Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sizə deməyə sözüm var...”

O gecə sanki yuxusu da ərşə çəkilmişdi.Tez-tez yazı masasının arxasına keçir, sabahkı onlayn mühazirəsində deyəcəklərinə bir daha nəzər salır, yeni faktlar, rəqəmlər əlavə edirdi. Amma bir an belə fikrindən çıxmayan və onu hədsiz hiddətləndirən erməni qəsbkarlarının son günlər Gəncədə törətdikləri vəhşiliklər idi. Kompüteri, demək olar ki, daim açıq saxlayırdı. Oktyabrın 4-dən, yəni Gəncə şəhərinə Ermənistan ərazisindən ilk raket zərbəsindən sonra postsovet məkanındakı aqrar ali məktəblərin rektorla­rına, bir sıra xarici ölkələrdəki həmkarlarına məktublar yazır, zəng edir, fotolar, videolar göndərirdi.

O, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması, evlərin, obyektlərin dağıdılması, o cümlədən rəhbərlik etdiyi aqrar universitetin aqrotex­nologiya fakültəsinin tədris binası­na zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını müntəzəm məlumatlandırırdı. İndi də həmkarlarının cavab məktublarını dönə-dönə oxumaqla sanki toxtaqlıq tapırdı. Birdən...

Dəhşətli gurultu səsindən dik­sindi. Sanki ayağının altından yer qaçdı. Qeyri-ixtiyari saata baxdı. Saat 1 idi. 17 oktyabr, gecə saat 1. Bildi ki, ermənilər Gəncəni yenə raket atəşinə tutublar və bu, xain düşmənin qədim şəhərə artıq 4-cü atəş zərbəsi idi. Şəhərin mərkəzini hədəfə almışdılar bu dəfə...

Tükürpədici bir mənzərə ilə qarşılaşdı. Körpə uşaqların naləsi, bir anda evləri yerlə-yeksan olan insanların həyəcanla ora-bura qaçması, ilk baxışda nə baş verdi­yini anlamayan qadınların, uşaq­ların, yaşlıların çaşqın nəzərlərlə ətrafa boylanması, doğmalarını axtarması, uçqunların altından gələn inilti səsləri, eyni zamanda, şəhər sakinlərinin həmin anda göstərdikləri birlik, mütəşəkkillik, cəsarət aylar, illər keçsə də yadından çıxmayacaq. Elə gecə ikən yataqxanaya gətirdiyi, yemək-içmək, pal-paltar, qab-qacaq verdiyi bu evsiz-eşiksiz uşaqların, valideynlərini itirmiş körpələrin sifətlərini unutmaqmı olar?!

Yəqin bildiniz söhbət kimdən gedir. Bəli, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdan. Yuxarıda təsvir etdiyim hadisədən cəmi bir neçə gün əvvəl onunla virtual bir görüşümüz olmuşdu. O vaxt rektorun dediyi sözlər hələ də yadımdan çıxmır: “Oktyabrın 4-ü, 5-i və 8-də Azərbaycanın ikinci böyük şəhərini – Gəncəni raket atəşinə tutarkən, hətta müqəddəs ziyarətgahımızı – İmamzadəni dağıtmağa cəhd göstərərkən mən gəncəlilərin bir daha fədakarlıq, mərdlik, cəsarət, xeyirxahlıq keyfiyyətlərinin şahidi oldum. Adamlar bu xain hücumlardan nəinki qorxub qaçdılar, əksinə az qala, bütün şəhər camaa­tı evləri dağıdılmış sakinlərin yanına gəldi, toz-torpağın içindən yaralıları çıxarmağa, kömək etməyə başladı. Bədnam qon­şularımızın bu mənhus niyyəti də baş tutmadı. Azərbaycan xalqının mətinliyi, mütəşəkkilliyi, öz Prezidenti ətrafında sıx birliyi onların naqis və xain arzularını gerçəkləşdirmədi. İndinin özündə qədim Nizami yurdu adi günlərini yaşayır...”

Həmin günlərdə, işğal altında olan şəhər və rayonlarımızın, kəndlərimizin düşmən tapdağın­dan azad olunduğu vaxtlarda İbrahim Cəfərovun qəzetimizdə maraqlı bir məqaləsi də dərc olun­muşdu. Məqalə bu cümlələrlə ta­mamlanırdı: “Qələbəmizə, doğma torpaqlarımızın işğaldan tamamilə azad olunacağı günə, Azərbaycan Bayrağının Xankəndidə, Şuşada və digər yerlərdə dalğalanacağı ana az qalır, lap az. Biz bunu – böyük təntənə ilə qeyd edəcəyimiz anı səbirsizliklə gözləyirik. Biz cənab Prezidentimizin yaxasında Azərbaycanın Milli Qəhrəmanının nişanını görmək arzusu ilə yaşayı­rıq. Xalq o anı gözləyir!”

…İbrahim Cəfərovun özü Azərbaycan Dövlət Aqrar Uni­versitetinin məzunudur, kənd təsərrüfatı elmləri doktoru, profes­sordur. O, Azərbaycan Republika­sı Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə universitetə rektor təyin edilmiş və bu ali məktəbin sayca 15-ci rəhbəridir.

O, 1956-cı il yanvarın 20-də Naxçıvan Muxtar Respublika­sının Şərur rayonunda anadan olmuşdur. 1988-ci ildə Moskva­da, K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında əyani aspiranturanı bitirdikdən sonra ADAU-da assistent, dosent, kafed­ra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrində çalışmış, 2013-cü il fevralın 18-dən iyulun 25-dək rektorun səlahiyyətlərini icra etmişdir.

Rektorun 8 illik fəaliyyəti dövründə universitetdə maddi-texniki bazanın yenidən qurul­masında əsaslı işlər görülmüş, tədris və əmək intizamının möhkəmləndirilməsində, tələbə-müəllim, tədris-köməkçi heyətin tədris prosesinə məsuliyyət hissi xeyli artırılmış, sessiya imtahan­larının qəbulunda, tələbə-müəllim münasibətlərində tam şəffaflıq ya­radılmış, tələbələrin sayı 6 mini öt­müş, əcnəbi tələbələrin sayı 160-a çatmışdır. O, 250-dək elmi əsərin, o cümlədən, dərslik, dərs vəsaiti, monoqrafiyaların müəllifidir. Bir neçə tanınmış xarici ölkə univer­sitetinin fəxri doktorudur. 2014-cü ilin iyun ayından AMEA-nın müxbir üzvüdür.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan İbrahim Cəfərovun qısa tərcümeyi-halıdır. Əslində, onu daha yaxından tanımaq üçün ünsiyyət saxlamaq, ictimai rəyi öyrənmək, rektor kimi gördüyü işlərlə yaxından tanış olmaq lazımdır.

Bu illərdə aqrar universitet çox inkişaf edib. İbrahim müəllim yarızarafat, yarıciddi deyir ki, mən şanslı rektoram. Həqiqətən İ. Cəfərovun rektorluğu dövründə Azərbaycanda yeganə kənd təsərrüfatı mütəxəssisi hazırlayan bu ali məktəbdə elə işlər görülüb, elə bir maddi-texniki baza yaradı­lıb ki, ən inkişaf etmiş dövlətlərin oxşar ali məktəblərinin rəhbərləri bunları gəlib gördükdə heyrətlərini gizlətmirlər. Rektor “şanslı” olmağını isə ölkə Prezidenti İlham Əliyevin bu illərdə aqrar universitetə göstərdiyi misilsiz diqqət və qayğı ilə əlaqələndirir. Deyir “mənə Azərbaycanda ali məktəb göstərin ki, ölkənin birinci şəxsi son 5 ildə 3 dəfə ora getsin, obyektlərin açılışında şəxsən özü iştirak etsin”.

İbrahim müəllimin bu ali məktəbə rəhbərlik etdiyi dövrdə ən böyük xidməti illər uzunu hökm sürən rüşvətxorluq və bu kimi neqativ hallara qarşı amansız mübarizə aparmasıdır. Bu, elə bir faktdır ki, onu heç kəs dana bilməz. Çünki müqavimətlər, maneələrlə qarşılaşmışdı və onları tədricən yoluna qoymuşdu. İndi həmin qüvvələr özləri etiraf edirlər ki, bu, ən düzgün bir yol idi. Bu yol ölkə Prezidentinin göstərdiyi və buna görə daim mübarizə apardığı yol idi. Əslində, yeni rektorun ilk təşəbbüsü kimi də qiymətləndirmək olardı bu işi. Özü də rektor təkcə “heç kim tələbədən rüşvət almamalıdır” deməklə kifayətlənmirdi. Müəllimlərin əməkhaqqına nəzərəçarpacaq dərəcədə əlavələr olunurdu, tələbələr üçün hər cür şərait yaradılırdı, maddi və mənəvi həvəsləndirmə metodları işə salınırdı və sair. Elə ilk sessiya im­tahanlarında neqativ halların ləğvi, şəffaflığın yaradılması məqsədilə 165 kompüter dəsti alınmışdı, on­ların 152-si mühəndislik korpusu­nun 2 auditoriyasında quraşdırıl­mışdı. Nəticədə ilk dəfə olaraq yaz semestrinin imtahan sessiyası tam şəffaf səviyyədə keçirildi. Yadım­dadır, o vaxtlar bu, universitetdə və şəhər ictimaiyyəti arasında ilk və çox müsbət bir rezonans yaratmışdı.

İbrahim Cəfərovu tələbələrə sevdirən cəhətlərindən biri onlarla son dərəcə səmimi və diqqətcil ol­masıdır. Təsadüfi deyil ki, rektoru “tələbənin adamı” adlandırırlar. O, az qala bütün məsələləri tələbənin xeyrinə həll etməyə çalışır. Tələbə ona istədiyi vaxt ürəyini aça bilir. Auditoriyada, küçədə, kabinetində, hamı üçün açıq olan facebook səhifəsində...

Heç yadımdan çıxmır. İki il qa­baq rektorla birlikdə tədris korpus­larına, yataqxanalara baş çəkir, vəziyyətlə yerində tanış olub yazı hazırlamaq istəyirdim. Baxırdım ki, qarşı tərəfdən gələn tələbələr rektoru görən kimi çöhrələri işıqla­nır, nəzakətlə salam verib keçirlər. Rektor bəzən kimisə saxlayır, hal-əhval tutur, nəyisə öyrənmək istəyirdi. Maraqlıdır ki, onların hər birinin adını, hansı fakültədə oxu­duğunu bilirdi. Tələbə də bəzən bu səmimiyyətdən cəsarətlənərək “müəllim, Sizə deyiləsi sözüm var” deyərək rektoru bir kənara çəkirdi.

Rektor deyir ki, tələbəni incitmək olmaz. Əgər o, hər hansı bir qeyri-ixtisas fənnindən qeyri-məqbul qiymət alıbsa, deməli kursda qalmalı və təbii ki, ordu sı­ralarına çağrılmalıdır. Belə çıxır ki, sonuncu kurs tələbəsi, yəni artıq diplom almağa hazırlaşan tələbə ən azı bir il, il yarım gözləməlidir. Niyə? Bu ki, ədalətsizlikdir!

…Bilmirəm, bu ali məktəbdə olmusunuz, ya yox, amma bircə təəssüratımı bölüşüm ki, adam özünü 100-200 illik müstəqillik tarixi olan tədris müəssisəsində hiss edir. Hazırda Azərbaycanda belə “Tələbə şəhərciyi” olan ikinci bir universitet yoxdur. Başqa ali məktəblərdə belə müasir laborato­riyaların, ucu-bucağı görünməyən tədris-təcrübə təsərrüfatının, maşın parklarının, istixanaların, müxtəlif komplekslərin olduğunu da eşitməmişəm.

Ötən ay, dekabrın 14-də Azərbaycan Dövlət Aqrar Univer­sitetinin 100 yaşı tamam oldu. Ali məktəbin rektoru ertəsi gün özü­nün Facebook səhifəsində maraqlı və səmimi bir status paylaşdı: “Sa­bahınız xeyir, uşaqlar, qalxın, yat­maq vaxtı deyil. Kimlərsə sərbəst işlərini, kimlərsə kurs işlərini və ya layihələrini təhvil verməli, tədris semestrinin sonunun hazırlıqlarını görməlidir. Artıq biz aqrar univer­sitet olaraq 100 yaşa qədəm qoy­muşuq. Bu fakt da bizdən daha məsuliyyətli olmağı tələb edir. Xoş həftə başlanğıcı arzusu ilə,

Sizin İbrahim müəllim”.

Yeri gəlmişkən qeyd edim ki, bu yubileyin yüksək səviyyədə qeyd olunmasını universitetdə hamı böyük səbirsizliklə gözləyir. Çünki yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Uni­versiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksək ixtisaslı mütəxəssis hazırlamışdır. Onların arasında ruslar, ukraynalılar, be­laruslar, gürcülər, türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur. Bu ali məktəbin aiditoriyalarında yüzlərlə görkəmli alim və siyasi xadim, SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatları, Sosialist Əməyi qəhrəmanları yetişib. İndiyədək məzunlardan 14 nəfəri AMEA-nın həqiqi üzvü, 9 nəfəri isə müxbir üzvü olmuşdur.

Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ali məktəbə göstərdiyi sonsuz diqqət və qayğıdan həvəslə, ağızdolusu danışır, fikrini konkret rəqəmlərlə və faktlarla təsdiq edir:

– Сənab Prezidentimizin aqrar sahəyə və təhsilə qayğı­sı sayəsində 2014-2020-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki baza­sı əhəmiyyətli dərəcədə yenidən qurulmuş, tədris binaları əsaslı təmir olunmuş, yeni korpuslar inşa edilmişdir.

Prezidentimizin Gəncəyə səfəri çərçivəsində çoxsaylı sosial-mədəni obyektlərlə yanaşı, 2016-cı il fevralın 17-də birinci, 2017-ci il noyabrın 10-da ikinci və keçən il iyunun 24-də üçüncü dəfə “Tələbə evləri”nin, tədris korpuslarının açılışlarında şəxsən iştirakı, xoş sözlər söyləməsi, universitetimizin gələcək inkişafı naminə tövsiyələri ADAU ailəsini daha yaxşı işləməyə ruhlandır­mışdır. Bu açılışlar zamanı cənab Prezidentin bütün xahişlərimizi nəzərə alması və dərhal da göstəriş verərək vəsait ayrılması bir daha göstərdi ki, ölkə rəhbəri kənd təsərrüfatı üçün yüksək ix­tisaslı kadrların yetişdirilməsində çox maraqlıdır və ona görə də bu sahənin inkişafı naminə əlindən gələn köməyi əsirgəmir. Bütövlükdə, dünya standartları səviyyəsində inşa edilmiş binalar, yataqxanalar tələbələrin nor­mal təhsili və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynamaqla yanaşı, əcnəbilərin də universitetə cəlb olunmasına şərait yaradır...

Rektor danışdıqca gözləri işıqlanır: “Xoşbəxtəm ki, arzu­ladığım, xəyallarımda yaşatdı­ğım işləri cənab Prezidentimiz gerçəkləşdirdi” – deyir.

Son illər universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində əsaslı müsbət dəyişikliklər baş verir. Bir vaxt­lar 150- 200 balla universitetə daxil olmaq mümkün idisə, bu gün hətta 300,400 bal toplayan abituriyent istəyinə nail ola bilmir. Hazırda 400-650 arasında bal toplamış abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Uni­versitetini seçənlərin sayı xeyli artmışdır. Bu, onunla əlaqədardır ki, universitetdə bitkiçilik və hey­vandarlıq sahələri üzrə çoxsaylı mərkəzlər, müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və labora­toriyalar, kabinələr, rahat yaşayış üçün nümunəvi yataqxanalar yaradılmışdır. Bununla yanaşı, universitetdə vaxtaşırı olaraq müxtəlif mövzularda müsabiqələr, yarışlar, sərgilər keçirilir, tələbələr layihələrdə iştirak edir, qaliblər mənəvi və maddi cəhətdən mükafatlandırılırlar. Universitetin xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələri olduğundan həmin universitetlərdə tələbələrə təhsil almaq imkanı yaradılır.

…İbrahim müəllimin diqqətçəkən xüsusiyyətlərindən biri, bəlkə də birincisi onun son dərəcə vətənpərvər ol­ması, dövlətə və dövlətçiliyə, ölkə Prezidentinə sədaqəti, ölkənin ictimai-siyasi həyatında baş verənlərə operativ və özünəməxsus şəkildə reaksi­yası, qaragüruhçulara, “sapı özümüzdən” olanlara kəskin cavab verməsi, ictimai-siya­si həyatda yaxından iştirak etməsidir. Hələ yadıma gəlmir ki, o, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə baş verən proseslərdən kənarda qalsın, laqeydlik göstərsin.

Görkəmli alimin, həyatının bö­yük bir hissəsini kənd təsərrüfatı mütəxəssisləri yetişdirilməsinə sərf edən professor İbrahim Cəfərovun 65 yaşı tamam olur. Təvazökar insan, tələbələrin və ziyalıların dostu İbrahim müəllimi səmimi-qəlbdən təbrik edir, ona yeni uğurlar arzulayırıq.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

16 Yanvar 2021 00:04 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə