Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstan Azərbaycanın işğal nəticəsində dağıdılmış rayonlarında bərpa işlərində iştirak edəcək

Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibə başa çatandan sonra Cənubi Qafqazın bu ölkəsinin işğal nəticəsində dağıdılmış rayonlarında bərpa işlərinə Macarıstan da qoşulacaq.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bunu özünün “Facebook” səhifəsində bildirib.

Bu günlərdə Siyyarto Macarıstan-Azərbaycan birgə iqtisadi komissiyasının digər həmsədri – Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans keçirib. Həmin videokonfransda macarıstanlı nazir bildirib ki, 2020-ci illərin ortalarında onun ölkəsinin Azərbaycan qazı ilə təchizatı başlanacaq.

Siyyarto qeyd edib ki, koronavirus pandemiyası ilə yanaşı, Dağlıq Qarabağda müharibə də son aylarda beynəlxalq həyatda əsas hadisələrdən, beynəlxalq mətbuatda əsas mövzulardan birinə çevrilib. O vurğulayıb: “Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olub və biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyirik”.

O daha sonra əlavə edib ki, Sahil Babayev ilə danışıqların gedişində Azərbaycanın münaqişə illərində dağıdılmış ərazilərinin bərpasında Macarıstan şirkətlərinin iştirakının istiqamətləri müzakirə olunub.

Siyyarto bildirib ki, “Eksimbank” bu işdə iştirak etmək istəyən macar şirkətləri üçün 100 milyon dollar həcmində kredit xətti açıb. Macarıstan hökuməti Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 25 min avro məbləğində ianə təklif edib.

Son illərdə Macarıstan şirkətləri Azərbaycan bazarında iştirak payını xeyli artırıblar: “MOL” neft-qaz şirkəti rekord məbləğdə sərmayə yatırıb, “Wizz Air” loukosteri karantinlə bağlı məhdudiyyətlər ləğv ediləndən sonra uçuşları bərpa etməyə hazırdır, “Hell” şirkəti Azərbaycan enerji içkiləri bazarının təqribən dörddəbir hissəsinə nəzarət edir, son aylarda Azərbaycana mal əti ixracı bərpa olunub.

Macar nazirin sözlərinə görə, qaz təchizatı Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. O deyib: “Qazı mümkün qədər çox sayda mənbələrdən ala bilmək imkanı bizim üçün çox vacibdir”.

Azərbaycan ilə Avropa arasında qazın birbaşa nəql edilməsi sistemi nizamlanıb, Macarıstanın “MVM” şirkəti isə Azərbaycan qaz şirkəti ilə müqavilənin mətnini hazırlamağa başlayıb.

Peter Siyyartonun sosial şəbəkədə yerləşdirdiyi bu xəbər barədə məlumatlar Macarıstanın “Daily News Hungary” və “Hungary Today” onlayn-nəşrlərində dərc edilib.

16 Yanvar 2021 15:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Mart 2021 | 09:25
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə