Ən son xəbərlər
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada üçtərəfli görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtında apardığı danışıqların və 4 bənddən ibarət imzalanmış növbəti üçtərəfli bəyanatın böyük tarixi əhəmiyyəti var.
Moskvada üçtərəfli növbəti bəyanatın imzalanması onu göstərir ki, tərəflər 10 noyabrda imzalanmış sənədin icrasına və regionda davamlı sülhün bərqərar olunmasına hazırdır. Çünki davamlı sülh əldə olunmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Ona görə də keçirilmiş üçtərəfli görüş, ilk növbədə regionda ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına, davamlı sülhün əldə olunmasına və nəticədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə hesablanıb.
Prezident İlham Əliyev görüşdə demişdir: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələsini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
Bu il 11 yanvarda imzalanmış üçtərəfli bəyanatın mahiyyəti əsasən ondan əvvəl imzalanmış bəyanatın 9-cu bəndinin icra mexanizminin hazırlanmasına və tezliklə həyata keçirilməsinə hesablanıb. Bu bəndin icrası region ölkələri üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın Naxçıvanla quru yolu açılır və həm də yollar birbaşa Türkiyəyə birləşdirilməklə daha qısa və iqtisadi baxımından yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan verəcək. Mehri nəqliyyat dəhlizinin formalaşması mövcud Gürcüstan dəhlizinin alternativi olacaq və bu da ölkəmizin üzərindən keçən beynəlxalq nəqliyyat marşrutlarının şaxələnməsi deməkdir. Mehri dəhlizinin yaranması Naxçıvanı blokadadan çıxaracaq və həm də ölkəmizə iqtisadi səmərə gətirəcək, yükdaşımaların həcmini kifayət qədər artıracaq. Kommunikasiyaların iqtisadi səmərəliliyinin artması regionda sülhü və sabitliyi möhkəmlədəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Moskvada növbəti böyük diplomatik uğur qazanmışdır. Çünki danışıqların nəticələri xalqımızın milli maraqlarına tamamilə cavab verir və regionda iqtisadi inkişaf, sülh və sabitliyin bərqərar olunması üçün geniş imkanlar açır.
Esmira RƏHİMOVA,
“Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri
Köhnə versiyamızdan xəbərləri izlə