Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-nin zəfərini 220 il gözlədik

Hər bir xalq tarixi keçmişinin ağrılı-acılı və eyni zamanda, sevincli-fərəhli illərinin hesabatını aparır. Bu hesabat tarixdən dərs almaq və keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq üçün lazımdır. Bu gün Azərbaycan da tarixin hesabatını verir. Zamanın sevincli, qürurlu günlərini yaşayırıq. Ancaq son 220 ilin ağrılı-acılı illərini unutsaq tariximiz təkrarlanacaq. Qısaca olsa da, son 220 ilin xronikasına nəzər yetirsək indiyədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik. Son 200 illik ağrılı-acılı tariximizi 7 mərhələyə bölmək olar. 2020-ci il isə yeni tariximizin yeni mərhələsidir: - Qalib mərhələsi!

I mərhələ. Bu mərhələni ermənilər üçün “yeni vətən” yaradılması mərhələsi adlandırmaq olar. Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsindən başlamışdır. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında imzalanan Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, bütün Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılmışdır.

1827-ci il iyunun 26-da rus qoşunları Naxçıvan şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən sonuncu Şimali Azərbaycan xanlıqları İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-də I Nikolay “Erməni vilayəti”nin yaradılması haqqında fərman imzaladı. 1829-1832-ci illərdə “Erməni vilayəti”ndə keçirilən kameral siyahıyaalmanın nəticələrinə görə, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdür. Rusiya-İran (1826-1828), Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. Həmin dövrdə “Erməni vilayəti”ndə mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşadılar. İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirilmişdilər. Ermənilər, İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəhbərlik edən rus ordusunun erməni əsilli polkovniki Lararevin yazdığı kimi, özlərinə Azərbaycan torpaqlarında “yeni vətən” əldə edirdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürülüb yerləşdirilmişdi.

II mərhələ. Bunu “səssiz soyqırımı” mərhələsi də adlandırmaq olar. XIX əsrin 90-cı illərində Türkiyədə baş verən erməni üsyanları nəticəsində 300 minə yaxın erməni Qafqaza köçüb gəlmiş, region qan çanağına dönmüşdü. “Daşnaksütyun” və “Hnçak” partiyaları XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək, fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirmişdilər.

Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda yeni erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir. Sırf ermənilərdən ibarət anklavlar məhz o zaman yaranmışdı.

1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar XIX-XX əsrlərdə azərbaycanlıların məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin bir mərhələsidir. Bu qırğınlar ermənilərin Cənubi Qafqazda özlərinə dövlət qurmaq üçün yeni torpaqlar əldə etmək məqsədilə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi və ilk mərhələsi hesab edilir.

III mərhələ. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətləri soyqırımı kimi xarakterizə edilir. Çünki həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi.

Rusiyada 1917-ci il noyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqını da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırımına məruz qoymuşdu. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində “türksüz Ermənistan” dövləti yaratmaqdan ibarət idi.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunasının daşnak-bolşevik silahlı qüvvələri tərəfindən əksinqilabçılarla mübarizə pərdəsi altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilmişdi. Mart-aprel-may aylarında Bakıda Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımız ən vəhşi üsullarla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi.

1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilmişdir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilmişdir.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 9 min kvadratmetr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdü, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə, Basarkeçər bölgəsi istisna olmaqla Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən, türk qoşunlarinin Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.

Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli “Birləşmiş Ermənistan” yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. 1918-1920-cu illərdə Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 217 kənd bütövlüklə dağıdılmış, əhalisinin xeyli hissəsi erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Təkcə İrəvan quberniyasında 300-dən artıq, Qars vilayətində isə 100-ə yaxın kənd dağıdılmış, əhalisi soyqırımına məruz qoyulmuşdur. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevrilmişdir. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlı qalmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinin tədqiqi məqsədi ilə Nazirlər Şurası iyulun 15-də bu faciənin Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Yalnız 80 ildən sonra, ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırımı faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

IV mərhələ. Tarixə azərbaycanlıların 1948-1953-cü illər deportsiyası kimi yazılsa da, əslində, bu, sözün həqiqi mənasında, sürgün idi.

Sovet Ermənistanında 30-cu illərdə 50 mindən artıq azərbaycanlı repressiyaya məruz qoyulmuş, onların xeyli hissəsi Qazaxıstana və Orta Asiyaya sürgün edilmişdi. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın – azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.

İkinci dünya müharibəsinin sonlarında SSRİ Türkiyəyə qarşı ərazi iddiası irəli sürmüşdü. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin hücum etmək planları üst-üstə düşürdü. İ. Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin SSRİ-nin Türkiyədən qoparmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Bu məsələni xaricdən Ermənistan ərazisinə ermənilərin köçürülüb gətirilməsi yolu ilə həll etmək istəyirdilər.

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul etdi.

Artıq 1946-cı ilin əvvəlində 130 min erməni Ermənistana köçmək arzusunda olduğunu bildirmişdi. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov xaricdən ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini Moskva qarşısında qaldırmışdı. Mircəfər Bağırov ermənilərin bu iddiasına cavab olaraq Moskvaya bildirmişdi ki, o, Şuşa istisna olmaqla, Arutyunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. Ümumiyyətlə, 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni köçürülmüşdü.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Bu qərarın icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında və Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.

V mərhələ. Bu mərhələni Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinin başa çatdırılması adlandırmaq olar.

Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən var gücü ilə işə salınmışdı. Uydurma “erməni soyqırımı”nın 50 illiyinin qeyd edilməsi haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı. Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə məqsədilə Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs – Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri “Daşnaksütyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar. 1988-ci il fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız azərbaycanlıları, adətən, çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!”. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisian və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 kvadratkilometr təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv. km) təqribən 3 min kvadratkilometr artıqdır.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

VI mərhələ 1991-1994-cü illəri əhatə edən bu mərhələni, əslində, “arxalı köpək qurd basar” adlandırmaq da olar.

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünsüzlüyünü dərk edən Ermənistan muxtar vilayətin ərazisində yaratdığı silahlı dəstələr vasitəsilə ərazi iddiasını gerçəkləşdirməyə başlamışdı. Düşmən Dağlıq Qarabağ ərazisində olan SSRİ silahlı qüvvələrinin silah-sursatından istifadə edirdi. 1989-cu il yanvarın 19-da DQMV-də Arkadi Volskinin rəhbərliyi altında yaradılan Xüsusi İdarə Komitəsi ermənilərin ərazi iddialarının gerçəkləşdirilməsinə yardım edirdi. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan, Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlamışdı. Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirir, etnik təmizləmə və soyqırımı həyata keçirirdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistanın əsassız ərazi iddiası 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak, 50 min nəfər əlil olmuşdur.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdır.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etsə də, onun reallaşdırılması üçün konkret addımlar atılmadı.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə hərc-mərcliyə son qoyuldu, nizami ordu yaradıldı, 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək üçün neft müqavilələri imzalandı. Azəbaycanın beynəlxalq aləmdə mövqeləri gücləndi.

Lakin münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 28 il ərzində heç bir konkret addım atmadı. Ermənistan status-kvonu saxlamaq üçün danışıqlar prosesini süni surətdə uzadırdı. Ermənistan xaricdən erməni ailələrini köçürüb işğal edilən ərazilərdə yerləşdirir, onun yeraltı və yerüstü sərvətlərini talayırdı. Prezident İlham Əliyev münaqişənin qan tökmədən, ərazimizin danışıqlar yolu ilə azad edilməsi üçün səbirlə danışıqlar aparırdı. Lakin havadarlarına arxalanan Ermənistan torpaqları azad etmək istəmirdi. 220 ağrılı-acılı illərin sonu yetişdi. Tariximizin yeni mərhələsi başlandı.

VII mərhələ. Tariximizin yeni mərhələsi başlandı – Zəfər mərhələsi. 220 ağrılı-acılı ilin sonu yetişdi. Son 17 il ərzində ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına şərait yaratdı. Sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi.

Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Azərbaycana qarşı 7 şərt irəli sürən, “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri Nikol Paşinyan qeyd-şərtsiz təslimçilik aktını imzaladı. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan sahibinə qaytarıldı. Dövlətin ərazi bütövlüyü bərpa edildi. Dekabrın 10-da Qələbəmizin təmin edilməsində müstəsna köməyi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəfər paradı keçirildi. Ermənistan ordusunun qənimət kimi ələ keçirilmiş hərbi terxnikası nümayiş etdirildi. Bu, 100 ildən artıq müddətdə özünü qalib və məğlubedilməz sayan ermənilərin Azərbaycan əsgəri tərəfindən diz çökdürülməsi idi. Erməni diasporunun məğlubiyyəti idi.

Möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin dekabrın 23-də Qubadlı şəhərində olarkən ermənilərə ünvanladığı mesajı onlar qulaqlarında sırğa etməlidirlər: “Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq.”

Biz hazırda qalib xalq kimi özümüzü dünyaya tanıtdıq. Ermənistanın havadarları onu xilas edə bilmədilər. Lakin düşmənin bu məğlubiyyətin əvəzini çıxmaq üçün hər cür alçaqlığa, fitnə-fəsada əl atacağını bilməliyik. Düşmən fürsət axtaracaq. Necə ki, birinci Qarabağ müharibəsində ölkəmizdə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən daxili çəkişmələrin yaratdığı fürsətdən istifadə etmişdi. Dövlətimizin başçısının dediyi kimi, “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.”

Hazırda işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi prosesinə başlanılıb. Şuşa yenidən mədəniyyətimizin paytaxtı elan edilib. Beynəlxalq təşkilatlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürlər. Qurub-yaradan Azərbaycan xalqı ilə erməni vəhşiliyinin və vandalizminin fərqi əyani görünür. Tariximizin bu mərhələsində şəhidlərimizin qanı bahasına qazandığımız qələbənin qazisi və şahidi olmaq böyük xoşbəxtlikdir.

Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri

 

17 Yanvar 2021 03:05 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə