Ən son xəbərlər
Cənub Qaz Dəhlizi strateji layihəsinin ən vacib həlqəsi olan TANAP vasitəsilə üçüncü tǝdarük ilindǝn – 2021-ci ildən başlayaraq istismar dövrünün sonunadǝk Türkiyǝyǝ hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən isə Avropaya hər il 10 milyard kubmetr tǝbii qaz tədarük etmək nəzərdə tutulur.
Bu xəbəri TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol yanvarın 14-də Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi videokonfransda açıqladı.
S.Düzyol vurğuladı ki, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığı gǝlǝcǝyǝ daşıyan ən vacib layihələrdən biri olan Trans–Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) marşrutu sosial-iqtisadi əhəmiyyəti ilǝ Cənub Qaz Dəhlizinin önəmli həlqəsini tǝşkil edir. Bununla yanaşı, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə artıq Avropaya çataraq dünyanın bu regionunun enerji təchizatı təhlükəsizliyinə mühüm töhfə verir.
Baş direktor layihənin iqtisadi-siyasi əhəmiyyətindən bəhs edərkən vurğuladı ki, TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi- siyasi əməkdaşlığının inkişafına böyük töhfǝ vermǝklǝ bərabər, ölkəmizi həm Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünǝ, həm də Avropa İttifaqının yeni tǝbii qaz tədarükçüsünǝ çevirib. Azərbaycanın “Şahdəniz-2” yatağından çıxardığı təbii qaz 2020-ci ilin son günlǝrindǝn etibarǝn Türkiyə marşrutunun ardından, Türkiyə-Yunanıstan sərhədindǝn TAP-a qoşularaq Avropaya çatdırılmağa başlanıb.
S.Düzyol TANAP-ın Azərbaycan və Türkiyənin qitələrarası enerji işbirliyi yolunda çox önəmli rolunu, eyni zamanda, qlobal mǝnada iki ölkənin enerji sektorundakı brendlǝşmǝ prosesini dəstəklədiyini vurğulayaraq dedi: “Azǝrbaycan torpaqlarından başlayan bu proses ölkəlǝrimizin bir çox sahələrdə inkişafına töhfə vermǝklǝ yanaşı, enerji sektorunda əldə edilən ən böyük uğurlardan biridir. Tarixdə ilk dəfə olaraq Azərbaycan tǝbii qazı TANAP-ın TAP-la birləşmǝsi ilǝ, yəni bir boru kəməri vasitǝsilǝ Avropa bazarına ötürülür. 2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihəmizdə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. Gələcəkdə layihənin artan töhfələrini, yaratdığı dəyərləri qürurla izləməyə davam edəcəyik”.
TANAP-ın tamamlanmasının və TAP-ın hazır vǝziyyǝtǝ gǝtirilmǝsinin ardından Avropaya təbii qazın çatdırılması ilə yeni bir dövrün açıldığını ifadǝ edǝn TANAP-ın baş direktoru qeyd etdi ki, Azərbaycan dünyanın aparıcı sahǝlǝrindǝn biri olan enerji sektorunda uzunmüddətli inkişafın əsas aktoru olmağa davam edəcəkdir. Enerji sahəsində beynəlxalq işbirliyinin ən uğurlu layihələrindən biri olan, xüsusilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması baxımından strateji əhəmiyyətə malik TANAP layihəsi planlaşdırılan qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45 faizinǝ qənaət olunaraq başa çatdırılıb. Bu sǝbǝbdǝn dǝ dünya miqyasında nümunǝvi layihǝlǝrdǝn biri olan TANAP vasitǝsilǝ 2018-ci il iyunun 30-dan 2020-ci il dekabrın sonuna qədər Türkiyəyə nǝql edilǝn təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatıb. BOTAŞ təbii qazın tranzit keçidinə dair sazişin bağlanmasının üçüncü ilində – 2020-ci il iyunun 30-da 6 milyard kubmetr həcmində qaz əldə edib.
“Yüz faizlik səmərəliliklǝ fǝaliyyǝtini davam etdirǝn layihəmiz çərçivəsində üçüncü tǝdarük ilindǝn başlayaraq istismar dövrünün sonunadǝk Türkiyǝyǝ hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən isə Avropaya hər il 10 milyard kubmetr tǝbii qaz tədarük etməyi qarşıya əsas vəzifə kimi qoymuşuq. Beləliklə, ölkələrimizə və layihə paydaşlarımıza davamlı iqtisadi-sosial və mədəni sǝmǝrǝ verməyə davam edəcəyik”, - deyə baş direktor qeyd etdi.
TANAP-ın 16 milyard kubmetr olan mövcud ötürücülük gücünün əlavə investisiyalar hesabına 31 milyard kubmetrə qədər artırıla bilǝcǝk şǝkildǝ layihǝlǝndirildiyini bildirən Düzyol, həmçinin vurğuladı ki, sonrakı illǝrdǝ ölkənin digər təbii qaz yataqlarından əldə edilə biləcək əlavə hasilatla Azərbaycan, xüsusilə Cənub Şərqi Avropa ölkələri üçün çox əhəmiyyətli bir qaz tədarükçüsü olmağa namizəddir.
Baş direktor TANAP-ın enerji dünyasında qazandığı uğurlarla tarixə mühüm bir imza atdığını da qürurla qeyd edərək bildirdi ki, layihənin idarə edilməsində göstǝrilǝn üstün fǝaliyyǝtə görə, mərkəzi ABŞ-ın Filadelfiya şəhərində yerləşən və dünyanın ən tanınmış məslək qurumlarından hesab edilən “Project Management Institute (PMI)” tərəfındən “2020-ci ilin layihəsi” mükafatına layiq görülüb. Bu mükafat TANAP-ın layihə idarəetmə komandasına layihə müddəti ərzində əməyin mühafizəsinə, keyfiyyətə, ətraf mühitə, sosial və mədəni dəyərlərə diqqətlə yanaşdığına, layihənin tam vaxtında və proqnozlaşdırılan büdcəyə qənaət edilərək təhvil vermək üçün nümayiş etdirdiyi mükəmməl idarəetmə səylərinə görə verilib. Yeri gəlmişkən, TANAP Türkiyə və Azərbaycanda bu mükafata layiq görülən ilk layihədir.
S.Düzyol sonda onu da qeyd etdi ki, Türkiyǝdǝ özǝl sektor vasitǝsilǝ hǝyata keçirilǝn ǝn böyük sosial vǝ ekoloji investisiya proqramlarından biri kimi TANAP Sosial vǝ Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) vasitǝsilǝ bir tǝrǝfdǝn Türkiyǝnin vǝ Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verir, digǝr tǝrǝfdǝn isə keçdiyi ərazidə yerləşən şǝhǝrlǝrdǝ, rayon vǝ kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirməyi və təbii sǝrvǝtlǝrin muhafizǝsini gerçəkləşdirir.
Proqramın səmərəli şəkildə həyata keçirilmǝsi mǝqsǝdilǝ 3 fərqli maliyyələşdirmə mexanizmi hazırlanmışdır: birbaşa qrant, birbaşa investisiya və proqrama töhfə fondları ilǝ ümumilikdǝ 20 şǝhǝr, 67 rayon və 600 kənddə 1000-dən çox layihə dəstəklǝnmişdir.
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə