Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyində kollegiya iclası

Yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. 

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədəki epidemik vəziyyətlə əlaqədar videokonfrans formatında keçirilən iclasda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri olub. Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpa olunub. Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib. Onlardan 65 nəfəri şəhid olub, 347-si yaralanıb.  
General-polkovnik Vilayət Eyvazov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il ümumilikdə 26 min 4 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub. 
Qeyd olunub ki, 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış  tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.
Məruzəçi 102 Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2288 cinayətin “isti izlər”lə, eləcə də “Təhlükəsiz Şəhər” sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını vurğulayıb.  
Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. 
Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.  
İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov 2020-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.
Sonda general-polkovnik Vilayət Eyvazov nazirlik sistemində maddi-texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli kömək göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib. Nazir əminliklə qeyd edib ki, daxili işlər orqanları qanunla müəyyən olunmuş vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək.

 

19 Yanvar 2021 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə