Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO-nun Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin da­ğıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də ha­radasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız itti­hamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə ma­neçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missi­yasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.

Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğal­dan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

16 Yanvar 2021 04:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə