Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarın 19-da gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 19-da  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Yanvarın 19-da Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 19-dan 21-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, arabir yağıntılı, küləkli keçəcəyi və havanın temperaturunun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək  çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

18 Yanvar 2021 14:34 - EKOLOGİYA
EKOLOGİYA
15 Fevral 2021 | 18:02
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə