Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gənci döyüş meydanında öz gücünü ortaya qoydu

Vətən müharibəsinin başlaması ilə bir çox gənc kimi, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı da Vətənimizin müdafiəçisi kimi düşmənə qarşı mübarizədə ön cəbhədə yer aldı. İndiyə kimi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında bir çox gənclərlə informasiya mübarizəsində fəallıq göstərən həmsöhbətim bu dəfə əldə silah işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak edib. Həmsöhbətim bildirir ki, möhtəşəm qələbəmiz rəşadətli qazilərin, canlarını fəda etmiş şəhidlərimizin igidliyi, mətinliyi sayəsində qazanıldı. 

Şahin Rəhmanlı 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti sayəsində dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi, Qələbə müjdəsinin fonunda öz təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdü: 
– Qələbəni şərtləndirən əsas amillər sırasında əsgərlərimizin ruh yüksəkliyini, Vətənə olan sevgisini və qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirmək əzmini xüsusi qeyd etmək istərdim. Hər bir əsgərimiz yalnız irəli getmək, torpaqlarımızın azad olunması uğrunda şücaət göstərmək əzmində idi. Bəzən sözlərlə cəbhədəki əhval-ruhiyyəni tam şəkildə təsvir etmək olmur. 
 Həqiqi hərbi xidmətimi Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində NATO`nun Qətiyyətli Dəstək Hərəkatı çərçivəsində Əfqanıstan İslam Respublikasında keçmişdim. Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim, artilleriya 
(M46 top) qoşun növündə, batereyanın baş çavuşu kimi xidmət etdim. Hər bir döyüş anı mənim üçün çox əzizdir. Yeri gəldikdə, döyüş yoldaşlarımıza kömək edir, atış səngiməsin deyə, mərmini tək götürməyə çalışırdıq. 
Mən Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının bir çox kənd, qəsəbə və rayon mərkəzlərində oldum. Həmin ərazilərdən didərgin salınmış soydaşlarımızın evlərinin, mədəni abidələrin, məscidlərin necə dağıdıldığını, xaraba qoyulduğunu görəndə göz yaşlarını saxlamaq mümkün deyildi. Düşmən özü də başa düşürdü ki, bu torpaqlar onların deyil, gec-tez burdan gedəcəklər. Ona görə də hər yanı dağıdıb, xaraba qoyublar, bu mənzərədən adamın ürəyi parçalanırdı. Lakin şanlı bayrağımızın dalğalandığını görəndə, sevinir, qürur hissi keçirirdik ki, nəhayət uzun illərdən sonra torpaqlarımız düşmən tapdağından azad olunub və artıq rahat nəfəs ala biləcək. 
Düşmənin ağ bayraq qaldıraraq, təslim olması ilə Azərbaycan Ordusu qələbə qazandı. Bu Qələbə xəbərini eşitməyimiz əsl bayram idi. Həmin gün gərgin döyüşlər gedirdi, biz mövqelərə mərmi gətirmişdik. Qələbə xəbərini də elə mərmiləri maşınlardan boşaldarkən aldıq. 
Qələbənin qazanılmasında cənab Ali Baş Komandan İlham Əliyevin böyük siyasətçi, dövlət başçısı olaraq yürütdüyü müdrik siyasətin mühüm rolu var. Burada dövlətimizin yürütdüyü gənclər siyasəti də xüsusi vurğulanmalıdır.
Məhz həmin siyasətin nəticəsidir ki, savadlı, bacarıqlı, zəkalı, vətənsevər Azərbaycan gənci bu dəfə həm də döyüş meydanında gücünü ortaya qoydu. 
Cənab Ali Baş Komandanın güclü iradəsi və əzmi düşməni və onun havadarlarını siyasət meydanında məğlub etdi. Əsgərimizə güc verən, onu motivasiya edən və qələbəmizi şərtləndirən həm də elə bu idi. 
Fəxr edirəm ki, “İrəli” İctimai Birliyinin komandası və üzvləri də 44 günlük müharibə dövründə fəallıq göstərdilər, cəbhədə baş verən mübarizə və yenilikləri obyektiv şəkildə sosial şəbəkələrdə dünyaya çatdırdılar. Odur ki, informasiya müharibəsində “İrəli” komandasının da öz töhfəsini verməsi alqışa layiqdir. Torpaqlarımızın azadlığından sonra da “İrəli” təşkilatı olaraq, gənclərin sağlam, beynəlxalq rəqabətədavamlı, həmçinin vətənpərvər ruhda yetişməsi üçün tədbir və layihələri davam etdirəcəyik. 
Bundan sonra da dövlət gənclər siyasətinin müddəalarını ana xətt kimi qəbul edib, bu istiqamətdə yorulmadan fəaliyyət göstərəcəyik. İndiyədək, ölkəmizin hər bir bölgəsində layihələr təşkil etmişik. İstəyirik ki, bundan sonra Qarabağın azad edilmiş bölgələrində gənclər üçün düşərgələr yaradaraq, ekoloji və info turlar həyata keçirək. Arzu edirəm ki, Azərbaycan gənclərinin təşəbbüsü ilə Qarabağın hər bir bölgəsində, Şuşada, Kəlbəcərdə, Laçında, Xocavənddə bir-birindən maraqlı və faydalı tədbirlər təşkil edək, dünyaya səs salan müxtəlif beynəlxalq layihələrə imza ataq. Qələbənin qazanılmasında ön və arxa cəbhədə fədakarlıq göstərmiş hər bir kəsi təbrik edirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onları əsl vətənpərvər kimi yetişdirən valideynlərin əllərindən öpürəm. Qoy onlar bilsin ki, bütün xalqımız şəhidlərimizə borcludur. Onların sayəsində bu gün biz azadıq, güclüyük. Azərbaycan dövlətinə və gəncliyinə yalnız Zəfər dolu günlər yaraşır.

 

Söhbəti qələmə aldı,
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

19 Yanvar 2021 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə