Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada önəmli aktorlardan biri hesab olunur

Ölkəmizin G20-nin builki Zirvə görüşünə dəvət olunması da bunun təsdiqidir

Azərbaycan növbəti dəfə “Böyük iyirmilər”in (G20) Zirvə görüşünə dəvət olundu. Dünyanın vacib aktoruna və strateji tərəfdaşına çevrilən respublikanın cari ili oktyabrın 30-31-də Romada keçiriləcək görüşə dəvət olunması, əlbəttə ki, ölkəmizin artan beynəlxalq nüfuzunun daha bir təsdiqidir. Bu da, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli in­kişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ən əsası, ölkəmizin qısa zaman ərzində nail olduğu bugünkü tərəqqi və gələcəyə doğru hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir və Azərbaycanın G20-nın Zirvə görüşünə dəvət alması məhz bu prizmadan nəzərdən keçirilməlidir. Şübhəsiz, ölkəmizin bu mötəbər sammitdə iştirakı beynəlxalq aləmdəki imicimizi daha da gücləndirəcək və bu günün aktual problemlərini daha effektiv həll etməyə imkan verəcək.

Azərbaycan bu gün, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilmiş, bütün regional məsələlərdə fəal iştirak edən regional sabitlik və inkişaf amilinə çevrilmişdir. Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə müsbət təsir göstərir. Xüsusilə də iqtisadi sahədə, enerji sahəsində atılan addımlar nəinki ölkənin inkişafını şərtləndirir, həm də regional proseslərə öz töfhəsini verir.

Sürətli sosial-iqtisadi inkişafı ilə regionun iqtisadi inkişaf mərkəzinə və nəqliyyat-kommunikasiya qovşağına çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə evsahibliyi edir, böyük təşkilatların tədbirlərinə dəvət alır. Bu da, əlbəttə ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Buna görə də, Azərbaycanın 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək G20-nın Zirvə görüşünə dəvət edilməsi çox böyük uğurdur.

Azərbaycan iqtisadiyyatının müstəqillik illərindəki inkişafı təkcə ölkə üçün deyil, bütün region üçün böyük əhəmiyyətə malikdir. Bu fakt da böyük ölkələrin diqqətindən yayınmır. Regionun iqtisadi lokomotivinə çevrilmiş ölkəmizin G20 ölkələri ilə bir masa arxasında müzakirələrə qoşulmasının yetərincə iqtisadi əsasları var.

Siyasi müşahidəçilərin fikrincə, qlobal iqtisadi inkişafın istiqamətləri barədə aparılacaq müzakirələrdə iştirak etmək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, dünya ölkələrinin iqtisadi sahədə təkliflərini dinləmək və geniş spektrli fikir mübadiləsi aparmaq faydalı imkandır. Xüsusilə investisiyaların cəlbi və infrastruktur layihələri barədə müzakirələr Azərbaycanın diqqətdə saxladığı mövzulardandır. Respublikanın mötəbər tədbirdə üzv dövlət səlahiyyətlərində növbəti dəfə iştirakı böyük diplomatik uğur kimi qiymətləndirilməlidir. Mütəxəssislərin fikrincə, bu, Azərbaycanın qlobal güc mərkəzləri tərəfindən tanınması və regiona aid məsələlərdə Bakı ilə hesablaşması anlamına da gəlir. Bu, həm də Azərbaycanın qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyət daşımasının da göstəricisidir. Təbii ki, Azərbaycan Prezidentinin G20 sammitində iştiraketmə üstünlüyündən milli maraqlarımızın təmin olunması üçün istifadə edəcəyi də şübhə doğurmur.

Xatırladaq ki, G20 maliyyə nazirlərinin və mərkəzi milli bank direktorlarının G20 qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini həll etmək məqsədi ilə sənaye cəhətdən inkişaf etmiş 19 ölkəni və Avropa İttifaqını bir araya gətirərək yaradılmışdı. Qeyd etmək yerinə düşər ki, G20 qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə bağlamaqla dünya iqtisadiyyatına əvəzsiz töhfələr verir. G20 ötən əsrin 90-cı illərində dünyanı bürüyən maliyyə böhranına cavab olaraq təsis edilmişdi və indiyədək qlobal miqyasda mühüm uğurlar qazanmışdır. Maliyyə sistemində pozuntuların, terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması kimi sahələri buna misal gətirmək olar. Bundan əlavə, G20 üzvləri özlərinin maliyyə və idarəetmə sistemi ilə nümunə rolunu oynayırlar. Qrup, həmçinin vergilər, gömrük rüsumları sahəsində beynəlxalq baxımdan standartlaşdırılmış qaydaların yaradılmasında mühüm rola malikdir.

Təcrübə göstərdi ki, G20 sammitləri yalnız tərəflərin siyasi öhdəlikləri üzərlərinə götürdüyü forum deyil, həm də dəqiq məqsədlərlə effektiv və təsirli təşəbbüslərin irəli sürülməsi üçün mühüm bir platformadır. Məsələn, ötən il Səudiyyə Ərəbistanında keçirilmiş G20-nin sammiti vətəndaşların müdafiəsinə və iqtisadi artımın bərpasına, COVID-19 pandemiyasının yaratdığı problemlərin həllinə, həmçinin daha yaxşı gələcək üçün əsasların qoyulmasına həsr olunmuşdu. Aydındır ki, COVID-19 pandemiyası qısa müddətdə dünya iqtisadiyyatına və cəmiyyətə ciddi ziyan vuraraq bütün dünyanı şok vəziyyətinə salmışdır. Təəssüf ki, pandemiya on milyonlarla insanın yoxsulluq içində qalmasına səbəb olan qlobal inkişafı ləngitmişdir. Bu çərçivədə G20-yə üzv ölkələr əməkdaşlığı gücləndirməyi və mövcud böhrandan çıxmaq üçün mümkün olan imkanlarını səfərbər edəcəklərini bildirmişdilər. Bundan başqa, G20-yə üzv ölkələrin iqtisadiyyatını gücləndirmək üçün hüquqi və fiziki şəxslərə 11 trilyon dollar yardım göstərərək, misilsiz bir addım atmışdı. Tərəflər mümkün xəstəlik dalğalarına qarşı mübarizə tədbirlərinin hazırlanmasının vacibliyini də qeyd etmişdilər. Mütəxəssislər bildirirlər ki, G20 dünyanın aparıcı ölkələrini birləşdirərək tədricən qlobal iqtisadiyyatın lokomotivinə çevrilmək və davamlı inkişaf üçün zəmin yaratmaq qabiliyyətini təsdiqləyir. Bu mənada Azərbaycanın G20-nin Zirvə görüşünə dəvət edilməsi bir sıra vacib məsələlərin müzakirəsi və problemlərin həlli yollarının axtarılması baxımından böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, 2014-cü ildə Türkiyənin G20-də sədrlik statusu əldə etməsindən sonra Azərbaycanı həmin təşkilatın tədbirlərində iştiraka dəvət etməsi xüsusi önəm kəsb etmişdi. Belə ki, dünya ticarətinin təqribən 80 faizi G20-yə daxil olan ölkələrin iqtisadiyyatının payına düşür. Məhz dünya iqtisadiyyatında baş verən problemləri əvvəlcədən görmək və qarşıya çıxan təzadları aradan qaldırmaq üçün G20 ölkələrinin təklifləri bütövlükdə qlobal iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə zəmin yaradır. Analitiklərin sözlərinə görə, Azərbaycan qlobal tədbirlərə qoşulmaqla təkcə G20-yə daxil olan ölkələrin təcrübəsini öyrənmək deyil, eləcə də ölkəmizin özünəməxsus milli iqtisadi inkişaf modelini böyük iyirmilik üzvlərinin diqqətinə çatdırmaq imkanı qazanır. Bu mənada iqtisadi inkişafın inklüzivliyinin təminində Azərbaycanın təcrübəsi əhəmiyyətlidir.

Xatırladaq ki, G20-nin Antalya Sammiti çərçivəsində Prezident İlham ƏliyevTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın keçmiş Baş naziri Matteo Renzi, Malayziyanın keçmiş Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair söhbətləri olmuşdu. Azərbaycanın G20-nin Antalya Sammitində təmsil olunması, Prezident İlham Əliyevin dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amil kimi qiymətləndirilmişdi.

Hazırda bir çox mütəxəssis G20 qrupunun qlobal koordinator roluna aşkar namizəd olduğunu vurğulayırlar. Əslində, belə qiymətləndirmə yerinə düşür. Ona görə ki, G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edir. Aydındır ki, dünya ölkələri hazırda ciddi çağırışlar qarşısındadır və bəşəriyyəti ağuşuna almış pandemiya və digər iqtisadi-siyasi problemlərin həll olunması həyati əhəmiyyət daşıyır. G20-nin növbəti Zirvə görüşündə də məhz belə qlobal problemlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi gündəmdə olacaq. Dünyanın ən böyük dövlətlərinin liderlərinin görüşünə dəvət Azəbaycana böyük etimadın göstərilməsi, gündəmdəki qlobal məsələləri birlikdə müzakirə etmək istəyi də deməkdir. Belə qlobal məsələlərin müzakirəsində iştirak etmək və öz fikirlərini aparıcı dünya dövlətlərinin liderləri ilə bölüşmək imkanı Azərbaycanı beynəlxalq birliyin mühüm subyekti kimi təqdim edən kifayət qədər möhkəm platformadır.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

16 Yanvar 2021 00:08 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə