Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva Bəyanatı Azərbaycanın nəqliyyat-kommunikasiya liderliyini təsdiq edir

Moskva görüşünün hərtərəfli təhlili müzakirələrin Azərbaycan üçün uğurlu olduğunu deməyə əsas verir. Üçtərəfli görüşün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada gerçəkləşməsini bir çoxları Kremlin maksima­list mövqeyi olaraq qiymətləndirdi. Təşəbbüsün Moskvadan gəlməsi təbiidir. Regional təhlükəsizlik, inkişaf və davamlı sülhün labüdlüyü şimal qonşumuzun Cənubi Qafqaz­da baş verən hadisələrə daha çevik reaksiya göstərməsini şərtləndirir. Digər tərəfdən, rəsmi Moskva münaqişənin əvvəlindən Minsk qrupunun həmsədrlərindən biridir. Qalib dövlət kimi Azərbaycan üçün regionda davamlı sülhün təminatı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əsas prioritetlərdir.

11 yanvar tarixli Bəyanat mahiyyət etibarilə 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasını nəzərdə tutur. 10 noyabr Bəyanatı umumi müddəaları özündə əks etdirirdi. Fikrimcə, həmin bəyanatın müddəalarının daha konkret şərhi və icra mexanizminin yaradılması üçün üçtərəfli görüşlər silsilə xarakteri daşıyacaq. Moskva Bəyanatında regionda kommunikasiya, nəqliyyat, infrastrukturun yenidən qurulması, sərbəst hərəkətin təmin edilməsi və s. məsələlər gündəmə gətirildi. Bu proses 10 noyabr Bəyanatının digər bəndlərinin də ayrılıqda müzakirə edilərək icra mexanizmlərinin təsbit edilməsi üçün növbəti görüşlərin də keçiriləcəyini deməyə əsas verir.

Görüşdən əvvəl Ermənistan müxalifəti Paşinyanın bir çox tələblər səsləndirməsini istəyirdi. Xüsusilə 10 noyabr Bəyanatının 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi, eləcə də həmin sənəddə yer almayan “Qarabağın statusu” ilə bağlı məsələnin qaldırılması tələb edilirdi. Paşinyan bu məsələlərə toxunsa da, onlar görüşün müzakirə predmeti olmadı. Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi, sözsüz ki, Azərbaycanın müharibədən sonrakı dövrdə diplomatik uğurudur.

Yeni bəyanatdan göründüyü kimi, bu mərhələdə bütün diqqət 10 noyabr Bəyanatının 9-cu maddəsinin icrasına yönəldilib. Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə, yeni nəqliyyat kommunikasiyaları reallaşacaq. Mehri vasitəsilə Türkiyə – Naxçıvan – Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan – İran və Ermənistan – Rusiya nəqliyyat xətlərinin bərpası gündəmin əsas mövzusudur. 11 yanvar Bəyanatında əksini tapmış bu məsələlərə münasibət bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış bəyanat regionun inkişafına böyük dinamizm gətirərək təhlükəsizliyi möhkəmləndirə bilər: “Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası bizim üçün önəmli məsələdir. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan – Azərbaycan – Rusiya, eləcə də Ermənistan – Azərbaycan– İran marşrutları üzrə nəqliyyat dəhlizləri işə salınacaq. Naxçıvana və əks istiqamətdə gediş-gəliş, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla – şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən daha qısa məsafəli marşrut yaranacaq.

Moskva Bəyanatı Türkiyənin də maraqlarına uyğundur. Yəni Türkiyə birbaşa Azərbaycana, Rusiyaya, həmçinin İrana daha sürətli, daha ucuz daşımalar gerçəkləşdirə biləcək. Bundan başqa, rəsmi Ankara Mərkəzi Asiya ölkələri ilə də rahat əlaqələr qura biləcək. Azərbaycan – Naxçıvan – Türkiyə yolu ümumən bir çox ölkələr arasında kommunikasiya imkanlarını yaxşılaşdıracaq.

Nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi Rusiya Federasiyasının da mənafeyinə tam uyğundur. Hazırda Rusiya -- Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Qış aylarında Hərbi Gürcüstan yolunda hərəkətin çətinləşdiyini nəzərə alsaq, əlverişli alternativ kommunikasiyaya ehtiyac yaranır. Gürcüstan hökumətinin öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə verməməsi faktı ilə Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarını məhdudlaşdırır. Ekspertlərin də qeyd etdiyi kimi, Gürcüstanın birmənalı avroatlantik inteqrasiya siyasəti Rusiyanın ticarət əlaqələri və hərbi yüklərin tranziti baxımından etibarlı deyil. Bəyanatda nəzərdə tutulan məsələlərin reallaşdırılması ilə Rusiya müxtəlif təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. Fikrimcə, bu fakt Azərbaycanın nəqliyyat-kommunikasiya, tranzit üstünlüyünü bir daha təsdiq edir.

Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş Moskva razılaşması, sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbədir. Belə ki, Ermənistanın İran və Rusiya ilə kommunikasiya əlaqələrinin Azərbaycan vasitəsilə bərpası Nikol Paşinyan hakimiyyətinin təslimçiliyini təcəssüm etdirir. Lakin digər tərəfdən, regional kommunikasiyanın bərpası Ermənistanı blokadadan çıxarmış olacaq. Əvvəla, Ermənistanla Rusiya arasında etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaradılacaq. Bəyanatın icrası ilə Ermənistanın başqa bir problemi də həll ediləcək. Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan təcrid kənarda qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də ortadan qaldıracaq.

Üçtərəfli görüşün nəticəsinə dair mətbuat konfransında Prezident İlham Əliyevin səsləndirdiyi fikir Ermənistanda və Avropada münaqişənin davamlılığında maraqlı olan qüvvələrə, o cümlədən ATƏT-in Minsk qrupuna siyasi mesaj idi. “...Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Əvvəldə də vurğuladığımız kimi, Ermənistandan Rusiyaya gedən yol Azərbaycandan keçəcək, buna paralel olaraq Mehri dəhlizi reallaşacaq.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur. Bu il martın 1-dək Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazir müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrup Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini təqdim edəcəklər.

Leyla RƏŞİD, “Xalq qəzeti”

16 Yanvar 2021 12:48 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə