Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad edilmiş torpaqlara həyat yenidən qayıdacaq

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. İşğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”. Bunu Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib. Ali Baş Komandan deyib ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da.

Bərpa işlərinə Suqovuşan istiqamətində çəkilən yolla başlandı. Sonra Füzuli-Şuşa avtomobil və Bərdə–Ağdam dəmir yollarının tikintisinə start verildi. Azərbaycan Prezidenti qısa zaman ərzində infrastrukturun, mül­ki obyektlərin və yaşayış binalarının bərpa ediləcəyini, məcburi köçkünlərin doğma yurdla­rına qayıdacağını bütün çıxışlarında vurğulayıb və bəyan edib ki, Qarabağ əsl cənnət məkanına çevriləcək.

Füzuli şəhəri işğaldan azad ediləndə orada bircə salamat bina qalmamışdı. Hətta bayrağı­mızı asmağa belə yer tapılmamışdı.Bu şəhərdə 10 minlərlə insan yaşayırdı. Ağdam, Cəbrayıl rayonu xarabalığa çevrilmışdır. Bəli, bu vəhşilər hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da söküb aparıblar.

Artıq ölkəmizin yeni dövr tarixi başlayır. Bu gün dağıdılmış bölgələrin yenidən qurulması qarşıda duran mühüm vəzifədir. Artıq yeni inf­rastruktur layihələrin icrasına start verilib.

Prezident İlham Əliyev bu barədə İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də ətraflı məlumat verib. Dövlət başçımız bildirib ki, indi bərpa dövrü başla­yır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektu­ra Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla, ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumla­rın mütəxəssisləri cəlb edilib və onlara müvafiq tapşırıqlar verilib.

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdi ki, Şuşa əcdadlarımızın yaratdığı böyük abidə, xalqımızın tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən muzeydir.

Bu şəhərin bərpası ilə bağlı yaradılan işçi qrupun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitek­tura görünüşünün, yolların və digər infrastruktu­run dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Azərbaycan Respublikası Prezidentinin tap­şırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.

Artıq Şuşaya yeni magistral yol çəkilir, davamlı elektrik enerjisi, qaz, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilməyə başlanıl­mışdır.

Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastruktu­run yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işləri yekunlaşdırılmışdır.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiqi etməklə 110/35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsu­si əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start vermişdir.

İşğaldan azad edilmış ərazilərin su təminatı da diqqət mərkəzindədir və bu sahədə yeni layihələr həyata keçirilməyə başlanılmışdır.

İşğaldan azad edilmış şəhər və kəndlərimizin bütün infrastrukturları bərpa edildikdən sonra əhalinin öz doğma yurdlarına dönüşü başlanacaqdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

22 Dekabr 2020 01:10 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə