Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi əlaqələr daha da güclənəcək

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin dialo­qunun ikinci görüşü bu respublikalar üçün geosiyasi əhəmiyyət daşımaqla ya­naşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək. Başqa sözlə, görüş üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirəcək, həmçinin rüsumların azaldılma­sı, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə, habelə qarşılıqlı investisiyaların qorunması kimi məsələlərin həllini sürətləndirəcək.

Nəqliyyat, ticarət, enerji, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən hava, dəmir yolu və avto­mobil əlaqələri, habelə regional bağlılıq təşəbbüslərinin reallaşdırılması yolu ilə regi­onal bağlılıq üzrə əməkdaşlığa əlverişli şərait yaradacaq.

Üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqu ümumi nominal ÜDM-i 1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir. Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47,1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.

Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Ha­zırda Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4,5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasın­dakı illik ticarət dövriyyəsi isə 14,8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər.

Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir. Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, bu ölkələrin şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar.

Sonda xatırladım ki, üç İslam ölkəsi nazirlərinin birinci görüşü 2017-ci ildə Bakıda keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri bölgədə sülhün və təhlükəsizliyin bərqərar ol­ması, Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq nizama salınması, müdafiə və təhlükəsizlik, üçtərəfli ticarət, nəqliyyat, təhsil, turizm və informasiya texnologiyaları, bank-maliyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

16 Yanvar 2021 00:09 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə