Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərb tariximizin töhfəsi – “ Münxendən başlayan Zəfər “

Qarabağla, Qarabağ münaqişəsi ilə bağlı çox kitablar yazılıb, həqiqətləri bilmək üçün çox kitabların oxucusu olmuşuq. Saxtalaşdırılmış erməni yazılarına elmi əsaslarla, faktlarla, haqlı mübarizəni əks etdirən real, canlı çağırışlarla cavab verən son ayların bir kitabı bu gün ictimaiyyətin diqqətini xüsusi ilə cəlb etdi. Bu kitab Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Məlahət  İbrahimqızının elmi araşdırmaları, stenoqramlar, aktlar, xəritələr Qarabağ və Qarabağ münaqişəsinin gerçək tarixi, onun mahiyyəti haqqında obyektiv və tam doğru təsəvvürləri aşkara çıxaran “Münxendən başlayan Zəfər“ kitabıdır. Müəllif kitabı Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Vətən torpaqlarımızın müdafiəsi uğrunda canından və həyatından keçmiş əziz şəhidlərimizin xatirəsinə ithaf edib.

Kitabın redaktoru və siyasi məsləhətçisi, siyasi elmlər doktoru, professor Əli Əhmədovdur. Kitabın əsas mövzusu 15 fevral 2020-ci il tarixdə Almaniyada keçirilmiş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş paneldə  “ Mən buraya həqiqətləri söyləməyə gəlmişəm “ -- fikrini bəyan edən Prezident İlham Əliyevin çıxışındaki hər bir məsələnin arxasında  beynəlxalq təşkilatlar tərəfindən problemə dair qəbul edilmiş hüquqi sənədlərlə və dünya ictimaiyyətinə yönələn 10 milyonluq Azərbaycan xalqının haqq səsinin bütün mahiyyətini əks etdirir. Paneldəki diskusiyyanın stenoqramı olduğu kimi kitabda öz əksini tapır. Moderatorun  Prezident İlham Əliyevə  “Hazırkı tarixi məqamda daha vacib olan nədir? Beynəlxalq ictimaiyyət prosesi irəliyə doğru aparmaq və münaqişənin sizin üçün ən məqbul və sülh yolu ilə həlli üçün nə edə  bilər ?  - sualına Cənab Prezidentin birdəfəlik nöqtə qoyulan cavabı: “ Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyətdən danışan zaman, əsasən, ATƏT-in Minsk qrupu  həmsədrlərinin səylərini nəzərdə tuturuq. Onlar, nəhayət Ermənistan tərəfinə çox aydın şəkildə izah edilməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil ! Heç kim bu qeyri - qanuni qurumu tanımır. Bu birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı  beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki, BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqanlar yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: “ Erməni qoşunları işğal edilmiş ərazilərdən  dərhal və qeyri-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Bu, həmin 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təyziq göstərilməlidir ki, dayansın”.

Bu danışqlar münaqişənin yol xəritəsidir. Müəllif siyasi baxışlarında xəritənin vacib arqumentlərini, Prezident İlham Əliyevin Azərbaycanın danışıqlar prossesinə sadiq olduğunu, ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpa edilməsinə, nəticə olmasa, seçimin nəzərdən keçirilməyini  qarşıda duran əsas məsələ olacağını diqqətə çatdırır.

Müəllif  “Erməni xisləti”, “Erməni yalanının Münxendə ifşası”,  “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, “Tarixi ədalətsizlik: deportasiya, etnik təmizləmə və soyqırım” başlığı ilə böyük araşdırmalar apardığı, tarixi faktlarla erməniləşdirmə siyasətinin, erməni terrorozminin xronologiyasını yazmaqla, onları ifşa edir. Məsələyə faktlarla yanaşaraq, hər bir oxucusunda kitabın əbədi tarixi yaddaşı yaşatmaq prinsipi böyük əhəmiyyətə malikdir. Müəllif Azərbaycana aid XVIII – XX əsr xəritələrini kitabında əks etdirməklə, Azərbaycanın əraziləri haqqında əyani təsəvvür yaradır, tarixin zamanlarında sərhədlərin bölünməsi vəziyyətini göstərə bilir. Diqqət çəkən məqamlardan biri də Azərbaycan Kommunist Partiyası MK rəhbərləri haqqında verilən məlumatlar, erməni bolşevik kommunistlər olan Levon Mirzoyan, Ruben Rubenov və başqa xristian millətlindən olan insanların Azərbaycana rəhbərlik etdiyi dövrlərlə oxucusunu tanış etməkdir. Belə məlumatlar gənc nəslin və siyasətlə çox maraqlanan insanlar üçün yeni faktlar kimi maraqla qarşılanır.

Bu kitabı oxuyarkən hər birimizə tarixi həqiqətləri öyrənməklə bərabər, erməni millətçilərinin XIX – XX əsrlərdə uydurduqları saxta erməni tarixinin ifşa edildiyini subut edən sənədlərin ötən iki yüz ildə bölgədə baş verən tarixi proseslərdə erməni ideoloqlarının məqsədli və məkrli planlarının aşkar olunmasının, yalan və uydurmaların ifşasına, tarixi gerçəklərin bərqərar olunmasına aid məlumatlar da lakonik, aydın şəkildə bizi məlumatlandırır.  1978-ci ildə Ağdərədə ermənilərin 1828-ci ildə İrandan Azərbaycan torpaqlarına köçürülmələrinin 150 illiyi münasibəti ilə qoyduqları, üzərində ermənicə  “Marağa – 150  il ” yazılmış abidənin fotosu kitabın sonluğu kimi epiloq rolunu oynayır.

Münxendən başlanan Zəfər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə  27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi dövründə müzəffər ordumuzun rəşadəti nəticəsində 30 illik həsrətə son qoydu, erməni terrorçularının işğalı altında olan torpaqlarımız azad olundu, xalqımız 8 noyabr - Şuşanın azad olunması gününü - Zəfər Günü kimi qeyd etdi.

Bu gün qədim, tarixi torpaqlarımıza  - doğma ocaqlarına qayıdacaq günü səbirsizliklə gözləyən insanlar haqq və ədalətin Qələbəsinin sevincini yaşayır, möhtərəm Prezidentin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsini fəxr və qürurla qarşılayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün tarixi abidələrimiz, evlərimiz bərpa ediləcək, şəhərlərimiz, qəsəbə və kəndlərimiz azad, xöşbəxt həyatına başlayacaq.

Prezident İlham Əliyev şanlı Qələbə ilə Azərbaycanın ərazi bütovlüyünü bərpa etməklə “Qarabağ Azərbaycandır !” qətiyyətini və Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu  bir daha sübuta yetirdi və  bütövləşmiş ölkəmizin dünyada tanınmasına nail oldu.

Müəllif mövzunun tarixi əhəmiyyətini və mahiyyətini oxucuya daha dəqiq çatdırmaq üçün dünyanın nüfuzlu universitetlərinin tədqiqatçı alimlərinin, Azərbaycan, erməni tarixi mənbələrinin, statistik, etnoqrafik, toponimlərə əsaslanan ensiklopediyaların, Qarabağla əlaqədar siyasi, iqtisadi, mədəni, sosioloji məlumatlarla zəngin ədəbiyyatlardan istifadə etmişdir.

Bütün fəaliyyətində Qarabağ məsələsini diqqətdə saxlayan, uğurlu işləri ilə yeni - yeni töhfələrin müəllifi Məlahət İbrahimqızına böyük siyasi əhəmiyyəti olan “Münxendən başlayan zəfər” kitabı münasibəti ilə  təşəkkürümüzü bildiririk. Azərbaycanımıza daima Zəfər dolu günlər arzulayırıq.

 Vüsalə  FƏTƏLİYEVA,
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, 
YAP Şuşa rayon qadınlar şurasının sədri

15 Yanvar 2021 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə