Ən son xəbərlər
Xəbər verdiyimiz kimi, ölkə Prezidentinin 12 yanvar tarixli fərmanı ilə ölkəmizdə media islahatlarını gerçəkləşdirəcək, KİV-ə daha mükəmməl dövlət dəstəyini həyata kecirəcək yeni qurum – “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Ölkəmizdə start verilən media islahatı ilə bağlı Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirdi:
– Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman milli jurnalistikamızın daha da irəli aparılmasına təkan verəcək olduqca əhəmiyyətli dövlət sənədidir. Başlanan islahatla bağlı yeni qurumun-- Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə KİV-in inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə önəmli töhfələr verəcək.
Azərbaycanda media islahatları ilə bağlı Prezident fərmanında da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, KİV-də gedən proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.
Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını və özünüifadəsini daim dəyişir. Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da o qədər yeniləşmənin şahidiyik. Bu, seçilmə getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, onun fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması bütün bu dəyişmələrin zamanında cavablandırılmasına xidmət edir.
Yeni fərman mediamızın bugünkü və gələcək yeniləşmələrə uyğunlaşması, dövlət – media münasibərlərinin sivil əsaslar üzərində təkmilləşdirilməsi baxımından mükəmməl dövlət sənədidir. Medianın İnkişafı Agentliyi isə öz fəaliyyəti ilə milli jurnalistikamızın növbəti mərhələdə uğurlu inkişafına önəmli dövlət dəstəyi verəcək.
Hazırladı: R.TAHİR, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə