Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitab toplama kampaniyasının təqdimatı keçirilib

Yanvar ayının 15-də Milli Kitabxanada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasının təqdimatı olmuşdur.

İlk olaraq bu kampaniyaya qoşulmağı qərara alan Xalq yazıçısı Elçinin işğaldan azad olunan kitabxanaların fondu üçün kitab hədiyyəetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Elçin Əfəndiyev Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək öz şəxsi kitabxnasından ilkin olaraq 500 nüsxə kitabı, o cümlədən öz kitablarını həmin fonda bağışladığını elan edərək bütün Azərbaycan ziyalılarına, alimlərə, yazıçı və şairlərə, xüsusilə gənclərə müraciət edərək bu nəcib çağırışa qoşulmağa çağırmışdır.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun qazandığı böyük Qələbədən danışıb. O, bildirib ki, qazanılan tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Kərim Tahirov qeyd edib ki, bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunan rayonlara – Füzuliyə və Cəbrayıla, Qubadlıya və Zəngilana, Ağdama səfərləri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “... biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitab toplama kampaniyasına başlamışdır. Bu layihəyə qoşulan ilk hörmətli ziyalımız, Xalq yazıçısı Elçin olmuşdur. O, öz şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim etmişdir.

Sonra, Xalq yazıçısı Elçin çıxış edərək ilk öncə Ali Baş Komandan və Azərbaycan ordusunun rəhbərliyi ilə qazanılan tarixi Qələbə haqqında fikirlərini bölüşüb. O, bildirib ki, qazanılan Qələbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin gücü mühüm rol oynamışdır. Və o, qeyd edib ki, işğal erməni işğalı nəticəsində illər ərzində xeyli sayda mədəni abidələrimiz və 1000-ə yaxın kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilmişdir. Belə bir humanitar aksiyanı təşkil etdiyi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirən Xalq yazıçısı öz həmkarlarını, bütün ziyalıları və Azərbaycan vətəndaşlarını, habelə bütün kitabsevərləri bu layihədə fəal iştirak etməyə səsləmişdir.

Daha sonra, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək 44 günlük müharibənin zəfərlə bitməsini sevinclə qarşıladığını bildirib. O, işğaldan azad olunan rayonların kitabxanaları üçün kitab toplama kampaniyasının əhəmiyyətindən danışaraq bu layihəyə ilk olaraq Xalq yazıçısı Elçinin qatılmasının təsadüf olmadığını bildirib. Elçin müəllimin və onun atası Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərində həmişə bir Qarabağ sevgisi, Şuşa həsrəti hiss olunub və bu kövrək hisslər Elçin müəllimi dərhal bu addımı atmağa sövq edib. İnanıram ki, Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu humanitar çağırışına Azərbaycan Yazıçılar Birliyi və bütün kitabsevərlər qoşulacaq.

Sonda K.Tahirov Xalq yazıçısı Elçinə bu nəcib addımı üçün təşəkkür edərək bütün Azərbaycan ictimaiyyətini, xaricdə yaşayan həmvətənlərimizi, ziyalılarımızı, yazıçı və şairlərimizi, bütün nəşriyyatlarımızı və naşirlərimizi və bütün ölkə vətəndaşlarını fəal şəkildə bu aksiyaya qoşulmağa çağırmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Yanvar 2021 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə