Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Pakistan arasında saziş imzalanıb

Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən pakistanlı nazir ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli möv­qeyini hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər inkişaf etməkdə olan əməkdaşlıq münasibətlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib.

Görüş zamanı, həmçinin ölkələr arasın­da ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İnsan­lararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ADA Universiteti ilə Pakis­tanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulanıb.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İs­lam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınma­sı, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” sazişi imzalayıblar.

15 Yanvar 2021 03:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə