Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Əfqanıstan arasında təhlükəsizlik fəaliyyəti üzrə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun da iştirak edib.

AZƏRTAC DTX-nin saytına isti­nadla xəbər verir ki, görüşdə general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi tərəqqi siyasəti və hüquq-mühafizə sahəsində aparılan islahatlar, beynəlxalq terrorçuluqla mübarizə, ümumilikdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikası­nın Prezidenti Əşrəf Qaninin ümumi səyləri nəticəsində xalqlarımız arasın­da inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması üzrə tərəfdaşlığın gücləndirilməsinə də xidmət edir. General-polkovnik Əli Nağıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasına Əfqanıstan tərəfindən verilmiş siyasi və diplomatik dəstəyi xüsusi vurğulayıb və bu cür davamlı təmasların ölkələrimiz, eləcə də müvafiq təhlükəsizlik strukturları ara­sında əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunma­sı sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Onlar xalqları­mızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

22 Dekabr 2020 01:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə