Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci ildə də insan amili dövlət siyasətinin prioritetini təşkil edib

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videofor­matda keçirilən müşavirədə ötən ilə icmal xarakterli bir səyahət edilməklə yanaşı, həm də bundan sonrakı mərhələdə qarşıda duran priori­tet məsələlər haqqında da geniş məlumat verildi, ölkəmizin müxtəlif sahələri üzrə inkişaf trayekto­riyası müəyyənləşdirildi. Hər şeydən öncə qeyd olunmalıdır ki, COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020 son dərəcə ağır il kimi yadda qalsa da, Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxmağa müvəffəq oldu. Belə ki, ölkə iqtisadiyyatının təqribən 4 faizdən bir qədər çox azalması, dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir.

Daha öncəki illərdə dövlət başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının pri­oritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Qeyri-neft sənayemiz bu il 11 faizdən çox art­mışdır. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində müm­kün olmuşdur. Kənd təsərrüfatının 2 faizdən çox artırılması hədəf kimi müəyyənləşdirilmişdir ki, bu da işğal­dan azad edilmiş torpaqlarda payızlıq əkinin aparılmasına imkan yarada­caq. Həm koronavirusla mübarizəyə yönəldilən milyardlarla manat, həm Vətən müharibəsinə sərf olunan , eləcə də müavinətlər, sosial paket kimi digər xərclərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını qoru­mağa müvəffəq oldu.

Bütün çətinliklərə baxmayaraq, sosial siyasətdə geriləmə olmamış­dır. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artmışdır. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində buna nail olmaq mümkün olub. Bundan əlavə, əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Eyni zamanda, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahat­çı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə isə 11-ci yerdədir.

Dünyanın COVID-19-la mübarizə apardığı bir vaxtda Azərbaycanda birbaşa olaraq bu məsələyə 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bundan əlavə, xüsusilə işsiz və iş yerini müvəqqəti itir­miş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə edilmişdir. Korona­virus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət başçımızın fərmanı ilə xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan çox vəsait yığılmışdır. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin vətəndaş mərkəzli siyasətinin əyani sübutudur.

2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçiril­mişdir. Cənab Prezidentin sərəncamı ilə 2020-ci ilin əvvəlində bütün pensi­yalar ölkə üzrə 16,6 faiz artırılmışdır. Ümumilikdə, 2020-ci ildə pensiya ödənişləri ötən illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublika­sı Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə, bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə etdi. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz arta­raq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Beləliklə də, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz lider­liyini qorumuşdur.

Ünvanlı sosial yardım mexanizmi­nin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdir. 2000 şəhid ailəsi və müharibə iş­tirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilmiş, 2700 nəfərə isə sosial-psixoloji və reabili­tasiya xidmətləri göstərilmişdir. Əlavə olaraq, mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunmuş, onların ailələrinə sosial-psixoloji reabilita­siya xidmətləri təqdim edilmişdir. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılmışdır və Vətən Müharibəsi Qəhrəmanına 2000 manat məbləğində Azərbaycan Respub­likası Prezidentinin təqaüdü təsis olunmuşdur. Təqaüdlərin artırılması ümumilikdə, 100 minədək insanı əhatə edir.

Əldə olunan bu uğurlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Dövlət başçımızın sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videofor­matda keçirilən müşavirədə ötən il ərzində ölkəmizin hərtərəfli inkişafı təfsilatı ilə dilə gətirildi, görüləcək işlər haqqında ətraflı məlumat verildi. Bu baxımdan da əminliklə deyə bilərik ki, bu gün müstəqil Azərbaycan dövləti bütün sferalarda özünün ən parlaq mərhələsini yaşayır. Bundan əlavə, ən mühüm amil ondan ibarətdir ki, bu gün ölkəmizdə güclü və sıx xalq-iqtidar bir­liyi mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu birlikdən daha da güc alaraq qarşıda duran əsas vəzifələri şərəflə yerinə yetirir, sözünün imzası qədər dəyərli olduğunu atdığı hər addımla, həyata keçirdiyi siyasətlə sübut edir.

Şəbnəm HƏSƏNOVA,politoloq

 

16 Yanvar 2021 00:11 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə