Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən yaxşı futbolçusu məlum oldu

FIFA 2020-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. Bu ada Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski sahib çıxıb. Polşalı hücumçu İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və İspaniya "Barselona"sından Lionel Messini üstələyib. 32 yaşlı forvard Şərqi Avropanın ikinci, İspaniyadan kənar ölkənin çempionatının isə birinci təmsilçisi olub.

2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə ötən il yiyələnib.

Levandovski bu il "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.

Təcrübəli forvard Messi və Ronaldu istisna olmaqla, 2005-ci ilin ən yaxşısı sayılan Ronaldinyodan sonra FIFA-nın ali mükafatına layiq görülən ilk hücumçudur.

Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanıb. Koronavirus pandemiyası üzündən mükafatlandırma mərasimi onlayn formatda təşkil olunub. Bununla belə, FIFA prezidenti Canni İnfantino mükafatı təqdim etmək üçün Levandovski ilə şəxsən görüşüb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

18 Dekabr 2020 11:21 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə