Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şanlı Qələbəmiz Azərbaycanın beynəlxalq miqyasdakı reytinqini daha da yüksəltdi

Yola saldığımız 2020- ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşında əbədi qalacaq. Xalqımız  məhz  bu  ildə həm acılı, həm də sevincli günlər yaşadı. Ötən ilin ilk aylarından dünyanın başı üzərini almış koronavirus kabusu ölkəmizdən də  yan keçmədi. Ancaq dövlət başçımızın düşünülmüş  tədbirləri Azərbaycanı  bu bəladan daha az zərər çəkən dövlətlər sırasına qoşdu. Üstəlik, dövlət başçımızın təşəbbüsü ilə pandemiyadan daha çox əziyyət çəkən dünyanın 30- dan çox ölkəsinə humanitar yardım göstərildi. Əlavə olaraq, Ümumdünya Səhiyyə Təşkilatına  10 milyon  ABŞ dolları həcmində ianə edildi. İlin sonunda isə ölkəmiz  30 ilə yaxın müddətdə davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz gücü ilə cəmi 44 gün ərzində son qoydu.

Bütün bunlar barəsində 2020 - ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə cənab Prezident İlham Əliyev ətraflı məlumat verdi.  Dövlətimizin başçısı koronavirusun  bütün dünya üçün çox böyük  sınaq  olduğunu  və  Azərbaycanın  bu sınaqdan şərəflə çıxdığını  diqqqətə çatdırdı. Ökə başçısı qeyd etdi ki, vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi.  Ölkə prezidenti bildirdi ki, koronavirusa qarşı  peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.

Dünyada COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Pandemiyanın fəsadlarına baxmayaraq, ölkəmiz bir sıra sahələrdə uğurlar da qazanıb. Dövlətimizin başçısı çıxışında bunları  da diqqətə çatdırdı.  Vurğuladı ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb.

Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır.  Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqi artırıldı. Yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Ölkə Prezidenti Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini  də diqqətə çatdırdı. Hesabatda qeyd edilir ki, əhalinin elektrik təchizatı səviyyəsinə görə  Azərbaycan  dünya miqyasında  ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin uzunmüddətli strategiyasına görə   10-cu, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə  24-27-ci yerlərdəyik.

Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Dövlətimizin başçısı bildirdi ki,  bu göstəricilər dünyanın aparıcı və ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.

İlin sonunda Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi və 30 illik münaqişəyə son qoyması dünyada böyük  əks- səda doğurub. 30 il ərzində dünyanən ən reytinqli təşkilatların həll edə bilmədikləri münaqişəni möhtərəm Prezidentimiz 44 gün ərzində icra etdi.  Dövlət başçımız 2020 - ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə  də bu Qələbənin qazanılmasını xüsusi vurğuladı. Dedi ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq, öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlubiyyətə uğratdı. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı  və  3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq.

Bu  tarixi Qələbə  Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar  idddi edirdilər ki,  münaqişənin hərbi həlli yoxdur. Bu, dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın, ayrı - seçkiliyin, siyasi riyakarlığın  təzahürü idi. Müharibə dövründə dövlət başçımız  dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunun şahidi olduq.

Noyabrın 10-da  Azərbaycan  Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  imzaladıqları üçtərəfli bəyanat  bizim qələbəmizi, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirdi. Məhz Azərbaycanın döyüş meydanındakı böyük qələbəsi Ermənistan hərbi-siyasi rəhbərliyini təslim olmağa vadar etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 30 ilə yaxındır  icrasız qalmış BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını  Prezident İlham Əliyev  təmin etdi. Bu, həm də beynəlxalq hüququn, ədalətin təmin olunması deməkdir. Ölkəmizin bu qələbəsi həm də ədalətin qələbəsi idi. Azərbaycanın bu tarixi qələbəsi  digər bölgələrdə olan münaqişələrin həlli üçün də açar rolunu oynayacaq. Beynəlxalq hüquqa əməl edilmədiyi bir şəraitdə digər dövlətlər də eyni üsuldan istifadə edəcək. Bu yolda  Azərbaycan onlara bir nümunə göstərdi.

Dövlərt başçımızn  dediyi kimi,  şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Yanvarın 11- də  Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Dağlıq Qarabağla bağlı   imzalanan ikinci bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir.  Rusiya Prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir.

Moskva görüşündə  möhtərəm Prezidentimiz  İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi.  Azərbaycan Prezidenti   qalib dövlət rəhbəri satusundan,  şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və öz fəaliyyətini məhz bu istiqamətdə qurur.

Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər onu bir daha  gülünc vəziyyətinə qoydu. Çünki onun qaldırdığı məsələlər  müzakirə mövzusu deyildi. Rusiya Prezidenti V.Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili auditoriyaya, Ermənisatan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyildi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Beynəlxalq  miqyaslı aeroportun, hər cür unfrasrtuktura malik yolların, tikintisi, genişmiqyaslı infrastruktura , abadlıq- quruculuq işlərinə başlanılması  bir daha təsdiqləyir ki, yaxın illərdə həmin ərazilər yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcək.

Ağalar VƏLİYEV,
Milli Məclisin deputatı

14 Yanvar 2021 10:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə