Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ona uğurlar arzulayıb.

İki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüşdə hərbi əməkdaşlığın ölkələrimizin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi qeyd olunub. Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluq­çuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri ölkəmizə göstərilən huma­nitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Diplomat Vətən müharibəsində qazanı­lan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

B.Haye qeyd edib ki, ölkələrimizin coğ­rafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri möv­cuddur. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı səfir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də işti­rak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu və tərəflər üçün qarşılıqlı faydalı olduğu vurğulanıb.

16 Yanvar 2021 04:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə