Ən son xəbərlər
Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən mətbuat hər zaman diqqətdə saxlanılıb, bu sahənin müasir cəmiyyət quruculuğu prosesində roluna mühüm önəm verilib. Ona görə də KİV bütün dönəmlərdə islahatlar aparılmaqla təkmilləşdirilib, medianın beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə ciddi tədbirlər reallaşdırılıb.
Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Lakin etiraf edək ki, media daim yeniləşmə tələb edən bir sahədir. Belə olduğu halda, deməli, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində də keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Yanvarın 12-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalaması da məhz bu ehtiyacdan – medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədindən irəli gəlib.
Sənəddə bildirilir ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.
Qeyd edək ki, bu gün informasiya subyektlərinə kompleks yanaşma sistemi qurulmaması səbəbindən bir çox hallarda sosial həyatda, cəmiyyətdə obyektivlikdən uzaq fikirlər formalaşdırmaq cəhdləri nəzərə çarır. Bu isə mövcud sahədə ictimai və hüquqi tənzimlənmənin aparılma zərurətini aktuallaşdırır. Bu məqamda hazırda narahatlıq doğuran bir məsələ də yada düşür. Xatırladım ki, indiki vaxtda Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasında müəyyən çətinliklər yaşanır. Məhz bu səbəbə görə də qlobal informasiya məkanında Azərbaycanın maraqlarının qorunmasında müəyyən narahatlıq doğuran problemlər nəzərə çarpır. Hətta bəzi hallarda milli mediamızın bu məsələdə zəif fəaliyyəti açıq-aşkar özünü göstərir. Vətən müharibəsi günlərində qeyd edilən çatışmazlığın ciddi şəkildə üzə çıxması da danılmaz faktdır.
Fikrimin təsdiqi kimi bir faktı diqqətə yönəltmək istərdim. Belə ki, 44 gün davam edən müharibə dövründə dövlətimizin başçısının dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələr zamanı xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri tərəfindən əsas mövzudan yayınılaraq, feyk məlumatlara istinad edilir, Azərbaycanın ünvanına əsassız ittihamlar, səsləndirilirdi. Münaqişədə guya, Türkiyənin iştirakı, “F-16”lardan istifadə, Suriya və Liviyadan muzdlular cəlb olunması, atəşkəsin pozulması və bir çox digər məsələlərdə qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Prezident İlham Əliyev isə hər dəfə təmkin, səbr göstərərək, bu ittihamları fakt və dəlillərlə təkzib edir, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, belə bir fürsət çərçivəsində, dünyaya əsl həqiqətləri çatdırır, bütün avantüra, qarayaxma kampaniyalarının, təzyiq cəhdlərinin qarşısını qətiyyətlə alır, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında haqq savaşı apardığını bildirirdi.
Etiraf edək ki, cənab İlham Əliyevin bu cür yorulmaz fəaliyyəti böyük bir jurnalist ordusunun aparacağı mübarizə ilə müqayisədə üstün idi. Başqa sözlə, müharibə şəraitində dövlət başçımızdan fərqli olaraq, media ilə bağlı ixtisaslaşmış müxtəlif ictimai qurumlarn işində düşmən təbliğatına qarşı fəal, ciddi müqavimət nəzərə çarpmadı, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlığının səmərəliliyi özünü göstərmədi. Məhz bu baxımdan yeni təsis edilən Medianın İnkişafı Agentliyinin mövcud problemin həllinə kompleks yanaşmaqla qarşılaşılan çətinlikləri aradan qaldıracağına əminəm.
Başqa bir məsələyə də toxunmaq istərdim. İndiyədək çap və onlayn media sahəsində inzibati xəta əlamətləri vaxtaşırı nəzərə çarpır və bu barədə heç bir tədbir görülmür. Bu baxımdan Medianın İnkişafı Agentliyinə inzibati xəta əlamətlərinin aşkar edildiyi təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin verilməsi mühüm önəm daşıyır.
Bütün bunlarla bərabər qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi, yaxud yenilənməsi, maarifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin reallaşdırılması kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri, şübhəsiz ki, mediamızın inkişafına müsbət təsir göstərəcək. Bu isə deməyə əsas verir ki, Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində önəmli vəzifəni reallaşdıracaq.
Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü
Köhnə versiyamızdan xəbərləri izlə