Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ hekayələri” kitabının Bişkekdə təqdimatı keçirlib

Azərbaycan yazarlarının kiçikhəcmli nəsr əsərlərindən ibarət “Qarabağ hekayələri” toplusu qırğız dilində gün üzü görüb. Kitabın tərtibçiləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xalqlararası koordinatoru, şair-tərcüməçi Altınbek İsmayıldır.

Topluda 13 Azərbaycan yazarının Qarabağ münaqişısi mövzusunda qırğızcaya uyğunlaşdırılmış 14 hekayəsi yer alıb. Kitabın baş redaktoru və “Önsöz”ün müəllifi Qırğız Milli Yazıçılar Birliyinin başqanı, şair-tərcüməçi Nurlan Kalıbekov, “Təqdim” yazısının müəllifi Qənirə Paşayevadır.

2 cildlik nəşrin redaksiya heyətinə Azərbaycanın Qırğız Respubliaksındakı Səfiri Hidayət Orucov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət işçisi, şair-tərcüməçi Nurlan Kalıbekov, şair-tərcüməçilər Kubançıbek Arkabaev, Bekbolat Sarıbay daxildir. Kitabı qırğızcaya tanınmış yeni nəsil şair-tərcüməmiləri Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmayıl uyğunlaşdırıblar. Kitabın rəssamı Samat Asılkerimovdur. Toplu “Uluu Toolor” NPM-də nəşrə hazırlanıb.

Bugünlərdə keçirilən onlayn təqdimatda hər iki ölkədən 20-ə yaxın ziyalı iştirak edib. Virtual mərasimdə tanınmış terk yazıçısı, “Qarabağ hekayələri” kitabının Türkiyədə, başqa türk ölkə və toplumlarında nəşrində böyük zəhməti olan İmdat Avşar da çıxış edib.

Təqdimatda çıxış edən tərcüməçilər və redaktor kitabın çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini və hətta oxuduqca ağladıqlarını dilə gətiriblər. Onlar vurğulayıblar ki, bu hekayələrin qırğız dilində nəşr olunması Azərbaycan haqqında, son 30 ildə Qarabağda baş verən faciəli hadisələrlə bağlı bölgədə baş verənlərin Qırğızstanda daha aydın başa düşülməsinə yardım edəcək.

Milli Məclisin deputatı Cavanşir Feyziyev təqdimat mərasimində çıxış edərək Qarabağ mövzusunu Qırğızstan oxucularına yaxından tanıdacaq bu kitabın çap olunmasına rəhbərlik etdiyinə görə Qırğızstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova xalqımız adından minnətdarlığını bildirib. Cavanşir Feyziyev son aylarda Azərbaycan Ordusunun Qarabağda apardığı hərbi əməliyyatlar zamanı qırğız gənclərinin sosial şəbəkələrdəki fəal həmrəyliyini yüksək qiymətləndirib və Azərbaycanın haqq işində göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib.

Deputat soydaşımız daha sonra bildirib ki, Azərbaycanda da Qırğızstanda baş verən siyasi hadisələr diqqətlə izlənir və biz qardaş qırğız xalqına sülh və əmin-amanlıq arzulayırıq. Cavanşir feyziyev 2019-cu ildə Qırğız yazarlarının Bakıya səfərini xatırladaraq, pandemiya məhdudiyyətlərindən sonra onları artıq işğaldan azad olunmuş Qarabağa səfərə dəvət edib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, kitabın redaksiya heyətinin üzvləri və nəşrin işıq üzü görməsində əməyi olan ziyalılar çıxış edib, ürək sözlərini bölüşüblər. Onlar mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinin qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə yaxınlaşmalar üçün möhkəm zəmin yaratdığını vurğulayıblar.

R.TAHİR,
“Xalq qəzeti”

19 Yanvar 2021 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə