Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qars şəhərindəki baş konsulluğu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə yerli hakimiyyət orqanlarının və siyasi partiya şöbələrinin təmsilçiləri, İğdır ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Qarda açan qərənfillər” adlı film nümayiş olunub.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər.

Qanlı 20 Yanvar faciəsinin törədilməsinin səbəb və məqsədləri barədə müfəssəl məlumat verən baş konsulu Nuru Quliyev diqqətə çatdırıb ki, ermənilərin Azərbaycana əsassız ərazi iddialarına qarşı çıxan xalqımız keçmiş sovet rəhbərliyinin düşmən mövqeyi ilə üz-üzə qalıb. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının günahsız övladlarının qanı tökülüb. Hadisələrdən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev etiraz səsini ucaldaraq bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib.

Ziya Zakir Acar və Ali Kamal Ayaz çıxışlarında bildiriblər ki, o dövrdə sərhədlər bağlı olduğu üçün ümumi məlumatsızlıq olsa da, bütün Türkiyə ictimaiyyəti Azərbaycanda baş verən prosesləri böyük narahatlıqla izləyib, dar gündə doğma qardaşlarına kömək əllərini uzatmağa hazır olublar.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlər pislənib. Diqqətə çatdırılıb ki, bu hadisələr faciə olsa da, Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz doğma torpağına görə canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

18 Yanvar 2021 17:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə