Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nailə Vəlixanlı – 80

Alim ömrünün işığı

AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlının anadan olmasının  80 ili  tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Nailə Vəlixanlı” adlı virtual sərgi təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, elmi redaktoru, tərtibçisi olduğu kitablar, haqqında yazılan məqalələr nümayiş olunur.
Nailə Vəlixanlı Vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi xidmətləri olan alimlərimizdəndir. Elmi əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun ərəb xilafəti tərkibində mövqeyi, sosial iqtisadi münasibətlər, siyasi-mədəni tarix və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakimlik edən erməni-sovet ənənəsini sındırmaqla tarixşünaslığımızda yeni mərhələ açmışdır. Akademik Nailə Vəlixanlı alim kimi tariximizin şanlı səhifələrinə işıq salmış, elmin çətin, mürəkkəb yollarından keçərək zirvəyə ucalmağı bacarmışdır.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirəndən sonra Nailə Vəlixanlı Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında hazırlıq keçmiş və həyatını bu elm ocağı ilə bağlamışdır. Burada o, 1968-ci ildə namizədlik, 1994-cü ildə EA-nın Tarix İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, biri digərindən maraqlı, dəyərli əsərlər yazıb-yaratmışdır.
Nailə Vəlixanlının namizədlik dissertasiyasının və ümumiyyətlə, ona elmdə yol göstərən rəhbəri orta əsr Şərq tarixinin ən tanınmış tədqiqatçılarından biri, Azərbaycan tarix elminin korifeyi, akademik Ziya Bünyadov olmuşdur. Ziya Bünyadov məktəbinin layiqli davamçısı kimi Nailə Vəlixanlının vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi yeri var. Əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinə, regionun ərəb xilafətinin tərkibində mövqeyinə, ­sosial-iqtisadi münasibətlərinə, tarixi-coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakim olan köhnə sovet ənənələrini sındırmaqla tarixşünaslığımızda yeni mərhələ açmışdır. Alim ərəbdilli mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair bir neçə sanballı monoqrafiyanın, 200-dən çox elmi məqalə və resenziyanın müəllifidir. N.Vəlixanlı yeddicildlik “Azərbaycan tarixi”nin II cildinin məsul redaktoru və əsas müəlliflərindəndir. Görkəmli alimin “IX-XI əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında”, İbn Xordadbehin “Ölkələr və yolların kitabı”, “Naxçıvan--ərəblərdən monqollaradək (VII-XII əsrlər)”, “Ərəb Xilafəti və Azərbaycan” adlı monoqrafiyaları, “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu və s. əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Akademik N.Vəlixanlı həm də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə sıx əməkdaşlıq etmiş, burada çoxsaylı materiallar dərc etdirmişdir.
Ölkəmizin elmi ictimaiyyəti  Nailə xanım tərəfindən görülən işləri və onun istedadını həmişə yüksək qiymətləndirirlər. O isə öz növbəsində, həmkarlarının uğurlarına sevinməyi və nailiyyətlərinə qiymət verməyi bacaran bir tədqiqatçıdır.
Akademik Nailə Vəlixanlının rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktoru yetişmişdir. Məhsuldar elmi fəaliyyəti ilə yanaşı, N.Vəlixanlı 30 ildən çox Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Universitetində Vətən və Şərq tarixi, mənbəşünaslıq, tarixşünaslıq və s. fənnlər üzrə mühazirələr oxumuş, elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak etmişdir.
1998-ci ildən öz taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, özünü bacarıqlı elmi və inzibati təşkilatçı kimi də təsdiq etdi. Nailə Vəlixanlının yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə muzeydə fondlar və orada qorunan eksponatlar öz xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri muzeyin laboratoriyasında bərpa edilmiş, ekspozisiyaların yeniləşməsi üçün müvafiq avadanlıq alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzeyin tarixində ilk dəfə olaraq elmi kataloq, kitab-albomların çap olunması təşkil edilmiş, muzeyin elmi əsərlərinin nəşri bərpa edilmişdir. Xarici ölkə muzeyləri və alimləri ilə sıx elmi əlaqələr qurulmuş, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrin muzeylərində nümayiş olunmuşdur.
Akademik Vəlixanlı  Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının, Elmi İslahatlar aparan Respublika Komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin redaksiya heyətinin üzvü, “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının, “Azərbaycan Tarixi Muzeyi” toplusunun baş redaktorudur.
Akademik çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı və onun tarixini həmişə uğurla təmsil etmiş və etməkdədir. Onun elmi məruzələri maraqla qarşılanır və geniş müzakirələrə səbəb olur.
Təvazökar və ləyaqətli alim bəlkə də karyera haqqında hər şeydən az düşünmüş, lakin onun elmdəki fədakarlığı diqqətdən qaçmamış və yüksək səviyyədə qiymətləndirilmişdir. 2001-ci ildə Nailə Vəlixanlı AMEA-nın müxbir, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. 2007-2012-ci illərdə isə o, AMEA-nın ilk qadın vitse-prezidenti olmuş və bu məsul vəzifənin öhdəsindən uğurla gəlmişdir.
Azərbaycan dövləti akademik Nailə Vəlixanlının əməyini yüksək dəyərləndirmişdir. O, 1970-ci ildə “Rəşadətli əməyə görə” medalına, 2010-cu ildə isə “Şöhrət” ordeninə layiq görülmüşdür.  O, həm də Əməkdar elm xadimidir.
Azərbaycanın elmi ictimaiyyəti, eləcə də  dostları, həmkarları, tələbələri əziz Nailə xanımı yubiley münasibətilə təbrik edir, ona cansağlığı və elmə olan həvəsinin daim yüksək olmasını arzulayırlar.                                                       
Hazırladı: 
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

26 Dekabr 2020 11:51 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə