Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində qələbə xarici mətbuatın gündəmindədir

Dünyanın nüfuzlu media orqanları Vətən müharibəsindən sonra Azərbaycanda baş verən prosesləri diqqətdə saxlayır, Qarabağla bağlı reportajların, məqalələrin yayımlanması davam edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutu­lan məsələlər icra edilməkdədir. Hazırda isə yanvarın 11-də Mosk­vada hər üç ölkə rəhbərinin görüşü və bu görüşdə müzakirə olunan məsələlər beynəlxalq mətbuatın gündəmindədir.

Avropa mediası başda olmaqla, Türkiyə və Rusiya mediası bu görü­şün baş tutacağı ilə bağlı xəbərlər, eləcə də müzakirəsi nəzərdə tutulan mövzulara yer ayırmışlar. “Euro­news” kanalının saytı “Putin, Əliyev və Paşinyan Moskvada Dağlıq Qarabağ məsələsini müzakirə edəcək “, Türkiyənin “Hürriyyət” qəzeti “Moskvada kritik Qarabağ zirvəsi”, “Bloomberg” saytı “Putin müharibədən sonra Ermənistan və Azərbaycanla ilk danışıqları reallaş­dıracaq”, Rusiyanın “RBK” kanalının saytı “Kreml Putin, Əliyev və Pa­şinyanın Qarabağla bağlı danışıq­larının anonsunu verdi” sərlövhəli məqalələrlə çıxış etmişlər.

Kremldən verilən açıqlama­ya əsasən bildirilmişdi ki, görüş zamanı ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Rusiya Prezidenti Vladimir Putinin 11 yanvar üçtərəfli Moskva görüşü ərəfəsində Novo-Oqaryo­vo iqamətgahında “Dağlıq Qara­bağ nizamlanması məsələlərinin” müzakirəsinə həsr olunmuş toplantı da Rusiya mediasının diqqətində olub.

Moskvada baş tutmuş üçtərəfli görüş hər cəhətdən beynəlxalq mətbuatın diqqətində oldu. Görüş zamanı imzalanmış üçtərəfli bəyanatın məzmunu və perspektivləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər xarici jurnalistlərin və siyasi ekspertlərin diqqətində olub.

Rusiya mediası Prezident İlham Əliyevin görüş zamanı toxun­duğu bir sıra vacib məqamlara diqqət ayırıb. “İzvestiya qəzeti” Əliyev Dağlıq Qarabağla bağlı bəyanatın icrasını effektiv adlan­dırıb” sərlövhəli məqalə dərc edib. Qəzet Prezident İlham Əliyevin münaqişə və regionun gələcəyinə yönəlik fikrilərinə yer ayırıb: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haq­qında düşünməliyik.”

Prezident İlham Əliyevin Moskva səfərinə bir sıra xarici ekspertlər də fikir bildiriblər. Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko tvitter səhifəsində Moskvada keçirilmiş üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb və istər Azərbaycan, istər Ermənistan rəhbərinin real du­rumunu obyektiv şəkildə bu cür təsvir edib: “Televiziyada Putinin İlham Əliyevlə və Nikol Paşinyanla təkbətək görüşünü izlədim. Putin və Əliyev bərabər səviyyədə danışırdı­lar, ancaq Rusiya Federasiyası pre­zidentinin Ermənistanın baş naziri ilə görüşündən elə bir təəssürat ya­ranır ki, Putin Paşinyan üçün siyasi psixoterapevt rolunda çıxış edir.”

Göründüyü kimi, Münxen Təhlükəsizlik Konfransında Pre­zident İlham Əliyevlə Paşinya­nın debat xarakterli görüşündə Azərbaycan lideri istər yüksək diplomatik məharəti, istərsə də Azərbaycan həqiqətlərinin tarixi və hüquqi baxımdan əsaslandırılmasına görə informasi­ya sahəsində qalib olmuşdusa, 44 günlük Vətən müharibəsindən sonra “dəmir yumruq” sahibi və zəfər çalmış ölkə rəhbəri kimi Moskva görüşündə çıxışı ilə öz üstünlüyünü nümayiş etdirdi. Münxen görüşündə olduğu kimi, Azərbaycan Preziden­tinin işğalçı ölkə təmsilçisindən hər cəhətdən üstün olduğu beynəlxalq media və xarici ekspertlər tərəfindən də etiraf edildi.

Bir sıra xarici media orqan­ları həmçinin 44 günlük savaşda Azərbaycanın öz torpaqlarını azad etməsi və 30 ilə yaxındır, öz doğma yurdlarına həsrətlə yaşayan məcburi köçkünlərin yaşantılarını da məqalələrində işıqlandırırlar.

Elə bu mövzuda ABŞ-ın jns.org saytı “Azərbaycanlılar Qarabağa qayıdır” sərlövhəli məqalə dərc edib. Məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin Bakının qələbəsi ilə başa çatması vurğulanır. Müəllif Diana Kohen Altman həmçinin Azərbaycanda ya­şayan yəhudilərin də Azərbaycanın taleyüklü məsələsində Azərbaycan xalqı ilə həmrəyliyindən bəhs edir. O yazıb: “Azərbaycan yəhudiləri də həmvətənləri kimi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi, döyünən ürəyi sayır. Onların Azərbaycanda kompakt yaşadığı Qırmızı qəsəbədən olan əsgər Daniel Zarbaliv təxminən 30 il işğal altında olmuş ərazilərin azad edilməsindən qürur duyur. Bu gün onun yaşadığı duyğular sanki Albert Aqarunovun hisslərinin əks-sədasıdır. Xatırladaq ki, Azərbaycan yəhudisi olan Albert Aqarunov 1992-ci ilin mayında Qarabağ uğrunda döyüşdə, silahdaşlarını xilas etməyə çalışarkən öldürülüb. O, ölümündən sonra Azərbaycanın ən yüksək hərbi mükafatına – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Birinci Qara­bağ müharibəsində döyüşən Albert Aqarunov deyirdi ki, “bura mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Odur ki, evimi qorumağım təbiidir”.

Məqalədə öz yurdlarından didərgin düşmüş vətəndaşların 30 illik həsrətdən sonra torpaqlarına qovuşacağı üçün sevinməsi xüsusi vurğulanır: “Bəli, bu gün ərazilərin işğaldan azad edilməsinə bütün azərbaycanlılar sevinir. Onlar Qarabağı ölkənin zəngin, çoxşaxəli mədəni irsinin mərkəzi hesab edirlər. Bu mədəni irsin tarixi həqiqətən qədim dövrlərə gedib çıxır. Odur ki, Qarabağın itirilməsi azərbaycanlılar üçün böyük faciə idi.”

Türkiyənin “Anadolu” agentliyində “Qarabağ zəfəri: 2020-ci ildə Türkiyənin xarici siyasətdə ən böyük nailiyyəti” sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd edilir ki,

Müşahidəçilərin fikrincə, Dağlıq Qarabağ zəfəri Türkiyə üçün Qaf­qazdan Orta Asiyayadək uzanan regionda yeni dövrün başlan­ğıcıdır: “2020-ci ildə Türkiyənin Azərbaycana verdiyi sabit və davamlı, konkret həllə yönəlmiş dəstəyi nəticəsində Dağlıq Qa­rabağ erməni işğalından azad olundu. Bununla yanaşı, bir əsr idi arzulanan Naxçıvan dəhlizinin açılması isə Türkiyə üçün Qaf­qazdan Orta Asiyayadək uzanan regionda yeni dövrün başlanğıcıdır.” Müşahidəçilərin fikirlərinə yer ayıran “Anadolu” agentliyinin əməkdaşı hesab edir ki, 2020-ci ildə Türkiyə xarici siyasətinin ən böyük uğuru Qarabağ zəfəridir. Bununla Ankara regionda siyasi, hərbi və iqtisadi çəkisini xeyli artırıb. Məqalədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Prof. Dr. Aygun Attar, Milli Müdafiə Universitetinin müəllimi Prof. Dr. İbrahim Ethem Atnur və Marmara Universitetinin Ünsiyyət fakültəsinin müəllimi Prof. Dr. Giray Saynur Dermanın fikirlərinə yer ayrılıb və onlar 2020-ci il üçün Türkiyənin xarici siyasətini, onun Qafqaza təsirini təhlil ediblər.

Türkiyənin nüfuzlu ingilisdilli “Daily Sabah” qəzeti “Qarabağın gələcəyi” sərlövhəli məqalə dərc edib. ADA Universitetinin prorek­toru Fariz İsmayılzadənin müəllifi olduğu məqalədə işğaldan azad edilmiş yurd yerlərimizdə dağı­dılmış və məhv edilmiş infrast­rukturun yenidən bərpa edilməsi, dirçəldilməsi ilə bağlı görüləcək işlərdən bəhs edilir.

Qeyd edilir ki, artıq Şuşaya yol salınması işlərinə başlanılıb. Müəllif Gələcəkdə bölgədə kənd təsərrüfatı, tikinti və turizm sektoruna investisi­ya imkanlarına toxunur və məcburi köçkünlərin öz yurdlarına qayıtması məsələsinin prioritet məsələ olması­nı qeyd edir.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

16 Yanvar 2021 00:06 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə