Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər həyata keçirir

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. 
Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan Şanlı Qələbənin milli birliyimizin, haqqın və ədalətin zəfəri olduğunu bildirib.
“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddətdə bərpa ediləcəyinə əminlik ifadə olunub. Bu istiqamətdə Qarabağ Dirçəliş Fondunun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılıb.
Vurğulanıb ki, dövlətimizin əldə etdiyi hərbi-siyasi Qələbə 2020-ci ildə dünyada ciddi sosial-iqtisadi sınağa çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər fonunda qazanılıb. Çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində ölkəmizdə pandemiyanın fəsadlarının minimuma endirildiyi, xəstəliyin geniş yayılmasının qarşısı alınmaqla sosial cəhətdən həssas əhali qrupuna davamlı dəstək və iqtisadi dayanıqlılığı təmin etmək məqsədilə vaxtında və operativ qərarların verildiyi xüsusi vurğulanıb.
Ölkə rəhbərliyinin göstərişi ilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasının mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasında, xəstəliyin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımların atılmasında mühüm rol oynadığı bildirilib.
Qeyd edilib ki, pandemiyanın bütün dünyada, o cümlədən Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq, ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılıb. Ötən il Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin tam istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropa məkanına daxil olması ölkəmizin tarixi nailiyyətlərindən biri hesab edilməklə xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirilib, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsi qazanılmış uğurların bariz göstəriciləri olub.
Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu olub. İctimai-siyasi sabitliyin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilib, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu vurğulanıb. Bu münasibətlə Prezident İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirilib, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə olunub.
Xüsusi vurğulanıb ki, Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işlərinin başlanması, döyüş əməliyyatları şəraitində hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi istiqamətində prokurorluq orqanları tərəfindən zəruri tədbirlər görülüb.
Bundan başqa, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilmiş, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, həmçinin atəşkəsin davam etdiyi illər ərzində əldən çıxmış faydanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Eyni zamanda, işğal altındakı ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin aparıldığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılan və işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının, eləcə də işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində də yaxından iştirak təmin edilir.
Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olduğunu qeyd edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən dövlətimizin başçısının verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla, qısa müddətdə prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılıb, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.
Eyni zamanda, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi, “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunub.
Məlumat verilib ki, korrupsiyaya qarşı mübarizə ötən il də diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. 
Ötən il prokurorluq orqanları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də üzərlərinə düşən vəzifələri səylə yerinə yetirərək, karantin, sanitar-gigiyena rejim qaydalarının pozulmasına qarşı kəsərli profilaktiki, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət ediblər.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2020-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində olub. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onların 2-si prokurorluq orqanlarından xaric olunub, 8 nəfər vəzifəsindən azad edilib. Həmçinin 15 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 5 nəfər barəsində isə digər intizam tənbehi tədbiri tətbiq olunub.
Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2020-ci ilin nəticələrinə görə artımın müşahidə olunduğu cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən halların Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
Xüsusilə dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin ardıcıllığı təmin edilməklə bütün neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Sonda 2020-ci ildə görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2021-ci ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcək tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında öz səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

9 Yanvar 2021 11:51 -

Köhnə versiyamızdan xəbərləri izlə