Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media islahatı milli jurnalistikamızın inkişafında yeni mərhələ açır

Bugünlərdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haq­qında” fərman dövlətin kütləvi informasiya vasitələri ilə bağlı siyasətinin təkmilləşdirilməsi, bu sahədə dəstək tədbirlərinin uğur­la gerçəkləşdirilməsi baxımından günün tələbatını vaxtında cavablandıran proqram səciyyəli, milli jurnalistikamızın inkişafında yeni mərhələ açan tarixi sənəddir.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, media sferasında da dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir. Yeni texnologiyala­rın inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə öz aktuallığı ilə diqqətdədir. Dövlət başçısının mətbuatın müa­sir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, bu sahənin inkişafı istiqamətində islahatları təkmilləşdirmək, Azərbaycan KİV-lərinin dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirmək məqsədilə davamlı addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Ölkəmizdə medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və in­novasiyaların tətbiqinin stimullaşdırılma­sı məqsədilə imzalanan fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılır.

Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin baş­lanmasıdır. Çünki yeni texnologi­yaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Fərmanda qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiya­ların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Çağdaş dünyada söz və mətbuat azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, həm də onun ictimai-siyasi inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün mətbuatımız milli özünüdərkin bərqərar olmasında, insanlarda vətənpərvərlik hisslərinin aşılanmasın­da, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır.

2020-ci ildə yazılı və elektron KİV-lərin istər koronavirus infek­siyası ilə bağlı maarifləndirmə işi­nin gücləndirilməsində, istər bu bəlaya qarşı mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlıq, öz missiyasına uyğun surətdə dövlətçilik prinsiplərini əsas tu­taraq birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanla­rına, televiziya kanallarına və infor­masiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi.

COVID-19-la bağlı özünütəcrid prinsiplərinin qorunması yeni texno­logiyaların inkişafının zəruriliyini daha da qabartdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların videoformat şəklində keçirilməsi hər bir ölkənin bu sahədə də malik olduğu imkanları ortaya qoydu. Azərbaycan bu sahədə də yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində əldə etdiyi təcrübə ilə lider­liyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.

Yeri gəlmişkən yada salaq ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli liderin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul edildi.

Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV formalaşıb. 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır. Bu statistik rəqəmlər Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olma­sının təsdiqidir. Ümumiyyətlə, söz və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq, hazır­da Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır.

Bu gün Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı əsasında KİV-lərin inkişa­fına dövlət dəstəyi konsepsiyasının qəbulu, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi media ictimaiyyətinin mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını məmnunluqla cavablandırması­nın nəticəsidir.

Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın rolu nəzərə alınaraq, hazırda informasiya müharibəsi dövründə müxtəlif dillərdə internet resurslarının yaradılması və fəaliyyət istiqamətlərinin genişləndirilməsi zəruridir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün xarici dillərdə fəaliyyət göstərən internet saytları var və onların sayını artırma­lıyıq. Çünki Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünyanın inkişaf ten­densiyasına hansı töhfələri verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Xüsusilə internet məkanında daha böyük işlər görülməlidir. Çünki məlumatı internetdən əldə edənlərin sayı getdikcə artacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-- media münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, jurnalistlər üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər.

“Azərbaycan Respublikasın­da media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanda əksini tapan müddəalar sırasında “Media haqqında” Azərbaycan Res­publikası Qanununun layihəsinin iki ay müddətində hazırlanıb ölkə Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda önəmli rol oynayacaq.

Sonda qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən medianın inkişafına yönələn addımlar, imzalanan fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının “Əkinçi”dən başlanan yolu­nun uğurlu davamına xidmət edir, “dör­düncü hakimiyyət” kimi dəyərləndirilən mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır.

Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

15 Yanvar 2021 03:37 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə