Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Sizə doğum gününüz münasibətilə səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram. Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.

Azərbaycanın regionun sabitliyinə ən böyük təhdidlərdən birini uğurla geridə qoyduğu bu dönəmdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmaq və tərəqqi əldə etmək üçün Sizinlə işləməyə hazırıq.

Dərin hörmətlə,

Məhəmməd Əşrəf QANİ
Əfqanıstan İslam Respublikasının Prezidenti

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adın­dan və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə həyata keçirilən strateji fəaliyyət xətti sayəsində dünya dövlətləri arasında nüfuzunu daha da möhkəmləndirib və regional siyasətin formalaşdırılmasında aparıcı dövlətə çevrilmişdir.

Türk Şurasının yaradılması və daha da gücləndirilməsində qardaş Azərbaycanın mühüm rolunu bir daha qürurla vurğulamaq istərdim. Sizin sədrliyiniz dövründə Türk Şurası regionu­muzda daha cəlbedici platformaya çevrilib. Zati-alinizin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşü bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəyliyin və birliyin nümayişi olaraq beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırıb. Məhz Sizin irəli sürdüyünüz təşəbbüsləri rəhbər tutaraq, Türk Şu­rası Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx tərəfdaşlıq münasibətləri qurub.

Zati-aliləri, Sizin Ali Baş Komandan kimi sarsılmaz iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqı və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazandığınız tarixi qələbə təkcə qardaş Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyinə çevrildi. Müasir Azərbaycan tarixinə böyük hərflərlə yazılacaq bu tarixi zəfərinizlə Siz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiniz, Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyünün bərpasına nail oldunuz, regionumuzda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün şərait yaratdınız.

Habelə xüsusi olaraq vurğulamaq istərdim ki, noyabrın 10-da imzalanmış bəyanatda Sizin təkidinizlə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edəcək dəhlizə dair müddəanın təsbit edilməsi bölgədə uzunmüddətli sülhə və tərəqqiyə öz töhfəsini verməklə yanaşı, qardaş ölkələrimiz arasındakı quru bağlantısını bərpa edərək Türk Şurası çərçivəsindəki inteqrasiya proseslərinin inkişafına da təkan olacaqdır.

Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə üzv ölkələrimiz arasındakı çoxtərəfli əməkdaşlıq münasibətləri bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

Bağdad AMREYEV
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi

Zati-aliləri!

Doğum gününüz münasibətilə Sizə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Sizin Azərbaycanın iqtisadi və sosial tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması və əməkdaşlığının genişləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirir.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikası bu gün həyatın bütün sahələrində da­nılmaz nailiyyətlər qazanıb. Yola salmaqda olduğumuz ilin əhəmiyyətli və tarixi hadisələri Sizin çoxşaxəli fəaliyyətinizi və görkəmli dövlət xadimi kimi rolunuzu bir daha nümayiş etdirdi, dərin hörmət və ehtirama layiq olduğunuzu göstərdi.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyə doğru mütərəqqi addımlarla irəliləyəcəkdir.

Fürsətdən istifadə edərək ölkənizin “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi kimi səmimi və xoş arzularımı çatdırıram.

Hörmətlə,

Asset ASSAVBAYEV
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi

Zati-aliləri!

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyi adından doğum gününüz münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Hökuməti və BMTİP arasın­dakı uzunmüddətli səmərəli tərəfdaşlığa görə Sizə minnətdarlığımı bildirir, Azərbaycan xalqının dayanıqlı və firavan gələcəyi naminə birgə səylərimizi davam etdirmək əzmində olduğumuzu bir daha vurğulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

Alessandro FRAKASSETTİ
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi

Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi istiqamətində aparılan siyasəti dəstəkləyir, Uca Allahdan bu yolda Sizə uğurlar diləyirik.

Bu il Sizin və ümumiyyətlə Azərbaycan xalqı üçün əlamətdar bir ildir. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu müharibə göstərdi ki, Azərbaycan müasir, güclü ordusu olan və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

Siz Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə vermisiniz. Azərbaycan-Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim dəstək göstərəcəyimizə Sizi əmin edirik.

Fürsətdən istifadə edərək təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Doğum gününüzü bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Cemal YANGIN
Azərbaycan–Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin həyat və fəaliyyətiniz Azərbaycanın həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Başa çatmaqda olan ilin noyabr ayında Siz mərdanə və müdrik qərar qəbul etməklə adınızı doğma Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız, Azərbaycan xalqı ilə birlikdə çox qısa müddətdə sülhə və dövlətin ərazi bütövlüyünü bərpa etməyə nail oldunuz.

Əminəm ki, Prezident vəzifəsində Sizin çoxşaxəli fəaliyyətiniz Azərbaycanın əməksevər xalqının firavanlığı, ölkənin müstəqilliyinin möhkəmlənməsi və iqtisadi potensialının artırılması işinə töhfə verəcək.

Hörmətli cənab Prezident, Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycan xalqına isə rifah, tərəqqi və uğurlar diləyirəm.

Hörmətlə,

Mayis MƏMMƏDOV
Novosibirsk vilayəti Qanunvericilik Məclisinin Nəqliyyat, sənaye və informasiya siyasəti komitəsinin sədri

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasında gördüyümüz inkişaf, əldə edilən bütün uğurlar Sizin adınızla bağlıdır, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl xarici və daxili siyasətin nəticəsidir. Əminik ki, bundan sonra da ölkəmizin və xalqımızın mənafeyinin qorunmasına, Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə töhfəniz davamlı olacaqdır.

Biz işğal altında olan qədim Qarabağımızı Sizin rəhbərliyinizlə azad etdik. 44 günlük Vətən müharibəsində Sizin – müzəffər Ali Baş Komandanı­mızın, yenilməz, rəşadətli ordumuzun, Sizə inanan, Sizi sevən Azərbaycan xalqının sayəsində qazanılan tarixi qələbəni böyük iftixar və əvəzolunmaz qürur hissi ilə qeyd etdik. Bu gün biz dünya azərbaycanlıları Sizin sayənizdə XXI əsrə adımızı qalib xalq kimi qızıl hərflərlə yazdıq. Siz həm siyasi, həm də hərbi sahədə əvəzolunmaz lider və müdrik sərkərdə olduğunuzu bütün dünyaya nümayiş etdirdiniz. Sizin hər müraciətiniz, hər çıxışınız dünya azərbaycanlıları və bizə dəstək olan ölkələrdə məmnunluqla izlənildi. Düşmən və düşmənin tərəfini tutan hər kəs tarixi və sarsıdıcı cavabını aldı. Biz fəxr edirik ki, azərbaycanlıyıq və Sizin kimi müdrik Prezidentin rəhbəri olduğu ölkənin vətəndaşlarıyıq. Tanrı Sizi qorusun.

Biz Sizə inanır və güvənirik. Hər zaman Sizin əmr və göstərişlərinizi rəhbər tutaraq Azərbaycanın haqq səsini, haqlı mövqeyini istər Polşa, istərsə də dünyanın müxtəlif ölkələrinin ictimaiyyətlərinə çatdırmağa və ölkəmizi layiqli şəkildə təmsil etməyə davam edəcəyik.

Bu gün Siz bütün qüvvənizi, təcrübənizi və biliklərinizi xalqın rifahının yaxşılaşdırılmasına yönəldərək planlarınızı uğurla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və uzaqgörən siyasətiniz ölkənin sosial-iqtisadi inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin və rifahının yüksəldilməsinə şərait yaradır. Sizin fəaliyyətiniz, dövlətimizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana təmənnasız xidmətin parlaq nümunələridir.

Siz müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək, ulu öndərimizin daxili və xarici siyasətini davam və inkişaf etdirərək, tapşırıq və göstərişlərini rəhbər tuta­raq Azərbaycan dövlətçiliyini uğurla möhkəmləndirirsiniz. Azərbaycan Sizin rəhbərliyiniz dövründə mühüm uğurlar qazanıb. Əminik ki, Sizin ali dövləti fəaliyyətiniz bundan sonra da ölkəmizin hərtərəfli tərəqqisinə və iqtisadiyya­tımızın inkişafına şərait yaradacaq. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada öz sözünü deyən, güclü, uğurlu və inkişaf edən ölkədir.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Polşa Azərbaycanlıları Şurasının üzvləri və Polşada yaşayan azərbaycanlılar adından Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycanın inkişafı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Fərid CƏFƏRLİ
Polşa Azərbaycanlıları Şurasının sədri

Möhtərəm cənab Prezident!

Moldova Azərbaycanlıları Konqresi və Moldovada Azərbaycan dias­poru Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir.

Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, böyük planlarınızın uğurla reallaşmasını arzulayırıq.

Siz Azərbaycanın müasir tarixinin mühüm şəxsiyyətinə çevrilmisiniz. Bütün dünya Sizin rəhbərliyinizlə Azərbaycan xalqının sıx birləşməsinə, Qarabağın erməni işğalından çoxdan gözlənilən xilasına və Vətənimizin tarixi sərhədlərinin bərpasına şahid oldu.

Ədalət uğrunda mübarizədə qəhrəmanlıq, Azərbaycan xalqının onilliklər boyu gözlədiyi rəşadət və qələbə Sizin adınızla həmişəlik bağlıdır. Qorxubilməz lider, böyük strateq və qətiyyətli siyasi xadim – bu gün Azərbaycan özünün belə Prezidenti ilə fəxr etməkdən şərəf duyur. Biz xalqımızın belə lideri ilə fəxr edirik!

Cənab Prezident, bu əlamətdar gündə Sizə uzun ömür, əmin-amanlıq, Azərbaycan və onun xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar, qələbələr və nailiyyətlər arzulayırıq.

Qoy, Sizin doğma ölkənizin iqtisadiyyatının, mədəniyyətinin, sosial həyatının inkişafına yönəlmiş səyləriniz qeyd-şərtsiz dəstəklənsin və gerçəkləşsin! Vətənin firavanlaşması üçün Sizin bütün təşəbbüsləriniz və işləriniz daim uğurlu olsun!

Hörmətlə,

Moldova Azərbaycanlıları Konqresinin Şurası adından

Elçin BAYRAMOV, sədr,

Ramil ADIGÖZƏLOV, Marif BERQAN,

Zamin BAYRAMOV, Zamir QUBADOV,

Aynurə ƏBDÜLRƏHIMOVA, Mahizər MƏMMƏDOVA,

Ramiz ƏNSƏROV, Röya ZAMANOV

29 Dekabr 2020 04:19 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə