Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 4 Bakı şəhəri, 9 yanvar 2021-ci il

Dövlət vəsaitləri hesabı­na maliyyələşdirilən tikinti obyektləri üçün smeta-norma­tiv və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-nor­mativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyun tarixli 254s nömrəli Sərəncamı ilə yaradılmış İşçi qrupun təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2021-ci il oktyabrın 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni sme­ta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu (bundan sonra – resurs metodu) tətbiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın:

2.1. tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminə aid tex­niki-normativ hüquqi aktların təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2021-ci il martın 1-dək təmin etsin;

2.2. tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları almaq üçün müvafiq sorğuların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin;

2.3. tikinti üçün dəmir yolu nəqliyyatı vasitəsilə yükdaşımaların cari qiymətləri səviyyəsində tariflər barədə məlumatları almaq üçün müvafiq sorğu­ların “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təqdim olunması­nı təmin etsin;

2.4. Azərbaycan Respublika­sının ərazisində tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə 1 (bir) maşın-saatın dəyərinin müəyyən edilməsinə aid məlumatların (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükda­şımalar da daxil olmaqla) hazırlanması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsi, həmçinin tikinti resurs­larının cari qiymətlərinin monitorinqinin aparılması, resursların cari qiymətlərinin sistemləşdirilməsi, smeta qiymətlərinin müəyyənləşdirilməsi və təsdiq edilməsi işlərinin yerinə yetirilməsini təmin etsin;

2.5. Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırıl­mış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statis­tika Komitəsinin, Azərbaycan Respubli­kası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla, müşahidə qrupunun (bun­dan sonra – Müşahidə qrupu) yaradıl­masını təmin etsin;

2.6. Azərbaycan Respublika­sının ərazisində tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələrinə əsasən cari qiymətlərin sistemləşdirilməsini, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) 1 (bir) maşın-saatın dəyərinin təyin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsini və 2021-ci il iyulun 1-dək bu Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş cari qiymətlərin informasiya sistemində yerləşdirilməsini, bütün bu məlumatların Müşahidə qrupunun üzvləri tərəfindən müzakirə olunduqdan sonra resurs­ların cari smeta qiymətlərinin təsdiq olunmasını, topluların çap edilməsini və bu sənədlərin özünün rəsmi internet səhifəsində yerləşdirilməsini 2021-ci il avqustun 1-dək təmin etsin;

2.7. Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursla­rın qiymətlərində və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatlarda hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə azı bir dəfə həm tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələri və tikinti maşın və mexanizmlərinin istismar xərclərinin müəyyənləşdirilməsi üzrə hesablamalar, həm də bu Qərarın 4-cü hissəsində göstərilən dövlət orqanlarının (qurumların) Azərbaycan Respublikası­nın Fövqəladə Hallar Nazirliyinə təqdim edəcəyi yeni məlumatlar əsasında re­sursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq və dərc edilməsini təmin etsin;

2.8. Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabı­na maliyyələşdirilən tikinti obyektləri üçün mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni smeta-nor­mativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 1-dək müvafiq normativ-metodik sənədlərin hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

2.9. Azərbaycan Respublikası­nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti üçün layihə işlərinin cari qiymətlərlə hesablanması ilə bağlı təkliflərini 3 (üç) ay müddətində aidiyyəti dövlət orqanları ilə razılaşdır­maqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin;

2.10. tikintidə üstəlik xərclər və sme­ta gəliri üzrə normativlərin, “Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin sax­lanılması xərcləri də daxil olmaq­la), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini bir daha nəzərdən keçirib, onların təsdiq edilməsi üçün təkliflərini 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.11. tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar mü­vafiq işlərin aparılması və mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni normativ-metodik sənədlərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazir­liyinin tabeliyində müvafiq qurumun yaradılması ilə bağlı təkliflərini 2 (iki) ay müddətində Azərbaycan Respublikası­nın Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.12. resurs metodunun tətbiqi ilə əlaqədar layihə-smeta sənədlərinin tərtibində iştirak edən mütəxəssislərin maarifləndirilməsi üçün seminarların təşkili işinin davam etdirilməsini təmin etsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumatlar cari qiymətlərin informasiya sisteminə daxil edildikdən sonra Müşahidə qrupunun hər bir üzvü tərəfindən 20 (iyirmi) gün müddətində baxılmalı və hər hansı qiymətə dair irad olduğu təqdirdə rəy bildirilməlidir. Qeyd olunan müddət ərzində rəy bildirilmədikdə, cari qiymətlər məqbul hesab olunur.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti resurs me­todunun tətbiqinə başlanıldığı vaxtdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim oluna­caq sorğulara əsasən tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları və dəmir yolu nəqliyyatı vasitəsilə 1 (bir) ton yükün daşınması­na (daşınma məsafəsindən və yükün sinfindən asılı olaraq) aid cari qiymətlər səviyyəsində tarifləri operativ qaydada hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim etsinlər.

5. Mülkiyyət formasından asılı ol­mayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən isteh­salçı müəssisə-lərin istehsal etdikləri tikintidə istifadə olunan məhsulların, satış təşkilatlarının realizə etdikləri tikinti materiallarının, məmulatlarının, konstruksiyalarının, mebel-inventar və avadanlıqların buraxılış (satış) cari qiymətləri, həmçinin balanslarında tikinti maşın və mexanizmləri və avtonəqliyyat vasitələri olan təşkilatların tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının 1 (bir) maşın-saatı üçün cari qiymətlər səviyyəsində xərcləri barədə məlumatlar həmin müəssisə və təşkilatlar tərəfindən, dəniz və hava nəqliyyatı növləri vasitəsilə 1 (bir) ton yükün daşınması (daşın­ma məsafəsindən və yükün sinfindən asılı olaraq) tarifləri barədə məlumatlar həmin yükdaşımalarla məşğul olan qurumlar tərəfindən Azərbaycan Res­publikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu Qərardan irəli gələn sorğularına əsasən operativ qaydada təqdim edilsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi inşaat materi­alları, məmulatları, konstruksiyaları, mebel-inventar və avadanlıqlar üzrə vahid mal nomenklaturasının yaradıl­ması məqsədilə Azərbaycan Respub­likası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Göm­rük Komitəsinin və Azərbaycan Res­publikası Dövlət Statistika Komitəsinin iştirakı ilə İşçi qrup yaradaraq, təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Res­publikasının Nazirlər Kabinetinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaş­dırmaqla, resursların cari qiymətlərinin və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların operativ şəkildə toplanmasını və Müşahidə qrupu tərəfindən izlənilməsini təmin edən cari qiymətlərin informasiya sisteminin 2021-ci il mayın 1-dək hazırlanmasını və ona mütəmadi olaraq texniki dəstək göstərilməsini təmin etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni smeta-normativ və qiymətqoyma sisteminə aid tex­niki-normativ hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə (Türkiyə Res­publikasının mövcud təcrübəsinə əsasən hazırlanacaq normativ-metodik sənədlər və informasiya sistemləri daxil olmaqla) aid tədbirlərin və resurs metodu üzrə müvafiq işlərin aparıl­ması və tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin, o cümlədən cari qiymətlərin informasiya sisteminin maliyyələşdirilməsini təmin etsin.

9. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoy-manın resurs metodunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 390 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1587) 1-ci və 4-7-ci hissələri ləğv edilsin.

10. Azərbaycan Respublikasının ərazisində ehtimal olunan qiymətləri 2021-ci il oktyabrın 1-dək hesab­lanmış dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin 1991-ci ilin smeta-normativ və qiymətləndirmə metodikası əsasında qiymət-ləndirildiyi nəzərə alınsın.

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə