Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük qələbə

Düşmənin davranışları müharibəni labüd etdi

Müharibə. Qanla yazılan tarix. Gücün önə çıxdığı məqam. Siyasətçilərin danışıqlar yolu ilə həll edə bilmədikləri problemin döyüş meydanlarında həllinə cəhd. Otuz il idi ki, ölkəmiz mənfur qonşularımız tərəfindən zorla müharibəyə cəlb edilmişdi. Torpaqlarımızın ən səfalı, ən məhsuldar və strateji cəhətdən, bəlkə də, ən mühüm nöqtələri Ermənistan tərəfindən işğal olunmuş, əhali yurd-yuvasından didərgin salınmışdı. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının dərhal çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, bu qətnamələr icra olunmamış qalırdı.

Beynəlxalq güclərin, böyük dövlətlərin təmsil olunduğu və münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik etmək məqsədi ilə yaranan Minsk qrupu və onun həmsədrləri əslində, hər vasitə ilə status-kvonu qoruyub saxlamaqdan başqa heç nəyə nail ola bilmədilər. Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlli üçün göstərmiş olduğu çabalar da təəssüf ki, qarşı tərəfdən dəyərləndirilmədi. Əksinə, özgələrin kölgəsində boylarını böyük görən mənfur düşmən daha da azğınlaşaraq bizi təhdid etməkdə davam etdi. Ermənistan rəhbərləri Azərbaycan əsgərinin və Azərbaycan xalqı­nın heysiyyətinə toxuna biləcək ifadə və hərəkətlərdən çəkinmədi. Odur ki, sülh danışıqlarını davam etdirməklə yanaşı, problemin lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğu­na xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, şəhid və qazi ailələri daim dövlətin qayğı və diqqət mərkəzində saxlanır, əsgər və zabitlərin, hərbi qul­luqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Əsgərlərimizin döyüş hazırlı­ğı, ordunun müasir silahlarla təchizatı, yeni növ silahlardan istifadə vərdişləri və peşəkarlığı da bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında gücləndirilirdi.

Prezidentin “Biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik”, “Sülh yolu ilə həll edilməsə, prob­lemin hərbi yolla həlli qaçılmazdır”, “Qarabağ Azərbaycandır!” kimi qətiyyətli bəyanat və çağırışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu. Azərbaycan cəmiyyəti, xüsusilə də gənclər düşmənin təxribatçı davranışına cavab olaraq israrla müharibə çağırışları edir, zəbt olunmuş torpaqlarımızı döyüş yolu ilə geri qaytarmaq əzmində olduqlarını qətiyyətlə bildirirdilər. Bir sözlə, müharibə artıq xalqın əksər hissəsinin sosial sifarişinə çevrilmişdi. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi əməliyyatlara başlamaları Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş tor­paqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi.

Qarabağ Azərbaycandır!

27 sentyabr səhəri cəbhəyanı rayonların sakinləri erməni topla­rının, raketlərinin atəş səslərindən diksinərək yuxudan oyandılar. Rəşadətli Azərbaycan Ordusu düşmənin növbəti xaincəsinə hücumunu dəf etmək üçün dərhal əks-hücum əməliyyatına başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa müraciət edərək xaincəsinə hücum və Azərbaycan Ordusunun başlamış olduğu sülhə məcburetmə əməliyyatı barədə məlumat verdi. O, yumru­ğunu düyünləyərək ordumuzun, əsgərlərimizin düşmənə həddini bildirəcəyini, xain düşməni əzəli və əbədi torpaqlarımızdan “iti qovan kimi qovacağını” bildirdi.

Müharibə xəbəri, adətən, insanlarda daha çox qorxu, çaşqınlıq, dərd, qayğı yaradır. Bu dəfə isə tam əksi oldu. Xalq Qarabağda müharibənin başlan­ması xəbərini coşquyla, yüksək əzmkarlıqla qarşıladı. Müzəffər Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyəti, ordu­muza inamı gördü və rəhbərinə daha artıq inandı. İnandı ki, onun dəmir yumruğu ərazilərimizi bütövləşdirmək, düşməni öz yerində oturtmaq, üstümüzdə olan məğlubiyyət ləkəsini təmizləmək üçün düyünlənib. Beləliklə, qısa bir zaman kəsiyində xalq bir yumruğa döndü. Prezident – Xalq birliyi yarandı. Xalq bütövlükdə bir ordu oldu. Gənclərimiz hərbi səfərbərlik idarələrinin qarşısına axışdı. Analar oğullarının ardınca su ataraq “düşmənə çəpər, sinəsi sipər oğlum, düşməni əz, gəl”,–dedilər. Düşmənə aman vermə, onu parçala”, – dedilər. Bir ailədən 2, bəzən də 3 qardaş eyni vaxtda Vətəni düşmən işğalından azad etmək üçün yola düşdü. Atalar və oğullar düşmənə qarşı eyni səngərdə döyüşdülər. Millət hər şey qələbə, hər şey Vətən üçün! – deyə hayqırdı. Oğlu şəhid olan analar, “Təki Vətən sağ olsun. Qisasa qisas!”, dedilər.

44 gün davam edən bu müharibədə Azərbaycan tərəfinin bir nəfər də olsun fərarisi olma­dı. On milyon əhalidən döyüşə getmirəm, deyən olmadı. Hər kəs ön cəbhədə, düşmənlə üz-üzə durub mərdi-mərdanə döyüşə can atdı. 27 sentyabr Dağlıq Qarabağ­dakı şiş qayalar da, sanki, atılan mərmi səslərindən diksinmədilər, qorxmadılar. Başlarını qəmli-qəmli əymədilər. Qamətlərini düzəldib, “çoxdandır sizi gözləyirik” dedilər. Böyük Kirs başını dik qaldırıb “Qa­rabağ Azərbaycandır!”, deyə ba­ğırdı. Bərgüşad və Qarqar çayları coşaraq, daşaraq məhvərindən çıxmaqla sinəsi dağlı Qarabağın yarasına məlhəm olmaq istədi.

“Könlüm keçir Qarabağdan…”

27 sentyabrda sanki Qa­rabağ xanı Pənahəli xanın da ruhu məzardan baş qaldırıb igidlərimizi salamladı. Üzeyir bəyin “Koroğlu”su daha möhtəşəm bir coşqu ilə nər oğulları həlledici döyüşə səslədi. Xan qızı Natəvan qollarını geniş açaraq bu yur­dun qəhrəman oğullarına das­tan qoşdu. Göylərdə sərgərdan dolaşan şəhid ruhları sanki dil açaraq Qarabağın əsil sahiblərinə “xoş gəldin”, - dedi. Düşmənin ayağının altından yer qaçdı. Başının üstündə göylər titrədi. Hər qaya - hər daşın “Qarabağ Azərbaycandır!” hayqırtısı dağlar­da əks-səda verərək sanki bütün dünyaya yayıldı.

Nəhayət, düşmən də açı­lan hər bir atəşin, guruldayan hər mərmi səsinin “Qarabağ Azərbaycandır!” dediyini an­ladı. Yad torpağında qalib ola bilməyəcəyini, özgə torpağından ona vətən olmayacağını nəhayət ki, o da dərk etdi. Bu torpaqların onun olmadığını hiss etdi.

Prezident – Xalq birliyi

Müharibə günlərində xalq Azərbaycan əsgəri ilə Ali Baş Komandan tandemini görüb daha artıq səfərbər oldu. Qısa bir zamanda ölkə sanki vahid bir komandaya çevrildi. Gənclərimiz sosial şəbəkələrdə düşmənin feyk xəbərlərini tutarlı faktlarla alt-üst edirdi. Diplomatlarımız sağdan-soldan üstümüzə yağdırılmaqda olan böhtan və təhdidləri ifşa edir, polis və təhlükəsizlik or­qanları, digər dövlət strukturları hərbi vəziyyət rejimində daha peşəkarcasına çalışdılar. Ordu­muz mükəmməl taktiki-strateji hazırlıq əsasında dəqiq zərbələr, sərrast atəşlərlə düşmən ordusu­nu tar-mar etməkdə davam edirdi. Hər gün düşmən işğalından azad olunan yeni-yeni şəhər və kəndlərimizdə, strateji nöqtələrdə Azərbaycan Bayrağının dalğalan­ması xəbəri milli birliyimizi daha da gücləndirirdi. Qələbə xəbərləri itirilən əsgər acılarına, tökülən şəhid qanlarına bir məlhəm olurdu. Əsgər nəyin uğrunda canını fəda etdiyini gözəl bilirdi. Müqəddəs şəhidlik zirvəsinə ucalan igidlərimizin gözləri arxada qalmırdı. Gözəl başa düşürdülər ki, onların hər birinin Prezident Əliyevin şəxsində dərdlərinə ya­nan bir lideri, əsgərinin qayğısına candan yanan Müzəffər Ali Baş Komandanları var.

Hərbi əməliyyatların elə ilk anlarından rəzil vəziyyətə düşən azğın düşmən 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də döyüş meydanındakı uğursuz­luqlarını öz xalqından və dün­yadan gizlətməkdə idi. Bununla belə baş nazir N.Paşinyanın təlaş içində zəng etmədiyi dövlət baş­çısı, döymədiyi qapı qalmamışdı. Ümidsiz vəziyyətdə qalaraq çapa­laması hətta sosial şəbəkələrdə günün ən çox izlənən gülüş və ironiya mövzusuna çevrilmişdi. Çox güvəndiyi Rusiya, Fran­sa və ABŞ-dan real dəstək ala bilməməsi onu və komandasını dəli vəziyyətinə salmışdı. Rusiya Prezidenti V.Putin anladanda ki, müharibə Azərbaycan ərazisində gedir, Azərbaycan Ordusu 30 il işğal altında saxlanılan torpaqla­rını azad etmək uğrunda döyüşür və belə olan halda nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Təşkilatı Ermənistan tərəfindən hərbi əməliyyatlara qoşula bilməz, ermənilərin olan-qalan ümidləri də puç oldu.

Ermənilərin dünya informasiya məkanını feyk xəbərlərlə doldu­rulmasına baxmayaraq, hərbi əməliyyatların gedişi və tərəflərin davranışından tədricən hər şey hər kəs üçün aydınlaşmaqda idi. Artıq çox aydın şəkildə hiss olunurdu ki, Ermənistan idarə olunmur. Axı, narıncı inqilab dalğasında hakimiyyətə gələn, əslində isə dövlət idarəçiliyi mətbəxindən tam xəbərsiz olan naşı və diletant bir şəxs dövləti elə belə də “idarə” etməli idi. Düşmən ordusunda başıpozuqluq başlamışdı. Onların 30 il ərzində qurmuş olduqları “keçilməz ohan­yan sədləri” bir-birinin ardınca Azərbaycan əsgəri tərəfindən ələ keçirilir, hərbi texnikası, silah və sursat anbarları ya məhv edilir, ya da qənimət olaraq ələ keçirilirdi. Cəbhənin Azərbaycan tərəfində isə qalibiyyət əhval-ruhiyyəsi hər an güclənərək bütövlükdə cəmiyyətə də sirayət etməkdə idi. Çünki, N.Paşinyandan fərqli olaraq Azərbaycan dövlətini idarə edən, orduya Ali Baş Komandan­lıq edən şəxs sorosların layihəsi olan meydan hərəkatı dalğası altında deyil, xalqın istəyi və so­sial sifarişi əsasında hakimiyyətə gəlmiş İlham Əliyev artıq dün­ya çapında kifayət qədər yaxşı tanınan nüfuzlu bir dövlət xadimi idi. Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik məktəbini gör­müş olan təhsilli, təcrübəli, iradəli və qətiyyətli bir dövlət xadimi, lazımi anda lazımi qərarlar verə bilən tədbirli və qüdrətli sərkərdə idi. Xalqla məsləhətləşən, hərbi əməliyyatların gedişinə dair ən isti informasiyaları anındaca xalqına çatdıran bir dövlət adamı, əsl xalq qəhrəmanı! Qərarı qəti, amalı aydın, addımları qətiyyətli bir Müzəffər Ali Baş Komandan! Paşinyanın 7 düşük şərtinə qarşı cəmi bir şərt qoyan ötkəm bir lider! “Düşmən işğal olun­muş ərazilərimizdən rədd olub getməlidir”, - deyən yenilməz Komandan!

Elin gözündən heç nə ya­yınmır. Təsadüfi deyildir ki, aqillərimiz “elin gözü tərəzidir” deyiblər. Cəbhədə şiddətli döyüşlər getdiyi günlərdə Ali Baş Komandan ordunun və arxa cəbhənin balanslı və dinamik işini təşkil etməkdə idi. O, eyni zaman­da, qazanılan qələbələr, azad olunan torpaqlar haqqında dərhal xalqı məlumatlandırmaqda idi. Bu səmimiyyət, bu birlik vətəni sevən, onun bütövlüyünü arzulayan hər bir Azərbaycan vətəndaşının qəlbində Müzəffər Ali Baş Ko­mandanın möhtəşəm abidəsini yaradırdı. Onun hər bir çıxışı xalq tərəfindən sevinc və sevgi ilə qarşılanaraq dillər əzbərinə çevrilməkdə idi. Azərbaycan Ordusu düşmənin ağır texnika­sını, hərbi gücünü məhv etdiyi kimi, Azərbaycan Prezidenti də düşmənin mənfur ideologiyasını, saxta xəbərlərini, yalan üzərində qurulmuş səltənətlərini darmada­ğın etməkdə idi. Erməni yalanları­na uyub üstümüzə gələn, dünya­nın aparıcı media qurumlarında və informasiya agentliklərində kök salan erməni kimilər Müzəffər Ali Baş Komandanın qarşısında necə rəzil bir duruma düşdüklərini özləri də yaxşı dərk edirdilər. Dəmir yumruq əməliyyatı dəmir məntiq, dəmir iradə, zəngin hərbi, elmi və siyasi təcrübə ilə cilalandığı üçün düşmənin məhv ediləcəyi şübhəsiz idi.

Bir-birinin ardınca Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayon­ları, Hadrut qəsəbəsi, Xocavənd və Ağdərə rayonlarının kəndləri, düşmənin zaman-zaman davamlı olaraq üstümüzə od yağdırdı­ğı strateji yüksəkliklər ordumuz tərəfindən azad edildi. Bununla belə düşmən xaricdən olan hava­darlarının dəstəyi ilə hələ də təslim olmaq fikrində deyildi. Qarşıda Qafqazın mirvarisi olan Şuşanın azad olunması vəzifəsi dururdu. Noyabrın 8-də Şuşa da azad edildi. Şuşanın güclü qəhrəman əsgərlərimiz tərəfindən işğaldan azad edilməsi düşmənin belini qır­dı, onu diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi.

“Qələbə güc ilə qazanılır, ağıl ilə qorunub saxlanılır”, deyib müdriklər. Biz düşmənə birliyimizi, birliyimizdən yaranan gücümüzü göstərdik. Düşmənin 30 ildə fan­tastik xərc çəkib tikdiyi keçilməz istehkamlarla möhkəmləndirilmiş üç böyük rayonumuz - Ağdam, Kəlbəcər və Laçını Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabrda imza­lamış olduğu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq heç bir itki vermədən, qan tökülmədən işğaldan azad etdik. Bununla da, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Qalib ölkənin Zəfər paradı

10 dekabr 2020-ci il, qalib ölkənin zəfər paradı! Müharibədən qalib çıxmış ordumuzun qüdrətinin nümayişi olan zəfər paradı! O gün Bakıda təkcə Azərbaycan Ordusunun qələbəsi nümayiş etdirilmədi. Bu parad həm də milli iradənin, milli birliyin, milli həmrəyliyin, özünə inamın, xalq - hakimiyyət birliyinin paradı oldu. Bu parad, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu­nun, qardaşlığının sarsılmazlığını nümayiş etdirən, bundan sonra bu münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiriləcəyinin göstəricisi oldu. İstər ekran qarşı­sında, istərsə də Bakı küçələrində bu paradı seyr edənlərin sevinc və fərəhinin həddi-hüdudu yox idi. Bəli, yüz minlərlə insan bu fərəhi, bu sevinci ona yaşadan qalib ordunun əsgərlərini salam­lamaq, onlarla bir olmaq üçün Bakı küçələrinə çıxmışdı. Üzlərdə sevinc, qəlblərdə fərəh hissi vardı. Qələbə paradında bu və ya digər formada iştirak edən hər kəs öz qalib ordusunu, əsgərlərini, döyüş komandanlarını salamlamaq, ordumuzun qüdrətini, əzəmətini bir daha əyani şəkildə görmək arzusunda idi. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın xalqlarımızın birlik rəmzinə çevrilmiş münasibətlərini dostlu­ğumuz timsalında yenidən seyr etmək arzusunda idik. İnsanlar öz sevincini gözlərdən mirvari dənəsi kimi süzülən göz yaşları ilə ifadə edirdi. Qalib ordunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin paraddakı proqram xarakterli dərin məzmunlu çıxışı onun xalqın arzularının ifadəçisi, qələbəmizin təminatçısı, dəmir yumruq, dəmir iradə sahibi olduğunu bir daha təsdiqləmiş oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradın yüksək tribunasından toxunduğu notlar, səsləndirdiyi qlobal və regional əhəmiyyətli çağırışlar hər kəsi bir daha kövrəltdi və növbəti dəfə qü­rurlandırdı. “Tək millət, iki dövlət” taleyini yaşayan xalqlarımızın bundan sonra da əbədi birliyini ifadə edən bu çıxış bizi sevindirdi, dostları ürəkləndirdi, düşmənləri isə yenidən düşünməyə vadar etdi.

Qələbə paradında rəmzi olaraq 2783 türk əsgərinin iştirakı və onların paraddakı əzəmətli keçidi bir növ xalqlarımızın tarixi ənənələrini ləyaqətlə davam etdirməklə, “bir ölüb, min dirilmək” fikrinin ifadəsinə çevrildi.

10 dekabr 2020-ci il Bakıda keçirilən hərbi parad düşmən üzərində hərbi, mənəvi və psixoloji qələbənin nümayişi idi. Düşməndən qənimət götürülmüş hərbi texnikanın miqyası ordumu­zun, əsgər və zabitlərimizin hərbi bilik və bacarıqlarının, müasir silahlardan istifadə məharətinin nümayişi demək idi.

2020-ci il dünya üçün çox ağır bir il oldu. Bəşəriyyət dünyanı bü­rümüş amansız pandemiyanın hü­cumları qarşısında hələ də acizdir. Prezident İlham Əliyev isə pande­miya ilə mübarizəni uğurla təşkil etməklə yanaşı, bu ili Azərbaycan üçün tanınmış iş adamı Fərhad Əhmədovun təbirincə desək, həm də tarixi Qələbə ili etdi.

Artıq yurdumuzun hər yerində olduğu kimi, 30 ildir ki, gözü həsrət, ürəyi xiffət çəkmiş Qara­bağımızda da yenidənqurma və abadlıq işlərinə başlanılıb, infrast­ruktur bərpa olunur. Heç şübhəsiz ki, yaxın zamanlarda düşmən tərəfindən dağıdılmış yurd yerlərimiz, xarabazarlığa çevril­miş şəhərlərimiz yenidən bərpa olunacaq. Obalarımız doğma sakinlərini yenidən öz qucağına alacaq. Qarabağımızda yenidən izdihamlı həyat bərpa olunacaq. 30 il öncə qorxu, göz yaşı, ahu-nalə ilə evlərini tərk etmiş soydaş­larımız sevinclə, fərəhlə, iftixar hissi ilə öz doğma yurd-yuvalarına dönəcəklər.

Biz xalq olaraq hər zaman səmamızda raketlərin, ölüm saçan güllələrin deyil, sülh göyərçinlərinin uçmasını istəmişik. Elə bu 44 günlük müharibə zamanı da Azərbaycan Ordusu­nun yalnız hərbi hədəfləri dəqiq nişan alması, dinc əhalini, yaşayış məntəqələrini hədəf seçməməsi xalqımızın mənəvi cəhətdən kimliyinin, müharibə qanunlarına sadiqliyinin və humanist təbiətinin bariz nümunəsi oldu.

Bu günlər xalqımız çoxdan haqq etdiyi, yolunda təşnə olduğu QƏLƏBƏ sevincini yaşamaqda­dır. Müharibə sözü, qan-qada, ölüm, göz yaşı, yarımçıq qalmış ömürləri, nakam taleləri, xara­ba qalmış yurd-yuvaları, viran qalmış şəhərləri ifadə etsə də, Vətən müharibəsində çalınan qələbə göz yaşı içində sevinc, qəhrəmanlıq, mərdlik, qürur, iftixar deməkdir. İndi xalqımız ona bu iftixarı yaşadan, bu qələbə uğrunda canını fəda edən oğulları ilə fəxr etməkdədir. Əlbəttə, qalib ölkənin vətəndaşı, qalib ordunun əsgəri və ya zabiti olmaq xoşbəxtliyini dünyanın heç bir neməti ilə müqayisə etmək olmaz. Bizə bu xoşbəxtliyi yaşadan Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın heyrətamiz xidmətləri xalqımızın qəlbində əbədi iftixara çevrildi.

Qafar CƏBİYEV,
tarix elmləri doktoru, professor, Əməkdar jurnalist, Elşən QƏNI, publisist

 

16 Yanvar 2021 04:09 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə