Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mədəniyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu

Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq zəmanənin çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmişdir. Müstəqil Azərbaycan mədəniyyətinin inkişafında ulu öndərin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin xidmətləri də alqışa layiqdir. Dövlət başçısı mədəniyyətimizə xüsusi qayğı göstərir, onun gələcək inkişaf təməlini yaradır. Yeni mədəniyyət naziri təyin olunmuş Anar Kərimovun videoformatda qəbulu zamanı ölkəmizin mədəni inkişafının strateji istiqamətlərini diqqətə çatdırmışdır. Görüş zamanı milli mədəniyyətimiz barədə ətraflı məlumat verən dövlət başçısı demişdir: “Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik.”.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə bizim muzeydə olmuş, yeni korpusun açılış mərasimində iştirak etmişlər.

Son vaxtlar bütün çətinliklərə baxmayaraq mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır. Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirib, mədəniyyət işçiləri ilə onlayn tədbirlərdə onların fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Mən Milli İncəsənət Muzeyinə rəhbərlik edirəm. Bizim muzey Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən ötən il martın 14-dən etibarən ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq onlayn iş rejiminə keçib. Fəaliyyətimizi ona görə davam etdirdik ki, sənətsevərlər bizim muzeydə mühafizə olunan gözəl sənət əsərlərini onlayn izləyə bilsinlər. Əksər muzeylərimizin də fəaliyyəti bu formada davam etdirilmişdir.

Bu yaxınlarda Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Nərgiz Abdullayeva işğaldan azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat vermişdir.

Videokonfransda tarixi zəfərlə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək qazi olan muzey əməkdaşlarının adları qeyd edilmiş, onlara daim diqqət və qayğı göstərilməsinin əhəmiyyəti vurğulanmışdır.

Görüşdə iştirak edən muzey rəhbərləri azad edilmiş torpaqlarda bərpa ediləcək muzeylərlə bağlı təkliflərini irəli sürmüş, bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildirmişdir. Belə ki, “Qarabağın musiqi xadimləri muzeyi”nin yaradılması, muzeylərin fondunda saxlanılan eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzey fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərə başlanılması səsləndirilən təkliflər arasında olmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə təşkil olunan muzeylərin, o cümlədən, Zəfər muzeyinin yaradılması məsələsi də bu gün gündəmdədir.

Prezidentimizin mədəniyyət naziri ilə görüşündə digər mədəniyyət və incəsənət sahələrinin də inkişafı diqqətdə kənarda qalmadı. Cənab Prezident ədəbiyyatımızdan, milli musiqimizdən, aşıq sənətimizdən, memarlığımızdan, tarixi mədəni abidələrimizdən danışdı. Qeyd etdi ki, bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. Dövlət başçımız həmin görüşdə 2021-ci ili “Nizami ili” elan etdi.

Cənab Prezident bu görüşdə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı fikirlərini də bildirdi. “Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verilib”.

Prezidentimiz Mədəniyyət Nazirliyinə öz tapşırıq və tövsiyələrini də verdi. İşğaldan azad edilmiş ərazilərdə bərbad günə qoyulmuş dini və mədəni- tarixi abidələrin bərpasına xüsusi diqqət göstərilməsinin vacibliyini xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir.

Şübhəsiz, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi cənab Prezidentin qarşıya qoyduğu bu mühüm vəzifələri uğurla həyata keçirəcək.

Çingiz FƏRZƏLİYEV,
Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi

16 Yanvar 2021 00:05 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə