Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musa QULİYEV: Qarabağda həyatı yenidən canlandıracağıq

Azərbaycan ildən-ilə gözəlləşən, inkişaf edən bir ölkəyə çevrilib. İstənilən sahədə - istər mədəniyyət, sosial-iqtisadi, istərsə də səhiyyə baxı­mından dövlətimiz uğurlu addımlar atır və dünya miqyasında böyük nüfuz qazanıb. Təbii ki, bütün bunların hamısı dövlət başçısı, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Onun müdrik lider­liyi sayəsində 2020-ci ildə tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun əzmkar qələbəsi ilə başa çatdı. Ötən ili möhtəşəm bir qələbə ilə geridə qoyduq. Bəs yenicə qədəm qoyduğumuz 2021-ci ildə hədəflərimiz nələrdən ibarət olacaq?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevin “Xalq qəzeti”nə müsahibəsini təqdim edirik.

– Musa müəllim, 2021-ci ildə sosial-iqti­sadi sahədə Azərbaycanın hədəfləri nədən ibarət olacaq?

– Biz dövlət büdcəsini bir neçə gün əvvəl qəbul etdik. Əsas hədəflərimizdən biri şübhəsiz ki, Qarabağda bərpa və quruculuq işləri ilə bağlı olacaq. İşğaldan azad edilmiş torpaqla­rımızın minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və abadlıq-quruculuq işlərinin başlanması möhtərəm Prezidentimizin xüsusi diqqət mərkəzindədir. Digər hədəflərimiz koronavirus epidemiyasının vurduğu zərərlərin, xüsusən iqtisadiyyatda baş verən geriləmələrin aradan qaldırılması, qeyri-neft sektorunun sürətli inkişafının təmin olunması, habelə aqrar və turizm sektorunun canlandırılması­dır. Eyni zamanda logistika sahəsində, yəni nəqliyyat, daşınmalar eləcə də digər sektor­larda iqtisadiyyatı gücləndirmək və qeyri-neft bölməsindən gəlirlərimizi, daxili məhsulumuzu artırmaqdan ibarətdir. Heç şübhəsiz ki, bütün bunların hamısı Azərbaycan vətəndaşının sosial təminatının yaxşılaşdırılmasına və rifa­hının gücləndirilməsinə yönəlir. Bu da növbəti ildəki hədəflərimizdən biridir. Orta aylıq əmək haqqının, pensiya və müavinətlərin artırılması ilə əlaqədar cənab Prezident fərman verdi. Bir sıra təqaüd alan şəxslərin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid ailələrinin, Qarabağ əlillərinin, birinci qrup əlilliyi olan şəxslərin təqaüdləri artırıldı. Eyni zamanda alimlər üçün yeni təqaüd təşkil olundu. Bütün bunların hamısı təbii ki, bizim sosial-iqtisadi inki­şafımızın əsas hədəfləri olacaq.

– Prezident İlham Əliyevin fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı. Bu fondun əhəmiyyəti nədən ibarət olacaq?

– Biz artıq Qarabağın dirçəlişinə artıq başlamalıyıq. Qarabağda məskunlaşmanı nə qədər tez mümkündürsə, həyata keçirməliyik. Çünki 30 ildən artıqdır ki, bizim məcburi köçkün vətəndaşlarımız öz doğma dədə-baba yurdla­rına dönmək arzusu ilə yaşayırdılar. Eyni za­manda Qarabağın həm təbii sərvətlərinin, həm də təbiətinin bizə verdiyi imkanlardan istifadə edərək ölkəmizin maddi qüdrətini artırmaq üçün müəyyən işlər görməliyik. Fondun yaradılması dövlət, özəl sektor və vətəndaş həmrəyliyinin bir ifadəsidir. Təbii ki, dövlət tərəfindən ilbəil ora vəsait ayrılacaq. Qarabağın dirçəldilməsi ilə bağlı 2 milyard 200 milyon manat bu il üçün nəzərdə tutulub, əlavə mənbələr də var və onlardan da istifadə olunacaq. Bu fondun yaradılması isə özəl sektorun, o cümlədən hər bir Azərbaycan vətəndaşının bu işdə öz töhfəsini verməyə hesablanıb. Bu da tamamilə məntiqi bir məsələdir. Çünki hər bir Azərbaycan vətəndaşı uzun illərdir gözləyirdi ki, Qarabağ işğaldan azad olunsun, Qarabağda biz öz dövlətimizin müstəqilliyini və ərazi bütövlü­yümüzü təmin edək və orada yenidən həyatı canlandıraq. Hər bir vətəndaşımız qarabağlı olub-olmamasından asılı olmayaraq bu işdə iştirak etmək istəyir. Fondun yaranmasının bir məqsədi də bundan ibarətdir. Digər tərəfdən bu işlərin idarə olunması, planlaşdırılması vahid bir məqsədə istiqamətləndirilməsi üçün bu cür fon­dun yaradılması çox əhəmiyyətlidir. Həmçinin Azərbaycandan kənarda yaşayan soydaşları­mız, o cümlədən Azərbaycanı sevən hər bir in­san bu işə öz töhfəsini verə bilər. Hesab edirəm ki, bu da vətəndaş birliyinin bir ifadəsi olacaq.

– Qazilərimizin, şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması üçün dövlət öz üzərinə missiya götürüb və əlindən gələni edir. Necə düşünürsünüz, bəs cəmiyyət olaraq nələri etməliyik?

– Əlbəttə, cəmiyyət olaraq biz də iştirak edi­rik. Bilirsiniz ki, bundan əvvəl cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yarala­nanların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradıldı. Fondun əsas məqsədi dövlətlə yanaşı, vətəndaşlarımızın da bu humanist məsələdə iştirakını təminetmə imkanlarının hüquqi əsaslarını yaratmaqdan ibarətdir. Şübhəsiz ki, hər birimizin borcu­dur ki, o insanlara sayğı, hörmət göstərək onların xatirəsini yad edək, qazilərimizin qəhrəmanlıqlarını əsərlərimizdə vəsf edək. Orta məktəblərdə qazilərimizlə görüşlər təşkil edib, eləcə də gənc nəslin milli vətənpərvər ruhda tərbiyəsi üçün onların qəhrəmanlıqlarını gənclərə çatdırmaq üçün lazımi işlər görülür. Eyni zamanda bu insanların sosial təminatını, sosial müdafiəsini gücləndirməkdən ötrü dövlətin proqramları var, onlara uyğun ola­raq o insanlara bir sıra güzəşt və imtiyazlar müəyyənləşdirilir, təqaüd və müavinətlər verilir. Eyni zamanda, şəhid ailələrinin məşğulluğunun kvota əsasında təmin olunması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən hər cür şəraiti olan mənzillərin onlara verilməsi, tibbi göstərişi olan Qarabağ əlillərinə avtomobillərin və digər reabilitasiya vasitələrinin verilməsi, onların müalicəsi, övlad­larının dövlət hesabına təhsil müəssisələrində oxumaları üçün büdcədən təhsil haqlarının ödənilməsi və sair istiqamətində imtiyazlar və güzəştlər müəyyənləşdirilərək həyata keçirilib. Bəs, vətəndaş olaraq biz nə iş görə bilərik? Hər bir vətəndaşın fərdi qaydada nəyisə görməsinin o qədər də tərəfdarı deyiləm. Çünki bəzən bir istiqamətə, tutaq ki, bir şəhid ailəsinə və yaxud da Qarabağ əlilinə 10 adamın yardı­mı çatır, doqquzuna isə heç kəsin yardımı çatmır. Bu mənada “YAŞAT” Fondunun yara­dılması tənzimləyici bir funksiya daşıyacaq, bütün vəsaitlər toplanacaq, həm də fondun əməkdaşları ehtiyacı olan Qarabağ əlilləri, şəhid ailələri ilə görüşəcək. Eyni zamanda müraciətlər əsasında onlara lazımi dəstək göstəriləcək.

– Azərbaycan döyüş meydanın­da düşməni məğlub etdi. İndi isə biz gözəgörünməz düşmən ilə mübarizəmizi da­vam etdiririk. Necə düşünürsünüz, dünyanı cənginə alan koronavirus nə zaman bitəcək və özümüzü qorumaq üçün hansı tədbirləri görməliyik?

– Mən bu sahədə kifayət qədər optimistəm və hesab edirəm ki, əgər 2020-ci ildə erməni virusu üzərində zəfərimiz təmin olundusa, 2021-ci ildə də çox güman ki, koronavirus pandemiyasına qalib gələcəyik. COVID-19-a qarşı Azərbaycan sistemli şəkildə, ardıcıl, məqsədyönlü və ən uğurlu mübarizə aparan, uğurlu nəticə əldə edən ölkələrdən biridir. Pandemiya başlayandan cənab Prezidentin təşəbbüsü ilə BMT səviyyəsində Azərbaycan bütün tədbirlərdə fəal iştirak edib. Ölkəmizin müraciəti və təşəbbüsü ilə dekabrın 3-4-də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası ke­çirildi. Bu, Azərbaycanın beynəlxalq səviyyədə koronavirusla mübarizədə təşəbbüslərinin əhəmiyyətinin tarixi nümayişi oldu. Yaxın vaxtlarda biz də vaksinasiyaya başlayacağıq. Düşünürəm ki, vaksinasiyadan sonra koro­navirus epidemiyasının sonu gəlib çatacaq. Zənnimcə, artıq yaz aylarında biz COVID-19-un qurtardığının şahidi olacağıq. Yalnız ondan son­ra ola bilər ki, epizodik şəkillərdə koronavirus özünü qrip, qripə bənzər bir formada göstərsin. Bu virusun bizim Yer kürəsindən yox olması yəqin ki, hələlik uzun illər mümkün olmayacaq. Amma hər halda virusun pandemiya şəklində yayılması və xeyli sayda insanın həyatını itirməsi bu ilin yaz aylarında çox güman ki, sona çatacaq.

Şahxanım ƏLİZADƏ, “Xalq qəzeti”

7 Yanvar 2021 23:49 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə