Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin iqtisadi uğurları dərin islahatların məntiqi nəticəsidir

Ötən il ölkəmizin həyatı bir sıra mühüm hadisələrlə əlamətdar oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi qələbə ilə başa çat­dı. Bununla da xalqımızın tarixinə yeni şərəfli bir səhifə yazıl­dı. Qələbəyə gedən yol heç də asan olmadı. Son 25 il ərzində qalibiyyətin beynəlxalq hüquqi normativ bazasının formalaşdı­rılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti bu parlaq, möhtəşəm uğuru şərtləndirdi.

Prezident İlham Əliyev ötən ilin yekunlarına dair müşavirədə torpaqları­mızın işğaldan azad edilməsinin son 30 ilin ən mühüm tarixi hadisəsi olduğunu xüsusi vurğuladı: “Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz tor­paqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.

Müşavirədə barəsində danışılan əsas məsələlərdən biri də işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması ilə bağlı idi. Dövlətimizin başçısı bu istiqamətdə 2021-ci il ərzində Azərbaycan dövləti tərəfindən mühüm işlər görüləcəyini bil­dirdi və bununla bağlı müvafiq struktur rəhbərlərinə zəruri tövsiyyələrini verdi:

– bütün şəhər və kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. İlk növbədə böyük yaşayış məntəqələri bərpa edilməlidir. Aidiyyəti qurumlar tərəfindən kəndlərin optimal say tərkibi müəyyənləşdirilməlidir. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır;

–azad edilmiş torpaqlarda kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm əsas fəaliyyət sahələri kimi yaradılmalıdır;

–şəhərlərin bərpası bu yaşa­yış sahələrinin dəqiq say tərkibinin müəyyənləşdirilməsi əsasında apa­rılmalıdır. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir stan­dartlara cavab verməlidir.

Müşavirədə işğaldan azad edilən ərazilərdə bərpa məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının artıq fəaliyyətə başladığı, işin təşkilini təmin etmək məqsədilə həmin qərargahın nəzdində idarələrarası mərkəzin, mərkəzin nəzdində isə16 işçi qrupun yaradıldığı diqqətə çatdırılıb.

Həmçinin son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunan qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının və həmin planın əsasında tədbirlər planının hazırlanması və bu­nun bütün aidiyyəti qurumlarla razılaş­dırılması da vurğulanıb.

Müşavirədə xatırladılıb ki, işğaldan azad olunan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, həmin regionda müvafiq infrastruktur­ların yaradılması, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin olunması üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub. Azərbaycan Or­dusunun təchizatı, sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı yaradılıb.

Sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, ipoteka proq­ramlarının həyata keçirilməsi, sosial mənzillərin tikintisi və digər məqsədlər üçün 152 milyon manat vəsait nəzərdə tutulub. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu il 35 milyon manat vəsait ayrılıb.

Keçən il qlobal pandemiyanın yaratdığı çətinliklərə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisa­diyyata dəstək üçün kompleks tədbirlər, islahatlar həyata keçirildi. Bununla da iqtisadiyyatın kəskin enişinin qarşısı alındı. Tədiyə balansı qorunub saxlanıl­dı, makroiqtisadi sabitlik təmin olundu. Ölkədə kifayət qədər maliyyə imkan­ları yaradıldı. Bu isə büdcə kəsiri ilə bağlı qarşıya çıxan problemlərin həllini reallaşdırdı.

Azərbaycanın strateji valyuta ehtiyatları da il ərzində sabit saxlanılıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3 faizdən çox artıb.

Hesabat dövründə əsas vəzifələrdən biri investisiya qoyuluşlarının təmin edilməsi idi. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində özəl sek­torda investisiya yatırımı 8 faiz artdı.

Keçən il ölkə həyatının digər sahələrində də uğurlu göstəricilər əldə edilib: dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub. On il əvvəl büdcədə qeyri-neft sektoru­nun payı cəmi 26 faiz idisə, ötən il bu rəqəm 46 faizə qədər artıb.

Hesabat ilində kənd təsərrüfatında da mühüm göstəricilər qeydə alı­nıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il dekabr ayının 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin hər hektardan orta hesabla 30,7 sent­ner məhsul toplanıb. Bundan əlavə, 33,6 min hektar qarğıdalı sahəsindən 290,7 min ton məhsul yığılıb, hər hektardan orta hesabla 86,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl isteh­salı 3 milyon 221,9 min ton olub.

Əlbəttə, bütün bunlar iqtisadi uğurları əks etdirən göstəricilərin az bir hissəsidir. Ümumilikdə ötən ilin iqtisadi yekunları deməyə əsas verir ki, pan­demiya və müharibə şəraitində keçən 2020-ci il digər ölkələrlə müqayisədə Azərbaycan üçün müsbət yekunla diqqət çəkib. Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin yekunlarına həsr olunan müşavirədə də bu barədə deyib: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”.

Bəli, müəyyən çətinliklərə rəğmən Azərbaycanın iqtisadi sahədə uğurlar əldə etməsi düşünülmüş strategiya və aparılan dərin islahatların məntiqi nəticəsidir. Bu fikir beynəlxalq reytinq təşkilatlarının rəylərində də öz ifadəsini tapıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimul­laşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən biri olan “Doing Business” hesabatında Azərbaycan dünyanın “Ən islahatçı on ölkə”si sırasına daxil edilib.

Bu günlərdə “Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Ban­kının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib. Nəticədə ölkəmizin hesabatda mövqeyi 6 pillə yaxşılaşdırılıb. Belə ki, bu il avqustun 27-də Dünya Bankı tərəfindən yayımlanan press-relizdə bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlandığı və bunla­rın mahiyyətinin müəyyənləşdirilməsi istiqamətində müstəqil araşdırma apa­rılacağı bildirilmişdi. Dünya Bankının dekabrın 16-da yaydığı press-relizdə artıq qeyd edilir ki, göstəricilərlə bağlı məlumatlar yenilənib.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda üç istiqamətdə - elekt­rik təchizatı şəbəkələrinə qoşul­ma, müqavilələrin icrası, sərhəddə ticarət indikatorları üzrə aparılmış islahatların hesabatda lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Beləliklə, müvafiq düzəlişlərdən sonra Azərbaycanın əldə etdiyi bal 76,7 bal­dan 78,5 bala qədər artırılıb. Bununla da ölkənin qlobal reytinq sıralanma­sında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Nəticədə Azərbaycan Dünya Bankı tərəfindən yenidən dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilib. Xatırladaq ki, ölkəmiz “Doing Busi­ness 2019” hesabatında da birinci onluqda idi.

Yeri gəlmişkən, adıçəkilən bankın ölkələrin 10 indikator üzrə qiymətləndirilməsi məqsədini daşıyan “Doing Business” hesabatı biznes mühitinin dəyərləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Burada hər il ölkələr üzrə aparılan islahatlar həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf siyasəti, çoxşaxəli islahatlar bu qurum tərəfindən diqqətlə izlənilir. Odur ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlər Dünya Bankının hesa­batlarında da öz dolğun əksini tapır və yüksək dəyərləndirilir.

Ekspertlərin cari il proqnozları da iqtisadi sahədə nikbinlik doğurur. Belə ki, təqdim edilən iqtisadi proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ÜDM-in 3,4 faiz artacağı, qeyri- neft sektorunun ÜDM-də payının 70,5 faizə çatacağı, inflyasiyanın 3 faiz olacağı, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Özəl sektorun iqtisadi artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün bu il ərzində də mü­hüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

V.BAYRAMOV, “Xalq qəzeti”

16 Yanvar 2021 00:10 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə