Ən son xəbərlər
№ 8 Bakı şəhəri, 13 yanvar 2021-ci il
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının səhiyyə naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri
Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.
2. Komissiyaya tapşırılsın:
2.1. 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyat-larda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
2.2. bu Qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə