Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mediası yeni dövrün çağırışlarına hazır olmalıdır

Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizdə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq.

Hesab edirəm ki, həqiqətən, ölkəmizdə media sahəsində islahatların aparılmasına zərurət yaranmışdı. Belə ki, son dövrdə media məkanında informasiyadan təzyiq və şantaj məqsədilə sui-istifadə hallarının sayı artmışdı. Azərbaycanın uğurlarını istəməyən “qara qüvvələr” dövlətçiliyimizi təhdid etməyə cəhd edirdilər. Bu, əlbəttə, vətənpərvər insan­larımızda, ziyalılarda dərin hiddət və qəzəb doğururdu.

İnternet məkanında özbaşınalıq xüsusilə göz önündə idi. Bu, ağır fəsadlara gətirib çıxarırdı. Hər hansı bir ictimai, yaxud dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinfor­masiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedirdi. Bəzi qüvvələr süni ajiotaj yaratmağa çalışırdılar. Nəticədə, cəmiyyət yalan infor­masiya ilə yüklənir, sosial narazılıq yaranır, müxtəlif şəxslərə, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşırdı.

Azərbaycan mediasının əsas vəzifəsi cəmiyyəti obyektiv və peşəkar şəkildə məlumatlandırılmaqdır. Jurnalistin cəmiyyətin inkişafına mane olan noqsanları tənqid etməsi vacibdir, lakin tənqid konstruktiv olmalıdır, təhqir və şantaj yolverilməzdir. Ümid edirəm ki, yeni qurum jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də tədbirlər görəcək. Belə ki, “MEDİA”-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ var.

Bu gün Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılma­sıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ikinci Qarabağ müharibəsi günlərində dünyanın onlarla aparıcı KİV-inə müsahibələr vermiş, ölkəmizin ədalətli müharibə apar­dığını sübut etmişdir. Jurnalistlərimiz bu sahədə möhtərəm Prezidentdən nümunə götürməlidirlər. Xüsusilə erməni lobbisinin təsirinin güclü olduğu ölkələrin mediasında ölkəmizə qarşı qarayaxmalara vaxtında ca­vab verilməsi vacibdir.

Bu gün Azərbaycan regionun lider dövlətidir. Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan mediası, təbii ki, yeni dövrün çağırışlarına hazır olmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti medianın inkişafı üçün hər cür maliyyə və təşkilati dəstək verir. Ümid edirəm ki, mediamız onun qarşısında duran mühüm vəzifələrin öhdəsindən uğurla gələcək.

İlham MAZANLI,
BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

15 Yanvar 2021 03:38 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə