Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qaldı.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 15-də Beyləqan və Tərtər rayon­ları da daxil olmaqla bir sıra bölgələrdə 20 fərdi evin şəhid ailələrinə, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildiyi tədbirlərdə vurğulanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Beyləqan və Tərtər ra­yonlarında evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, həmin rayonların İcra Hakimiyyətlərinin başçı­ları Asif Ağayev və Müstəqim Məmmədov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib və onlar tərəfindən mənzillərin və fərdi evlərin verilməsi işləri davam edir.

Nazir müavini ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev veril­diyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edil­miş yurd yerlərində evlərin tikiləcəyi nəzərə alınmaq­la, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan yaradacaq.

Tədbirlərdə qeyd edi­lib ki, Prezidentin ötən il dekabrın 30-da verdiyi Fərmanlar şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğının növbəti təzahürü oldu. Fərmanlarla şəhid ailələri üçün Prezi­dentin təqaüdü 66,7 faiz artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20 faiz artırılaraq 1500 manat­dan 1800 manata çatdırıldı. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də həmin təqaüd orta hesabla 50 faizdən çox artırıldı. Vətən müharibəsi qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis edildi.

Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar onla­rın sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırıl­masına göstərdiyi xüsusi qayğıya, bu gün isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

16 Yanvar 2021 04:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə