Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik”

Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. 
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 


Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyü 30 il ərzində respublikamızın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal etmiş, 1 milyona yaxın soydaşımızı doğma yurdundan didərgin salmış, işğal altındakı torpaqlarımız düşmən tərəfindən talan edilmiş, həmin yerlərdə qeyri-qanuni məskunlaşdırılma aparılmış, tarixi və mədəni irsimiz dağıdılmışdır. 

Azərbaycan ötən dövrdə münaqişənin dinc yolla həllinə maraq göstərmişdir. Düşmən dövlət isə ərazilərimizin ilhaq edilməsi məqsədilə işğalın nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl məkrli addımlar atmış, qəsbkar münaqişənin siyasi həlli əleyhinə yönələn təxribat xarakterli bəyanat və hərəkətlərə üstünlük vermiş, Azərbaycanın bütün cəbhə boyu əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmuşdur. Nəhatət, işğalçının ötən il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur olmuşdur. 


“44 günlük müharibənin hər bir günü zəfər günü idi”

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 14-də Şuşa şəhərində hərbçilərlə görüşü zamanı vurğuladığı kimi, əslində Azərbaycan XXI əsrin müharibəsi olan 44 günlük savaşa hazırlaşırdı: “Biz bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq”. 
Azərbaycan 44 gün ərzində haqq-ədalət müharibəsi apardı. Ordusmuz ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq, habelə vətəndaşlarımızın mühafizəsini və təhlükəsizliyini təmin etmək məqsədilə savaşda beynəlxalq humanitar hüquqa üstünlük verdi. Silahlı Qüvvələrimiz erməni əsilli Azərbaycan vətəndaşlarını və mülki infrastrukturu hədəfə almadı. 
Burada mühüm bir məqamı da vurğulamaq istərdik. Düşmən ölkə Azərbaycan ərazilərini ələ keçirərək, beynəlxalq ictimaiyyətin tələblərini, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, ərazilərimizdən çıxmaqdan imtina edirdi. Qəsbkar döyüş meydanında Silahlı Qüvvələrimiz tərəfindən aldığı ağır məğlubiyyətlərn əvəzini çıxmaq məqsədilə Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi böyük şəhərlərini ballistik, habelə kasetli silahlar da daxil olmaqla, ağır artilleriya və raketlərlə qəsdən hədəfə alır, amansız terrorlar törədirdi. 
Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu müharibədə dünyanın ən güclü orduları sırasında yer aldığını təsdiqlədi. Vətənpərvər, güclü, milli ruhda tərbiyə alan gənc nəsil–əsgər və zabitlərimiz xalqımızı Qələbəyə qovuşdirdu və Azərbaycan tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev Şuşaya səfər çərçivəsində Cıdır düzündə olarkən bu barədə dedi: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi...”. 


Azərbaycan Ordusu müharibədə dünyanın ən güclü orduları sırasında yer aldığını təsdiqlədi


Son 17 ildə Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Əməkhaqları müntəzəm olaraq artırılıb. Ordumuzun silah-sursat, texnika ilə təchizatı da ən yüksək səviyyədə reallaşıb. 
Bütün bunların nəticəsində hazırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Silahlı Qüvvələrimizin qüdrəti hələ Aprel və Tovuz döyüşləri, habelə Günnüt əməliyyatı zamanı özünün bir daha təsdiqini tapdı. Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər də ordumuzun həm canlı qüvvəsinin, həm də hərbi texnikasının gücünü sübut etdi. 
Dövlətimizin başçısı dəfələrlə çıxışlarında erməni hiylə və məkrindən danışaraq, onların beynəlxalq aləmdə daim dəstək almalarına öyrəşdiklərini vurğulayıb, bunun səbəbini isə dünya erməniliyi və onların havadarlarının, islamofob dairələrin, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malik olmaları ilə əlaqələndirib. Bildirib ki, işğalçı dövlətin xarici ölkələrdəki havadarları hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini dəstəkləyiblər, respublikamız haqqında məkrli yalanlar yayıblar, hətta azərbaycanlıları təcavüzkar kimi göstərməyə çalışıblar və bu, hazırda da davam etdirilir. Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək artıq çox çətindir. Çünki hazırda qeyri-ənənəvi mətbuat vasitələri, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə hazırda erməni dairələri informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Azərbaycan isə haqq yolundadır. Həm beynəlxalq hüquq, həm tarixi ədalət baxımından ölkəmiz haqqın tərəfindədir. 
Azərbaycana qarşı bu ədalətsizliyi Vətən müharibəsinin getdiyi günlərdə, Silahlı Qüvvələrimizin inamla irəlilədiyi bir vaxtda BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Fransanın təşəbbüsü ilə Azərbaycana növbəti təzyiq cəhdində də gördük. Belə ki, TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş qapalı iclasdan sonra Fransanın təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından bəyanat layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 dövlət - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təkid etdilər.
Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur qaldılar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana olan təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alındı. “Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk”– deyə, Prezident İlham Əliyev bu barədə bildirdi.
Beləliklə, işğalçı və işğala məruz qalan ölkə arasında fərq qoyulmayan, haqsızın tərəfini tutan, ədalətsizliyə meydan açan bir bəyanat layihəsi elə kağız üzərində də qaldı. Ermənistan və onun havadarlarının bu təzyiqi heç bir nəticə vermədi, Azərbaycanın uğurlu diplomatiyası bəyanat layihəsinin reallaşmasının qarşısını layiqincə aldı.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Azərbaycanın bəzi müxalifət nümayəndələri tərəfindən ölkəmizin Qoşulmama Hərəkatı ilə münasibətləri daim əhəmiyyətsiz sayılır, respublikamızın bu qurumun fəaliyyətindən heç nə əldə etməyəcəyi vurğulanırdı. Amma zaman onların yanlış düşündüklərini, bütün məsələlərdə olduğu kimi, bu yanaşmada da qərəzli olduqlarını göstərdi. Sözügedən qətnamənin qəbulunun qarşısının alınmasını məhz adı çəkilən Qoşulmama Hərəkatı üzvlərinin uğurlu fəaliyyətləri şərtləndirdi. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasında ədalətsiz bəyanatın qəbul edilməsinə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən imkan verilməməsi, eyni zamanda, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. 
Azərbaycan Ordusu irəlilədikcə, rayonlarımızı azad etdikcə bütün diqqətlər Şuşaya yönəlirdi. Hər bir azərbaycanlı səbirsizliklə Şuşanın azad edilməsi barədə xəbəri gözləyirdi. Hələ oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sulını cavablandırarkən demişdi: “İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi”.
Hərbi əməliyyatların gedişində bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü gözləyirdi. Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, musiqimizin beşiyi, qürur ünvanımız Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyev həmin gün and yerimiz olan Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”


Böyük qayıdış üçün bütün işlərə start verilib


Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək.
Bu barədə Prezident İlham Əliyev yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Prezident İlham Əliyev qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

19 Yanvar 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə