Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sən olasan gülüstan! Sənə hər an can qurban”, Şuşam!

Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə ­edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Əvvəla, günümüzün reallıqlarını əks etdirən dörd  xüsusi məqamı yada salmaq istərdim. Birincisi, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşərkən Qələbə münasibətilə  ona xatirə hədiyyəsi təqdim etdi. Dedi ki, bu, qələbəni əks etdirir: “Burada Bismillahir Rəhmanir Rəhim”  yazılıb. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə (s.)kəlamları var”. 

Dövlət başçımız yenə də dostlarımızı sevindirən, düşmənimizi xar edəcək ifadələrlə milyonların diqqətini cəlb etdi: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var!” Fikrimizcə, bütün tarixi boyu xülyalarla, nağıllarla yaşamış ermənilərin revanş xülyasına bundan yaxşı cavab ola bilməzdi.
İkincisi, On illər boyu düşmən işğalında olan Qarabağın yağı tapdağından azad edilməsi təkcə dərsliklərdə deyil, eləcə də müxtəlif formatlı təqvimlərin hamısında ciddi dəyişikliklər edilməsinə səbəb oldu. İndi artıq kitablarda və təqvimlərdə Ağdamın, Füzulinin, Kəlbəcərin, Laçının... işğal edildiyi günlərin ildönümü deyil, işğaldan azad edildiyi günlər göstəriləcək. Təkcə 20 Yanvar faciəsinin ildönümü bütün nəşrlərdə qalacaq və o faciə ilə bağlı təsəllimiz də məhz Qarabağın azad edilməsi ilə birlikdə yarandı. Dövlət başçımız qürurla dedi ki, şəhidlərimizin heç birinin qanı yerdə qalmadı. Bəli, 20 Yanvar şəhidlərimiz də məhz ölkəmizin bugünkü təntənəsi naminə canlarını fəda eləmişdilər. 
Üçüncüsü, biz bu gün dövlət himnimizdəki “Sən olasan Gülüstan, sənə hər an can qurban!” ifadələrinin günün reallığına çevrildiyinin şahidləriyik. Əsgər və zabitlərimiz “Sənə hər an can qurban!” – ifadəsinin səmimiyyətinə bütün dünyanı inandırdılarsa, cənab Prezident də o müqəddəs atributumuzdakı “Sən olasan Gülüstan!” ifadəsini məhz dünyanın gözü qabağında reallaşdırmaqdadır.
Dördüncüsü: Prezident İlham Əliyev 2003-cü ildən bəri dəfələrlə bəyan etmişdi ki, biz bu münaqişəni sülh yolu ilə, Minsk qrupu çərçivəsində aparılan danışıqlarla həll etmək istəyirik: “Ancaq lazım gələrsə, biz öz dövlətimizin ərazi bütövlüyünü istənilən yolla, o cümlədən hərbi əməliyyatlarla da bərpa edəcəyik!” Prezidentin həmin tezisinə qarşı düşmən tərəfin necə zəvzəməsi bizi o qədər də narahat etmirdi. Ancaq öz aramızdakı zəvzəklərin, düşmən dəyirmanına su tökənlərin “Lazım niyə gəlib çıxmadı?”, “Lazım Lənkərandadır”, “Lazım gəlsəydi, işimizi bilərdik” kimi ifadələrlə şərəfsizcəsinə gündəlikdə qalmaq istəyi ürək bulandırırdı. O zəvzəklər də gorbagor oldular. Son günlər həmin tezislə çıxış edənlərin heç birinin səsi çıxmır. 
Qərəz, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin gülüstana çevrilməsi istiqamətində konkret planların reallaşdırılmasına start verib. Prezident İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli – Şuşa yolunun, həmçinin Füzuli hava limanının təməllərini qoyması bundan xəbər verir. Xatırladaq ki, Füzuli hava limanının uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq. Yəni bu hava limanı da ölkəmizdəki digər hava limanları kimi beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Dövlət başçımızın, birinci xanım ­Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olması, orada gecələmələri isə dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağı kimi tarixə yazıldı. 
Dövlət başçımız Şuşaya gedəndə hələ yolda olarkən yada saldı ki, Füzuli – Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və buradan İsa bulağına yol çəkiləcək. Yəni tezliklə Şuşa abadlaşdırılacaq və sərxoş təlxəyin rəqs etmək istədiyi məkanda yerin əsl sahiblərinin -- Azərbaycan türklərinin toy-bayramı təşkil ediləcək, muğamlar səsləndiriləcək.
Dövlət başçımızın istənilən çıxış və nitqlərinin, hətta söhbətlərinin də müasir tariximizə yazıldığını hamı yaxşı bilir. Elə cənab Prezidentin özü də Füzuli hava limanı haqqında danışarkən məhz həmin amili nəzərə almışdır: “ Yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli --Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.
Fikrimizcə, işğaldan azad edilmiş ərazilərin gülüstana çevrilməsi prosesinə bilavasitə Şuşadan başlanılması böyük uzaqgörənlik nümunəsidir. Bu şəhərin Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də böyük rəmzi məna daşıyır. Dövlət başçımız xatırlatdı ki, Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi... “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, -- cəmi 44 gün ərzində, -- bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

 

Təkcə 44 günlük müharibə dövründə deyil, ümumiyyətlə, 2003-cü ilin payızından bugünədək bütün çıxışlarında Azərbaycan Ordusuna güvəndiyini, əsgərlərimizin peşəkarlığına inandığını daim, dönə-dönə vurğulayan Prezident Şuşada Azərbaycan Bayrağını qaldırdıqdan sonra da əsgərlərimizə xüsusi müraciət səsləndirdi: “Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”.
Bu sətirləri qələmə alarkən xüsusilə qeyd etmək istədiyim  məqamlardan biri də uzun illər milli mədəniyyətimizin təəssübkeşlərini narahat edən, milli dövlətçiliyimizin bədxahlarının isə siyasi spekulyasiya vasitəsi kimi istifadə etdikləri “gülələnmiş heykəllər” məsələsidir. Belə ki, bu sətirlərin müəllifi də daxil olmaqla mədəniyyət təəsübkeşlərimizin böyük əksəriyyəti uzun illər İncəsənət Muzeyinin həyətində saxlanılan həmin heykəllərin bərpa edilərək, paytaxtın park və xiyabanlarından birində ucaldılmasını arzu edir və yazırdıq. Ancaq hansı addımın nə vaxt, necə atılmalı olduğunu dövlət başçımız yaxşı bilirdi. Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bədxahlarımız həmin qətiyyətə də ağız büzmüşdülər. 
Nəticə göz qabağındadır. Dövlətimizin başçısının o  sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Fikrimcə,  Prezident həmin heykəlləri “ata yurdlarına qaytardığını” deyəndə, nəinki o böyük sənətkarların  ruhu  sevindi, həm də Şuşanın dağları, dərələri səksənib oyandı: “Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm”.
Bütün bunlar yanvarın 14-də şahidi olduğumuz faktlar, eşitdiyimiz fikirlər idi. Sən demə, səfərin ən gözəl məqamları ilə ertəsi gün tanış olmalıyıqmış. Prezident yanvarın 15-də -- Qarabağın səfalı və əsrarəngiz bir səhərində mətbuat təmsilçilərinə dedi: “Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir”.
Getməyəcəyik, cənab Ali Baş Komandan! Biz Şuşada daimi və əbədi qalacağıq. Çünki Qarabağ Azərbaycandır! Böyük istiqlal şairimiz Əhməd Cavadın “Sən olasan gülüstan…” arzusunu min qat reallaşdıracağıq. Çünki dövlətimiz qüdrətli, gücümüz tükənməz, arzumuz böyük, liderimiz isə qətiyyətlidir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

19 Yanvar 2021 00:13 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə