Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllı sabaha ümidlə baxır və inamla irəliləyir

“Zaman ən yaxşı müəllimdir” – deyənlər tamamilə haqlıdırlar. Əslində, biz uzun illərdir ki, bu həqiqətin şahidiyik. Ancaq yenicə geridə qoyduğumuz 2020-ci il həmin kəlamı bizə dəfələrlə xatırlatdı. İlin əvvəllərində -- koronavirus pandemiyasına qarşı mübarizənin başlandığı günlərdə Prezident İlham Əliyev xalqa müraciətində demişdi ki, “Biz birlikdə güclüyük!” İsmayıllıda həmin çağırışa dərhal və yüksək səviyyədə cavab verildiyinin şahidi oldum. Bölgə müxbiri olaraq, bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər haqqında dəfələrlə söz açmışam.

İyul ayında Ermənistanın törətdiyi təxribatdan və Azərbaycan Ordusunun onlara layiqli cavab verməsindən sonra Prezident xalqa müraciətində dedi ki, ordu­ya dəstək olmaq istəyənlər küçəyə axışmasınlar, gedib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü kimi qeydiyyata alınsınlar. Qətiyyətlə deyə bilərəm ki, İsmayıllı gəncləri həmin təşəbbüsə qoşu­lanların önündə oldular və özünəməxsus uğurlara imza atdılar. Aşağıda o barədə xüsu­si söz açacağıq.

Sentyabrın 27-də Ermənistan və havadarla­rı “daha çox ərazilər zəbt etmək” arzusunu gizlətmədən üstümüzə hücum çəkən gün dövlət başçımız xalqa müraciət edərək dedi ki, biz öz ərazi bütövlüyümüzü və suverenliyi­mizi qorumaq üçün bir yumruq şəklində birləşməli, hər birimiz döyüşən ordunun yanında olmalıyıq. Xalq dövlət başçı­mızı necə dəstəklədisə, qısa müddətdə ermənilər başlarına dəyən zərbənin məhz “dəmir yumruq” olduğunu hiss etdilər. Qətiyyətlə deyə bilərəm ki, İsmayıllının hər bir fərdi – yəni təkcə gənclər və hərbi xidmətə yarayanlar deyil, rayonun bü­tün sakinləri həmin yumruğun zərbəsinin təsirini artırmağa xidmət etdi.

Yeri gəlmişkən, bu il yanva­rın 9-da rayon rəhbərləri Vətən müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşdülər. Tədbirdə icra hakimiyyətinin başçısı Nahid Bağırov və icra hakimiyyətinin əməkdaşları iştirak edirdilər. Əvvəlcə Hacıhətəmli kəndindəki Türk Şəhidliyi ziyarət olundu, abidənin önünə gül çələngi qoyuldu və şəhidlərin ruhu­na dualar oxundu. Sonra Hacıhətəmli, Qalagah, İvanov­ka kəndlərində və İsmayıllı şəhərində yaşayan qazilərə baş çəkildi.

Səmimi söhbətlərlə keçən görüşlərdə qazilər zəfər yolun­da yaranan xoş xatirələrindən danışdılar. Qeyd etdilər ki, müharibə vaxtı Ali Baş Ko­mandanımız İlham Əliyevin qətiyyətli iradəsi, xalqımızın orduya verdiyi dəstək onları qələbəyə daha da ruhlandırıb. Xüsusilə İsmayıllıdan gələn yardım karvanları çox qürurve­rici olub.

Müharibə dövründə cəbhədə ifa etdiyi “İsmayıllı” mahnısı ilə rayon sakinlərinin qəlbini ovsunlayan Qalagah kənd sakini, döyüşçü Nur­lan Həsənlinin ziyarəti isə daha maraqlı, millətimizin, dövlətimizin sabahına daha böyük ümidlər yaradan məqamlarla zəngin oldu.

Nahid Bağırov görüşlərin hər birində qazilərin özlərinə aid olan mövzulardan danışsa da, ümumi qənaəti belə idi ki, şəhid ailələri, qazilər və Vətən müharibəsinin iştirak­çıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər. Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) onların gələcəyinin təminatıdır: “Amma biz də burada, bu gün qazilərimizin hansısa problemləri, ehtiyacları varsa, təmin etməyə hazırıq”.

Bu zaman xüsusilə qeyd edilməli bir faktı yada sal­maq istəyirəm. İcra başçısı qazilərlə görüşə rayonun məsul işçilərini aparır ki, qaldırılan hər hansı məsələ yerindəcə həll edilsin. Qazilər isə, öz növbələrində əsasən heç nəyə ehtiyaclarının olmadı­ğını, dövlət tərəfindən lazım olan hər şeylə təmin olun­duqlarını bildirirlər. Elə şəhid ailələrinin təmsilçiləri də öz övladlarının mərdliyi, mətanəti, Vətənə məhəbbəti, dövlətçiliyə sədaqəti barədə danışmaqla kifayətlənir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edir, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildirirlər.

... İsmayıllının sabaha ümidlə baxıb, inamla getdiyini sübut edən faktlar və rəqəmlər istənilən qədərdir. Yadımdadır, ötən il iyulun 29-da İsmayıllı rayonunda Təzəkənd-- Ağ­bulaq --Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yolun açılışın­da iştirak edirdi. Təxminən dörd milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin ya­şadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur quruldu. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil ba­şına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vax­tında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.

Bu faktı xatırlatmaqda başqa məqsədim var. Belə ki, dövlət başçısına verilən məlumatda da deyildiyi kimi, yolboyu bütün lazımi infrast­ruktur qurulub. Hətta, rayon mərkəzindəki dayanacaqlar­dan birində avtobus gözləyən sərnişinlərin istifadə etməsi üçün internetə qoşulmaq imkanı da yaradılıb. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovdan soruşublar ki, bu dağ rayonunun dayanacağın­da internetə qoşulmaq kimə lazımdır? Rayon rəhbərinin o zaman verdiyi cavab hələ də yurdsevər insanların dilindən düşmür: “Dövlət başçı­mız dünyanın ən mötəbər tribunalarından deyir ki, Azərbaycanda əhalinin 75-80 faizinin internetə qoşulmaq imkanı var. Digər tərəfdən, cənab Prezident İsmayıllıya hər səfərində xatırladır ki, bu rayon geniş turizm potensialı­na malikdir və biz İsmayıllının həqiqətən turizm mərkəzinə çevrilməsinə nail olmalı­yıq. Bu istiqamətdə konkret addımlar atılır. Ona görə də biz istəyirik ki, turistlər və rayonumuzun qonaqları təkcə oteldə olanda deyil, elə avtobus dayanacağında da öz ölkəsi ilə əlaqə saxlayaraq “Mən Azərbaycanda, İsmayıl­lının mərkəzindəyəm” – deyə bilsin. Bir də ki, informasiya texnologiyaları, xüsusən, internet dünyanın sabaha yolunu sürətləndirir. Biz istəyirik ki, İsmayıllı da həmin sürətdən geridə qalmasın”.

Bəli, İsmayıllı sabaha gedən yolun təmin edilməsinə özünəməxsus töhfələr verir. Yol demişkən, xatırladaq ki, bəzi həmkarlarımızın pandemi­yaya görə rayonlarda hansı­sa layihənin icra edilmədiyi barədə dediklərinin İsmayıllıya qətiyyən dəxli yoxdur. Belə ki, rayon mərkəzinin küçələrində asfaltlama işləri plana uyğun davam edir. Yollar xüsusi tex­nikalar vasitəsilə hamarlanır, daha sonra asfalt örtük çəkilir.

Rayon icra hakimiyyətində qeyd etdilər ki, koronavi­rus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsi ölkəmizdə, eləcə də, İsma­yıllıda da nəzərdə tutulan heç bir layihəni təxirə sal­mayıb. Bu da möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanımızın nə qədər güclü olmasının bariz nümunəsidir. Rayonda dəfələrlə eşitdim ki, bu gün İs­mayıllıda çəkilən hər bir küçə, hər bir yol magistrala birləşərək bizi Qarabağa aparacaq, Şuşa­ya aparacaq. O Qarabağa ki, artıq orada əsgərlərimiz, xüsusi xidmət orqanlarımız torpaqların əsl sahiblərinin yurda qayıtma­sı üçün hazırlıq işlərini davam etdirirlər.

... Bu dağlar diyarında yeni sənaye müəssisələri yaradılsa da, çoxsaylı tu­rizm obyektləri inşa edilsə də, İsmayıllı ənənəvi kənd təsərrüfatı rayonu olaraq qalır. Elə bu sətirləri də rayonun adlı-sanlı fermerlərindən olan Nəbi Məhərrəmov barədə eşitdiyimiz xoş xəbərlə tamamlamaq istəyirik. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafın­da xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında 31 dekabr 2020-ci il tarixli sərəncamı ilə təltif olunanlar arasında İsmayıllıdakı “Ta­lıstan” fermer təsərrüfatının təsisçisi Məhərrəmov Nəbi Bağı oğlu da var. O, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Sadə zəhmət adamı­nın bu ada layiq görülməsi 2020-ci ildə təsərrüfatda əldə etdiyi uğurlar, göstərdiyi yüksək peşəkarlıq və mü­asir texnologiyaların tətbiqi nəticəsində olub.

Rayona üzağlığı gətirən bu halal torpaq adamını biz də təbrik edir və söz veririk ki, qəzetimizdə istənilən əmək qəhrəmanının uğurlarını təbliğ və təşviq etməyə hazırıq. Yeri gəlmişkən, 44 günlük müharibə dövründə arxa cəbhədə fəaliyyət göstərənlər də böyük diqqət və ehtiram­la qarşılanırlar. Elə mənim köhnə dostum, tanınmış iş adamı Azad Əliyev də məhz həmin xidmətinə görə rayon rəhbərliyinin təşəkkürnaməsinə layiq görülüb.

Şəhidlərinə min rəhmət, qazilərinə dözüm, dəyanət, əmək adamlarına isə daha böyük uğurlar arzulayırıq, İsmayıllı!

İnanırıq ki, tezliklə pande­miyasız günlərə qayıdacağıq və bu gözəlliklər diyarında daha böyük nailiyyətlərə imza atılacaq. Çünki burada insanlar sabaha ümidlə baxır və inamla irəliləyirlər.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri

16 Yanvar 2021 00:00 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə