Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər paradı tarixə qızıl hərflərlə yazılacaq

Bu il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş təntənəli Zəfər paradının keçirilməsi xalqımızın tarixində olduqca parlaq bir hadisədir. Mən bu möhtəşəm tədbiri televizyadan sonsuz maraqla izlədim və sözlə ifadə edilməyəcək dərəcədə böyük qürur duydum.

Əlamətdar haldır ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər. Hesab edirəm ki, Zəfər paradımız öz möhtəşəmliyinə görə, son onilliklərin ən gözəl paradlarından­dır. Zərrə qədər şübhə etmirəm ki, Zəfər paradımız tarixə qızıl hərflərlə yazılacaq.

Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texni­ka, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev pa­raddakı parlaq və dərin məzmunlu çıxışında dedi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu qələbəni yüksək peşəkarlıq, qeyri-adi qəhrəmanlıq, sarsılmaz milli ruh, birlik hesabına qazanmışdır. Xalqımız müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə əldə etmişdir. Təbii ki, bu, son dərəcə böyük uğurdur. Azərbaycan xalqı indi tarixinin ən şanlı günlərini yaşayır. Qəlbim köksümə sığmır. Buna necə sevinməmək olar?!

Bizim hər birimiz özümüzü qalib xalqın nümayəndələri kimi xoşbəxt hiss edirik. Biz bu müharibədə haqlı tərəf idik. Biz ədalətli mücadilə apa­rırdıq. Bizim mərd, igid oğullarımız öz doğma torpaqlarını yağı düşməndən azad etmək uğrunda canlarından belə keçirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tez şəfa tapsınlar. Amin!

Bəli, bu, tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. Nəhayət, haqq-ədalət öz yerini tapdı.

Tədbirdə Türkiyə Respubli­kasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da parlaq çıxış edərək dedi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qar­daşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir”.

Qardaş ölkənin dövlət başçısı həmçinin bildirdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir.

Sonda bir məqamı da qeyd etmək istəyirəm. Düşmən Qarabağın işğal altında olan kənd və şəhərlərini yerlə-yeksan etmiş, bununla da öz mənfur xislətini bir daha göstərmişdir. Lakin Azərbaycan xalqı yenidən həmin yaşayış məntəqələrini tikib-quracaq, yeni evlər, məktəblər, xəstəxanalar inşa edəcək. Çünki, biz erməni van­dallarından fərqli olaraq qurub-yara­dan xalqıq.

İlham MAZANLI,
Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının dosenti

22 Dekabr 2020 00:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə