Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Milli Xəbər Agentliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü barədə geniş informasiya dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda dövlətimizin başçısının təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarda Azərbaycan mədəniyyətinin izini silməyə çalışması, məscidləri təhqir etməsi, tarixi-mədəniyyət abidələrini dağıtması barədə fikirləri yer alıb. Qeyd olunub ki, Azərbaycana davamlı dəstək göstərdiyinə görə ICESCO-ya minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib: “Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək”.

Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələnin son 3-4 il idi müzakirə olunduğunu və ölkəmizin bu müzakirələrə yenidən nəzər salmaq istədiyini diqqətə çatdırıb. Bildirilib ki, əgər müsbət irəliləyiş olsa, bu məsələ çox tezliklə həllini tapa bilər. “Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək”, - deyə Azərbaycan Prezidenti bildirib.

15 Yanvar 2021 14:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə