Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfasənəyə dönən Cəbrayıl Dövlətzadə...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən müharibəsində şəhid olmuş 19 yaşlı əfsanəvi əsgər Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə ilə görüşüb.

Şəhid anasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində Tarixi Zəfəri münasibəti ilə təbrik edən Komitə sədri, “Vətən Müharibəsində parlaq qələbəmiz münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailələrisiniz” – deyib.

Q.Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr tarixli Sərəncamlarla Cəbrayıl Dövlətzadənin yüksək dövlət təltifi olan “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” medalına layiq görülməsini qürurverici hadisə adlandırıb:  “Cəbrayıl bir gündə iki təltifə layiq görülüb. Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində fədakarlıq göstərdiyinə, öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə təltif edilib. Cəbrayıl kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ruhu şad olsun”!

Şəhid anası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona Tarixi Zəfər münasibəti ilə Mədəniyyət komitəsi adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.

Məleykə Məmmədzadə səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.

Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Dekabr 2020 14:50 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə