Ən son xəbərlər
“Dünyanın bir çox ölkələrində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilməsinə baxmayaraq, bu il hər hansı bir ölkədə virusa qarşı kollektiv immunitetin formalaşması və bu yolla əhalinin əsas etibarilə yoluxmaya qarşı qorunması mümkün olmayacaq”. Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan deyib. O bildirib ki, bu il ərzində əhali immuniteti və ya kollektiv immunitetin hansısa bir mərhələsinə nail olmağı qeyri-mümkün hesab edir. S.Svaminatan öz açıqlamasında COVID–19-a qarşı, eyni zamanda, bir neçə etibarlı və təhlükəsiz peyvənd maddəsinin hazırlanması və kütləvi istehsalına başlanmasını ciddi tərəqqi kimi təqdir edib. Lakin, eyni zamanda, qeyd edib ki, bütün dünyada tələb olunan milyardlarla doza peyvəndin istehsalı və çatdırılması üçün zamana ehtiyac var. Buna görə də insanlar qarşıdakı dövrdə səbirli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər.
Böyük Britaniya hökumətinin “Pfizer” şirkətinin hazırladığı birinci və ikinci vaksinlər arasındakı müddətin 12 həftəyə qədər uzadılması təklifini dəstəkləməkdən imtina edib. Təşkilatın əməkdaşlarının fikrincə, “Pfizer” şirkətinin hazırladığı vaksinin birinci və ikinci komponentlərinin tətbiqi arasındakı fasiləni indiki üç həftədən 12 həftəyə qədər artırmağın heç bir mənası yoxdur. Bu qərar Böyük Britaniya səlahiyyətlilərinə risk qrupundan olan insanları peyvənd etmək üçün sərəncamında olan bütün dərman dozalarını istifadə etməyə və yalnız sonra gətirilən yeni preparatların vasitəsilə ikinci komponenti tətbiq etməyə kömək edə bilər. Ara müddət 12 həftəyə qədər artırılarsa, mövcud olan bütün materiallar ilk inyeksiya üçün istifadə ediləcək.
Lakin elmi müşahidələr göstərir ki, birinci komponent tətbiq olunduqdan sonra immun anticisimlərin səviyyəsi üçüncü həftəyə maksimuma çatır və sonra azalmağa başlayır. Məhz bu səbəbdən ÜST ekspertlərinin fikrincə, səlahiyyətlilər mütləq vaksinasiya olunmuş insanlara peyvəndin ikinci tərkib hissəsini ilk inyeksiyadan sonra 21 – 28 gün ərzində vurmalıdırlar. Bu, COVID – 19 infeksiyasına qarşı uzunmüddətli müdafiə şansını təmin etmək üçün yeganə yoldur.
Bununla birlikdə, Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi Böyük Britaniya səlahiyyətlilərinin qətiyyətinə təsir etməyə bilər. Onlar indi mutasiya olunmuş koronavirus ştammından qaynaqlanan infeksiyaların inanılmaz artımı ilə qarşılaşıblar. Və ən sərt karantin məhdudiyyətləri xəstəliyin azaldılmasına hələ ki, imkan vermir. Vaksin kifayət qədər deyil və mümkün qədər çox insana çatdırmaq üçün bütün mövcud dozaları istifadə etmək istəyi yaranır. Hökumətlər, bunun vaksinasiya gücünü kəskin şəkildə zəiflədəcəyini düşünmək istəmirlər, çünki ikinci dalğanı aşağı salmaq lazımdır.
Artıq dünyanın bir sıra ölkələrində yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Həmin tədbirin yaxın zamanda Azərbaycanda da tətbiq olunacağı gözlənilir. Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq: “Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar, ilk növbədə, əsasən tibb işçiləri, yaşı 65 – dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur”.
Mütəxəssislər bildirirlər ki, inhalyasiya proseduru COVID – 19 infeksiyası zamanı çox müsbət səmərə verir. Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti Aişə Kərimova deyib ki, inhalyasiyanın tərkibində istifadə edilən müəyyən preparatlar və bir qədər də steroid mənşəli dərmanların qəbul edilməsi, nəfəs yollarının açılmasına və selikli qişaların ödeminin aradan qaldırılmasına səbəb olur. Həmin müalicə prosedurunu xəstəliyin kəskin dövründə yox, nisbətən səngiyən mərhələsində etmək lazımdır: “Həm də proseduru bir – iki gün edib uğurlu nəticə əldə edən kimi dayandırmaq da düzgün deyil. Həkimin təyin etdiyi müalicə kursu sona çatdırılmalıdır. Müalicə prosesini 14 gün ərzində aparıb, testin nəticəsi neqativ çıxdıqdan sonra hər şeyin başa çatdığını düşünmək olmaz. Müalicədən sonrakı mərhələdə də mütləq 1 ay ərzində vitamin və su balansını gözləmək, fiziki fəallıq göstərmək, tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Xəstəlik nəticəsində orqanizmdə müəyyən qədər ağciyər zədələnməsi varsa, test nəticəsi neqativ olduqdan sonra da rentgen və kompüter müayinəsi zamanı ocaqların qaldığı müşahidə edilə bilər. Bundan ehtiyat etmək lazım deyil, ağciyərlərdəki həmin ocaqların sorulması üçün müəyyən vaxt lazımdır. Belə xəstələrin bir hissəsi, vəziyyətdən asılı olaraq, pulmonoqların və infeksionistlərin qərarı ilə evə yazıla bilər, lakin sonrakı mərhələdə heç olmasa 1 – 1,5 ay ərzində həkim nəzarəti altında dəstəkləyici terapiya aparılmalıdır”.
Son tədqiqatlarla alimlər qan qrupuna görə immunitetin zəif və ya möhkəm ola biləcəyini açıqlayıblar. Onlar ehtimal edirlər ki, ikinci qan qrupundan olan insanların virus infeksiyalarına daha tez yoluxduğu sübut olunub. Klinik araşdırmalarda A (II) qrup qan daşıyıcısı olan donorların 50 faizində interferonların hasili kəskin aşağı olub. İnterferonlar virus infeksiyaları zamanı immunitet tərəfindən hasil olunur və orqanizmi müdafiə edir. Lakin I, III, IV qan qruplarında interferonlar daha yaxşı və çox sintez olunur.
Bu baxımdan ən güclü qan qrupu IV qrup sayılır. 92 faiz halda bu bu qrupa aid insanlarda interferon zülalı yüksək səviyyədədir. Növbəti yerdə isə III qan qrupu gəlir. Qeyd edək ki, III qan qrupundan olan insanların koronavirusu daha yüngül keçirdiyi də bildirilir.
Onu da unutmamalıyıq ki, kimin hansı yarımnöv virusu tutacağı öncədən bəlli deyil. Amma əlamətlərlə bilmək olur. Buna görə də sadəcə “hərarəti yoxdur, bir gün oldu bitdi” demək doğru deyil. Digər əlamətləri izləmək və bədənə düşmüş virusun heç vaxt iki – uç günə çıxıb gedəcəyinə inanmaq lazım deyil. Əlamətlər başladısa, immunitetə çox da güvənməyin. Bu virusun necə oyun oynayacağı bilinmir. İmmuniteti aktivləşdirməyə çalışmaq vaxt itkisi ola bilər. Ona görə də ən asan və etibarlı profilaktikadan – maska məsafə və gigiyenadan düzgün istifadə etmək lazımdır. Odur ki, “boş ver, həmişə qrip oluruq, adi soyuqdəymədir” kimi fikirləri kənara qoyun və ailənizi, ətrafınızı yoluxdurmayın.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə