Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın su ehtiyatları təsərrüfatın inkişafında dönüş yaradacaq

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev  işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları və onlardan yararlanma imkanları, torpaqların azad olunmasının su ehtiyatlarının idarə edilməsinə təsiri haqqında fikirlərini bölüşüb.

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Məhəmməd Abduyev deyib ki, Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun üçdə iki hissəsi tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan  ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetrdir. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların su ehtiyatlarından  məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegetasiya dövründə, çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.   

Qarabaq çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbtətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətlərinə - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrdə meyllilik və sululuq çox, axın sürəti  böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir.

Alim qeyd edib ki, işğal zamanı  bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yealtı  sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr  baxımından zəngin olduğundan  əkin sahələrinın suvarılması üçün daha münasibdir.

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının  iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən mütəxəssis bu ehtiyatların suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 Yanvar 2021 13:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə