Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsi

Rusiya və Azərbaycan prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin iştirakı ilə yanvarın 11-də keçirilən Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin daha da möhkəmlənməsi istiqamətində növbəti diplomatik mərhələ, işğalçı ölkənin isə siyasi-hərbi cəhdlərinin daha bir fiaskosu kimi diqqət çəkdi. Bu görüş, eyni zamanda, respublikamızın regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini də qabarıq nümayiş etdirdi.

Dövlətlər arasında təkcə siya­si deyil, həm də iqtisadi, regional əməkadaşlıq məsələlərini nəzərdə tutan və bu il yanvarın 11-də imza­lanan Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi ilə yox, perspektivə istiqamətlənən məsələlərin həyata keçirilməsi ilə sıx bağlıdır. Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması və görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir.

Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatı bir daha təsdiqləyir, eyni zaman­da, kommunikasiyaların bərpası ilə bağlı əks olunan müddəaların həyata keçirilməsi mexanizmlərinin forma­laşdırılması üçün müvafiq vəzifələri müəyyənləşdirir.

Bəyanatda əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşı­maların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanma­sıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Nax­çıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün regi­on ölkələri üçün mühüm önəm daşıyan nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat plat­formasının yaradılması istiqamətində əhəmiyyətli addımdır.

Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə iki komponenti birləşdirir:

– Horadiz–Ağbənd istiqamətində yeni dəmir yolunun çəkilməsi;

– dəmir yolu ilə yüklərin Horadizə çatdırılması, bu coğrafiyada yük terminalının yaradılması, oradan isə avtomobillərlə yüklərin Naxçıvana, Türkiyəyə çatdırılması.

Bütün bunlar deməyə əsas verir ki, nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün geniş imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiberoptik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər.

Prezidentlərin mediaya açıqla­malarından belə başa düşülür ki, müzakirələrin əsas mövzusu ötən il noyabrın 9-da imzalan Bəyanatın 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Ya­xın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqla­malar da onu göstərir ki, danışıq­larda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycanın tərəfindədir. Regiondakı bütün nəqliyyat kommu­nikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi kimi Prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. İndiki üçtərəfli görüşdə də məhz bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində Azərbaycanın mövqeyinin aparıcı olduğundan xəbər verir.

Burada bir məqama da xüsu­si diqqət yetirmək istərdik. Belə ki, Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti fonunda bu ölkənin ictimaiyyətində, eləcə də müxalifətində Azərbaycana qarşı kin-küdurət, ədavət daha da dərinləşib. Təəssüf və təəccüb doğuran haldır ki, erməni cəmiyyəti qəsbkar olduğu halda, dünyaya özünü hər zaman təqib və təzyiqə məruz dövlət kimi tanıtma­ğa, ətrafına havadarlar toplamağa cəhd göstərib, özünü qədim, tarixi ərazilərimizin əsl sahibi, yiyəsi kimi təqdim etməyə çalışıb.

Bax, yuxarıda vurğuladığımız bu amilə əsasən Ermənistanda müxalif siyasi dairələr Vətən müharibəsində parlaq qələbəmizi, ölkəsinin isə acı məğlubiyyətini etiraf etmirlər. Ona görə də yanvarın 11-də keçirilən Moskva görüşündən hələ əvvəl müxtəlif şayiələr əsasında yaratdıqları ajiotajla baş nazir Nikol Paşinyana təzyiq göstərir, onun istefasına nail olmağa çalışırdılar. Buna baxmaya­raq, nəzərdə tutulan Moskva görüşü reallaşdı, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri Qarabağ bölgəsində hərbi əməliyyatlar başa çatdıqdan sonra ilk dəfə olaraq üzbəüz görüşdülər.

Nikol Paşinyanın çıxışından müxalifətin onun əleyhinə istifadə etdi­yi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərdiyini hiss etmək elə də çətin deyildi. Xüsusilə ötən il noyabrın 9-da imzalanan Birgə Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovla­rın dəyişdirilməsi, eləcə də həmin sənəddə yer almayan “Qarabağın sta­tusu” ilə bağlı məsələ Ermənistan baş nazirin təkid etdiyi əsas məsələlər idi. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı heç bir müddəanın yer almaması onu göstərir ki, N.Paşinyanın müxa­lif qüvvələrin istəklərinə əsaslanan məqamlar barədə nəinki razılıq əldə edilib, heç müzakirə belə aparmağa ehtiyac duyulmayıb.

Fikrimizcə, Nikol Paşinyan çıxı­şında səsləndirdiyi hərbi əsirlər və girovlar, əslində, terrorçulardır. Onlar Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərmizdə gizlənərək, təxribatlar törədib, hərbçilərimizi öldürüblər. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə bu barədə deyib: “Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və ora­dan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən no­yabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz si­lahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə bu­rada heç kim bizi ittiham edə bilməz”.

Burada, həmçinin vurğulamaq la­zımdır ki, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiya­larının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Beləliklə, ötən il noyabrın 9-da imzalanan Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin qarşılıq­lı olaraq dəyişdirilməsi haqqında razı­laşma bu hərbçilərə şamil edilə bilməz. Ona görə də Ermənistan siyasilərinin demaqogiyası İlham Əliyevin qəti prinsipiallığı ilə üzləşərək növbəti dəfə iflasa uğradı.

Minsk qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə, ümumiyyətlə, yu­xarıda xatırlatdığımız noyabrın 9-da imzalanan Bəyanatda öz ifadəsini tapmayıb. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşdən sonrakı bəyanatlarında da bu məsələ ilə bağlı heç bir fikir səsləndirilməyib. Deməli, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunma­yıb.

Beləliklə, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ çoxsaylı və daha böyük uğurlarımızın şahidi olacağıq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə