Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İl yeni, baxış yeni...

2021-ci ilin ilk ayını yaşayırıq. Uzun illərdən sonra Şuşalı yeni ilimizdir bu il. Azərbaycanın tarixi zəfəri əməli fəaliyyət sahələrinə, demək olar, bütün parametrlər üzrə təsir edib, yeni çağırışlar, yeni imkanlar öz xoşməramlı diqtəsi ilə çıxış edir. Etməlidir də. Necə deyərlər, Azərbaycan öncəki Azərbaycan deyil! Üfüqümüz genişlənib. Bəlkə, indiyədək daha çox günün çağırışlarından, günün gerçəkliklərindən danışır, o gerçəkiklərə alışırdıqsa, indi Azərbaycanın “dəmir yumruğu” ilə yaradılmış gerçəkliklər gündəm olur, çağırışlarımız gündəlik yaradır. Və bütün bunlar harada ini­kas olur? Mediada. Yeni mediada. Bəs bizdə “Kütləvi informasi­ya vasitələri haqqında” Qanun nə zaman qəbul edilib? 7 dekabr 1999-cu ildə. Doğrudur, sonradan bir neçə dəfə qanun əlavə və dəyişikliklərlə yenilənib, lakin qanun həm də köhnə qanundur.

Bəlkə də, ən sürətlə, dinamik inkişaf edən sahə olmasına görədir ki, KİV haqqında Qanun günün tələblərinə cavab vermir, milli, xəlqi tələblərimiz, çıxarlarımız medianın gündəmi olmur…

Əlbəttə, İngiltərədən, başqa ölkələrdən hansısa sahə üzrə misallar gətirib, həmin sahələr üzrə qanunların nəinki 20 il, hətta 200 il öncəyə dayandığını söyləmək olar. Lakin həm də əlavə etmək lazım gəlir ki, hər ölkənin öz gerçəkliyi, hər gerçəkliyin öz ölkəsi, başqa sözlə, hər qanunun öz zamanı, hər zamanın öz qanunu var. Bizim gerçəkliklərimiz, gerçəkliklərimizin doğurduğu gündəm və s. daha çox keçmiş SSRİ coğrafiyasındakı, bir qədər geniş götürsək, sosialist sistemi ölkələri və ya yaxın qonşularla müqayisə olunsa daha düzgün nəticələr əldə edilər. Amma mən hətta bu müqayisəni də deyil, məhz “bizə nə lazımdır?” sualını ön plana çıxartmaq istərdim.

Gün ərzində yaxın dostlarımın KİV haqqında Qanunun çağdaş tələblərə uyğunsuzluğu haqqında yazdıqlarını da görüncə, düşündüm, daşındım, öz fikirlərimi bölüşməyi uyğun bildim. İşin içində yeni ilin havası, 44 günlük Vətən müharibəsinin üzə çıxardığı gerçəkliklər, qalib ölkə vətəndaşı olmağın ovqatı da var hər halda. Beləliklə, qalaq-qalaq qəzet oxudğumuz dövrlərdə qəbul edilmiş qanunumuz qüvvədə olsa da, öz-özündən (sövq-təbii) formalaşmış günün, inkişafın təbii qanunauyğunluğu da öz diqtəsini edir, öz varlığını hiss etdirir. Nə zamandır hamımızın bir barmağı telefonun, bilgisayarın düymələrində, gözümüz göyişıqlı ekrandadır. Televizor ekranını telefon, bilgisayar ekranı əvəz edir desək, yanılmarıq. Bu, yalnız bizdəmi belədir? – Xeyr! Bu, yaxşıdırmı, pisdirmi? – Məsələ, sual bu deyil.

İş ondadır ki, indi istənilən adam informasiya istehlakçısı olmaqdan çıxıb, informasiyanın istehsalçısına çevrilə bilər. İnformasiya məkanı yetərincə interaktivləşib. İndi “canlı bağlantı” yalnız 5 dəqiqə gecikməli TV ekranından, yaxud radio efirindən yayımlanmır, portallar, sosial şəbəkələr günümüzdə, güzəranımızdadır. Əvvəllər “evə icazəsiz girən mavi ekran”dan “şikayətçi” olanlar, indi öz şikayətlərini əllərində telefonun kamerasını çevirib söyləyir, sosial şəbəklərdə tirajlayır və gündəm ola (yarada) bilir. Artıq klassik qəzetçilik, redaksiya heyəti, məsul katib və bu kimi “institut”lar arxaikləşib, sanki.

Nədir məsələ? Məsələ ondadır ki:

– “KİV haqqında Qanun”umuz çağdaş tələblərə cavab vermir. Qanun öz sahəsini tam əhatə etmir, artıq vurğuladığımız kimi sosial media, internet jurnalistikası, ümumiyyətlə, tənzimlənmir;

– Azərbaycan dilinin qaydalarına riayət olunmur, jurnalistikanın nüfuzu arzuolunan səviyədən aşağıdır, hətta qeyri-peşəkarlıq problem ilə üz-üzəyik;

– Çağdaş İKT-dən gərəyincə yararlanıldığını demək çətindir;

– KİV sahəsindəki mövcud durum ölkəmizin – qalib ölkəmizin informasiya təhlükəsizliyinə nəinki cavab vermir, bəlkə, ona təhdid təşkil edir. Məsələn, mənəvi dəyərlərdən uzaq, hüquqtanımazlığa yaxın Ermənistanın ortaya atdığı istənilən yalan xəbər və dezinformasiyanın bizim yerli media tərəfindən tirajlandığı hallar bir deyil, beş deyil. Deməli, informasiya təxribatları ilə üz - üzə qaldığımız danılmaz faktlar sırasındadır;

– KİVDF də mövcud forması ilə tələblərə tam cavab vermədi, başqa sözlə, daha geniş yetkilərə malik, prosesləri tənzimləyə biləcək yeni bir quruma ehtiyac yarandı;

– “Çap mediası”nda durum daha acınacaqlıdır – qəzetlər oxunmur, satış bazarı bərbaddır, yayım sahəsi üzüntülüdür;

– Sözügedən sahədə sistemləşməyə, KİV haqqında yeni Qanuna, bu sahəni çağdaş tələblərə uyğun tənzimləyəcək, yaxud tələbləri çağdaşlaşdırmağa qadir yeni quruma ehtiyac var və s…

Bəli, jurnalistlərin, özəlliklə, TV və radio sahəsindəki jurnalistlərin peşəkarlığı tənqiddən ən çox nəsibini alan, ancaq hələ də arzuolunan səviyyə nümayiş etdirməyən sahədir.

Sosial media, internet mediası başlı-başına bir sahədir – kiminə görə, bu sahədə özbaşınalıqdır, kiminə görə “bütün yeniliklər sancılı olur – bu da keçər” arxayınçılığı var. Reket “jurnalistikası” isə ac canavar kimi dişini qıcayıb – sanki, onlar üçün üsul-vasitələrin dəyişməsinin bir o qədər də önəmi yoxdur, buqələmun kimi hər ortama uyğunlaşıb, öz “varlıq”larını sürdürəcək…

Uzun sözün qısası, Azərbaycan jurnalistikası yeni dönəmə hamilədir. Söz səhiyyəmiz, hüquq həkimliyimiz, qanun sağlamlığmız bu yeni doğuşun ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməlidir.

Söz bayrağımız, dövlət bayrağımız da uca olsun! Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

15 Yanvar 2021 03:40 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə