yanvarın 25-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmişdi. Məhz həmin dövrdən qurumun binasının qarşısında dövlətimizin bayrağı dalğalanır. Tamhüquqlu üzv olduqdan sonra Azərbaycan bu mühüm beynəlxalq təşkilatda genişmiqyaslı, milli maraqlara söykənən güclü fəaliyyətə başlamışdı. 
Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra 14 may 2014-cü il tarixdə ilk dəfə altı ay ərzində təşkilatın Nazirlər Komitəsinə sədrlik etmişdir. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməmiş, üzv ölkələrlə və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışmışdı. Avropa Şurasının gündəliyində dayanan aktual məsələlər, üzv dövlətlərin üzləşdiyi təhdidlər, müsbət təcrübə və ölkəmizin müxtəlif üstünlükləri nəzərə alınmaqla, Azərbaycanın sədrliyinin prioritetləri – korrupsiya ilə mübarizə, mədəniyyətlərarası və dinlərarası dialoq, sosial həmrəylik və sosial dayanıqlıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Bu prioritetləri dəstəkləmək məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilmişdi. Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, İctimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 
Azərbaycanın AŞ-yə daxil olması ölkəmizin Avropa demokratik dəyərlərinə daha sıx qovuşmasını sürətləndirmiş, siyasi və icraedici dövlət qurumlarının islahatlarını da şərtləndirmişdi. Xüsusilə də 2003-cü il yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilməsi Azərbaycanın təşkilat daxilində qazandığı bir sıra uğurları möhkəmləndirmişdi. Cənab İlham Əliyevin bu vəzifədəki ilk addımı beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırmaqdan ibarət olmuşdu. Müzakirələr zamanı Ermənistanın işğalçılıq siyasəti qınanmış və erməni işğalının bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bildirilmişdi. Prezident İlham Əliyev Avropa Şurasının əhəmiyyətini belə qiymətləndirir: “Avropa Şurası o təşkilatdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib. O qətnamədə Ermənistanı işğalçı dövlət kimi ifşa edib. İlk dəfə olaraq hansısa erməni qüvvələri, yaxud ermənilər yox, məhz “Ermənistan” yazılıb! Qeyd olunub ki, Avropa Şurasının bir ölkəsi Avropa Şurasının digər ölkəsinə qarşı təcavüz edib. Bu təcavüz nəticəsində 20 faiz torpaq işğal altına düşüb, 1 milyondan artıq qaçqın-köçkün yaranıb”. 
Azərbaycan rəhbərliyinin davamlı və sistemli fəal siyasəti nəticəsində nüfuzlu beynəlxalq təşkilatda Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması faktı etiraf edilərək təsdiqlənmişdi. 
Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduqdan sonra demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti quruculuğu yolunda böyük nailiyyətlər əldə etmişdir. Avropa Şurasının tam hüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və bu əməkdaşlığı gündən-günə möhkəmləndirən Azərbaycan insan hüquqlarının qorunması, demokratik proseslərin inkişafı, qlobal problemlərin həllinə kömək göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl olunması kimi prinsipləri həmişə rəhbər tutur. Bundan başqa, təşkilata üzv olan dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrin mövqelərinin yaxınlaşması və qarşıya çıxan problemlərin həlli üçün də əlverişli zəmin yaradır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə əməkdaşlığı genişləndirmək üçün praktiki addımlar atır. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəniyyəti ilə Ümumavropa ailəsinin zənginləşməsinə öz töhfəsini verir. 
Doğrudur, bəzi hallarda AŞPA ölkəmizdə baş verən bəzi hadisələrə obyektiv yanaşmır, lakin, bu, müəyyən şəxslərin qərəzli münasibətinə görədir. Azərbaycan bu barədə dəfələrlə isə etirazını bildirmiş və öz fikrini müvafiq qurumlara çatdırmışdır. Ümumilikdə Azərbaycanın AŞ ilə münasibətlərinin yüksək səviyyədə olması və əlaqələrin gələcək inkişafı hər iki tərəfin maraqlarına tam cavab verir. 

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

19 Yanvar 2021 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə